Saxta yağları ölkəyə kimlər gətirir? – ARAŞDIRMA

30-03-2024, 11:34           
Saxta yağları ölkəyə kimlər gətirir? – ARAŞDIRMA
Ötən gün Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb. Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan nəzarət tədbirləri zamanı satış yerlərində olan “Saklıvadi” əmtəə nişanlı zeytun yağlarının fərqli qablaşdırılması və etiketlənməsi, idxal sağlamlıq aktı və müvafiq müşayiətedici sənədlərinin olmaması məhsulların mənşəyi barədə əsaslı şübhələrə səbəb olub.

Qida insan sağlamlığına birbaşa təsir göstərən amildir. Lakin qida bazarında vəziyyətin ürəkaçan olmaması istehlakçıların onlara təklif edilən məhsulların keyfiyyətinə və istifadəsinə dair qeyri-əminlik yaradır, istehlakçıların hüquqlarını kobud şəkildə pozur. Bəs, Azərbaycanda qida təhlükəsizliyi necə qorunur? Mənşəyi bilinməyən qida məhsulları sağlamlığa zərərlidirsə, ölkəyə necə daxil olur? Bu yağları Azərbaycana kimlər gətirir? Bu fakt nəyin göstəricisidir?

Mövzu ilə bağlı Medianews-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, istehlakçıların hüquqlarını qorumaq üçün sadəcə keyfiyyətsiz məhsul satanı deyil, eyni zamanda bu zəncirin təşkilində rol oynayanları, yəni satışa yararsız məhsulu ölkəyə gətirənləri, sifarişçiləri də üzə çıxarmaq vacibdir: “Ölkədə bu işlərə nəzarət edən bir neçə qurum var. Onlar hara baxıb? Bunlar ciddi şəkildə araşdırılmalıdır. Qanunvericiliklə bağlı problemlər varsa, aradan qaldırılmalıdır. İstənilən halda satış həyata keçirənlərin yox, zəncirin təşkilində rol oynayanların – məhsulu ölkəyə gətirənlərin, sifarişçilərin üzə çıxarılması daha vacibdir. Pərakəndə satışla məşğul olanlar bu zəncirin son halqasıdır”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə ölkədə istehlakçı siyasətinin bərbad olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bazar pis vəziyyətdədir: “Azərbaycan istehlakçıları dünyanın çeşidli istehlakçıları deyil, apteklərdə, klinikalarda növbəyə duranlardır. Əlbəttə, bu, qidadan qaynaqlanır. İqtisadiyyatda, həyatda baş verirsə, onun səbəbini insanlarda yox, qanunda axtarmaq lazımdır. İstehlakçıların hüquqları barədə ilk qanun 1995-ci ildə qəbul edilib. Ondan sonra yeddi dəfə istehlakçının zərərinə dəyişdirilib. Mən dəfələrlə Milli Məclisdə və Ombdusmanda qanunun dəyişikliyinin zəruriliyi barədə demişəm. AQTA yaradılanda sevindik, düşündük ki, vəziyyət dəyişəcək. Lakin gördük ki, bu, baş vermədi. Təhlükəli qida, həm də keyfiyyətsiz ola bilər. Təhlükəli qida insanı bir anda, keyfiyyətsiz qida isə yavaş-yavaş zəhərləyir. Bu gün AQTA-nın elə bir sertifikatı yoxdur ki, biz istehlakçılara deyə bilək ki, məhsul alanda bunu tələb edin. Elə bir sertifikat yoxdur”.

E.Hüseynovun sözlərinə görə, biznes qurumları dövlətin yaratdığı rahat şəraitdən, qanunların boşluğundan istifadə edir: “Ən təhlükəli məhsulları istehlakçılara satırlar. Ümumiyyətlə ölkədə keyfiyyətlə məşğul olan bir qurum yoxdur. Üstəlik, yoxlamalar məhdudlaşdırılıb. Artıq qida sahəsində cəld reaksiya mexanizmi olmalıdır. Yaxşı haldır ki, AQTA etiket məlumatları ilə məhsul araşdırılması işinə başlayıb. Bir ay bundan öncə mən Qoşqar Təhməzliyə yağlarla bağlı rəsmi məktub göndərmişəm, amma təəssüf ki, cavab ala bilməmişəm”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.