Azərbaycanlı sahibkar ölkəni tərk edib, Gürcüstanda aclığa başladı
25-05-2015, 15:25
Bakı-Saray-Sumqayıt xətti üzrə işləyən 501 nömrəli marşrutun sahibi Məmmədov Dönməz Abutalıb oğlu hazırda Gürcüstan Respublikasının ərazisində aclıq aksiyası keçirir.
“Yeni Müsavat”ın redaksiyasına şikayət edən sahibkar bildirir ki, sahibi olduğu “Amal-D” MMC şirkətinə məxsus “Daewoo” markalı 17 avtobus xətdən çıxarılıb və Bakı Şəhər Nəqliyyat Departamentinin cərimə meydançasına aparılıb. Sahibkar isə bu duruma etiraz etsə də, bir nəticə əldə edə bilməyib.
Redaksiya ilə telefon əlaqəsi saxlayan şikayətçi qeyd edib ki, 17 ildir, sərnişin daşıması ilə məşğul olur: “501 nömrəli marşrut avtobusu açıldığı gündən bu günə kimi onun fəaliyyətini bizim şirkət həyata keçirib. Son bir ayda isə Nəqliyyat Departamenti bizə işləməyə icazə vermir. Səbəb isə odur ki, Sumqayıt Şəhər Nəqliyyat Departamenti aylıq ödədiyim puldan əlavə məndən 300 manat da pul istədi. Mən isə bundan imtina etdim. Çünki bizim qazancımız buna imkan vermir.
Bundan əlavə, fevral ayında manat ucuzlaşandan sonra bizim ödəmələri də dolların kursuna uyğun olaraq artırdılar. Əlavə tələb olunan 300 manatı vermədiyimə görə mənim şirkətimin işinə mane oldular. May ayının əvvəlindən başlayaraq bizim avtobusların işləməsinə imkan verilmədi. May ayının 4-dən 22-ə qədər 17 avtobusu yığıb, Nəqliyyat Departamentinin həyətində saxladılar. Baş İdarədə mən onlarla görüşəndən sonra maşınları geri qaytardılar və dedilər ki, işləməyə davam edə bilərsiniz. Mən maşınları Sumqayıt Şəhər Nəqliyyat Departamentindən xilas etdim, növbəti gün isə Bakı Şəhər Nəqliyyat Departamenti heç bir əsas olmadan maşınları cərimə meydançasına yığdı”.
Başına gələnlərin səbəbini anlamaqda çətinlik çəkən Dönməz Məmmədov iddia edir ki, bunu 503 nömrəli marşrut xəttinin sahibi üstünlüyü ələ almaq üçün edib: “Səbəbi bəlli deyil və bunun üçün heç bir qanuni əsas yoxdur. Bütün bu maşınlar Nəqliyyat Nazirliyinin göstərişi əsasında alınmış “Daewoo” markalı avtobuslardır. 17 ildir ki, “Amal -D” MMC 501 nömrəli marşrut üzrə “Bakı- Saray-Sumqayıt” xəttində sərnişin daşıması ilə məşğuldur. Marşrut xətti açıldığı gündən tənzimləyicisi bizim şirkət olub. Lakin son günlər Anar adlı şəxs tərəfindən yaradılan və bu marşrutla eyni istiqamətdə işləyən 503 saylı marşruta üstünlük verməyə çalışırlar. Bizim şirkətin fəaliyyət göstərmək üçün Nəqliyyat Nazirliyindən rəsmi icazəmiz var. Ancaq 503 nömrəli marşrut xəttinin heç bir icazəsi yoxdur. İndi həmin marşrutun sahibi yüksək rütbəli bir məmurla qohum olub. İndi onun əli ilə məni sıxışdırıb, bizim şirkəti xətdən çıxararaq ona vermək istəyirlər”.
Şikayətçi deyir ki, hazırda Azərbaycanı tərk edib və Gürcüstanda aclıq aksiyası keçirir: “Mən isə bu hadisələrdən sonra Azərbaycanı tərk edib, Gürcüstana gəldim. Sizdən xahiş edirəm ki, bu məsələni işıqlandırasınız. Əgər gələcəkdə bizim dövlət qurumlarından münasibət bildirilməsə, mən məcbur qalıb, düşmən dövlətə müraciət edəcəyəm. Mən iki gündür ki, buradayam və aclıq elan etmişəm. Buranın polisi məni nəzarətə götürüb. Tiblisi-Bakı yolunda ac şəkildə maşının içində yatıram. Bu məsələyə dövlət qurumlarının münasibət bildirməsini istəyirəm”.
Dönməz Məmmədov bu problemin işıqlandırılmasıyla yanaşı, əlaqədar dövlət qurumlarının məsələyə reaksiya verməsini istəyir.
Qəzet mövzu ilə bağlı tərəflərin mövqeyini dərc etməyə hazır olduğunu da bildirib.