"Polis rəisi dedi ki, onlar əli hər yerə çatan iş adamının qohumudur, biz həbs edə bilmərik" - DAŞKƏSƏN SAKİNİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT

30-03-2024, 00:08           
"Polis rəisi dedi ki, onlar əli hər yerə çatan iş adamının qohumudur, biz həbs edə bilmərik" -
Daşkəsən rayonu, Quşçu körpü qəsəbəsinin sakini Əmiraslanov Habil Yəhəd oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə dövlət qurumlarına müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Mən, Əmiraslanov Habil Yəhəd oğlu, yazaraq sizdən və dövlət qurumlarından kömək istəyirəm. Qeyd edim ki, şikayətimə baxılmadığından mətbuat vasitəsilə müraciət edirəm.

Həyətimizdə bir neçə baş dana saxlayıb, onunla dolanırdıq. Qapıda heyvan saxlamaq çox baha başa gəldiyindən, mən də hər kəs kimi örüşə göndərirdim. Mən hardan bilərdim ki, heyvanlarım bir-bir oğurlanacaq?!

2023-cü il, iyul ayının 2-də heyvanları otlamaq üçün örüşə yola saldım. Sonra dananın birinin örüşdən oğurlandığını bildik. Dərhal oğurluqla bağlı Daşkəsən rayon Polis Şöbəsinə müraciət etdim. Ümidim var idi ki, tapılacaq, amma...

İyulun 23-də yenə bir baş dana örüşdən oğurlandı. İkinci dəfə yenə Polis Şöbəsinə məlumat verdim. Əvvəlki heyvanla bağlı məlumat almaq istəsəm də, bildirdilər ki, hələ tapılmayıb. Yenə bildirdim ki, xahiş edirəm mənə köməklik edin.

Bir müddət sonra hərbi xidmətdə olan oğlumun andiçmə mərasiminə getdik. Gələndə gördük ki, heyvanın 2-də oğurlanıb. "Bu qədər də olmaz" deyib, yenidən Daşkəsən rayon Polis şöbəsinə üz tutdum. Amma yenə də çarəsiz vəziyyətdə evə qayıtdım.

Müəyyən müddətdən sonra bilindi ki, heyvanları Samux rayon sakinləri Eyvazov Yusif, Ələkbərov Nofel və Əliyev Həsrət oğurlayıb. Lakin polis bu şəxslərə toxuna bilmir. Bildiyimə görə, bu, həmin oğruların arxasında dayanan vəzifəli şəxsə görədir.

Beləliklə, nə heyvanlarım qaytarılmır, nə də oğrular həbs olunmur.

Daşkəsən rayon Polis Şöbəsinin rəisi mənə deyir ki, "onlar imkanlı, əli hər yerə çatan iş adamının qohumudur, biz onları həbs edə bilmərik".

Mən aidiyyəti dövlət qurumlarından xahiş edirəm ki, heyvanlarımın qaytarılması üçün kömək etsinlər. Bu 3 oğrunun arxasında duran vəzifəli şəxs o qədərmi aciz adamdır ki, kasıbın malını oğurladıb, dalına keçir?!"

Məsələ ilə bağlı Daşkəsən Rayon Polis Şöbəsi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.