Qazaxda yerli məmurlar belə narazılıq yaradırlar... - Şikayət var...
26-05-2015, 23:00
Qazax Rayon İcra Hakimiyyətinin Hüseynbəyli kəndi üzrə nümayəndəliyinin rəhbəri Əziz Əhmədovun yarıtmaz fəaliyyəti yerli sakinlərin ciddi etirazlarına əsas verir. Bu barədə redaksiyamıza daxil olan məlumatlarda yerli mənbələr xəbər verirlər. Belə ki, aldığımız açıqlamalarda Əziz Əhmədovun öz vəzifə borclarının icrasına son dərəcə məsuliyyətsiz yanaşdığı qeyd olunur. Məlumatlarda kənd icra nümayəndəsinin davamlı olaraq törətdiyi özbaşnalıqlara dair müxtəlif faktlar öz əksini tapmaqdadır. İlk növbədə Əziz Əhmədovun bəzi digər məmurlarla cinayətkar işbirliyinə gələrək müxtəlif maxinasiyalara rəvac verdiyi bildirilir. Bu maxinasiyaların əsasında isə Hüseynbəyli kəndi ərazisində torpaqların qeyri-qanuni satışı durur. Həmçinin məlumatlara görə Əziz Əhmədov kəndin ehtiyacları üçün ayrılmış dövlət vəsaitlərinin mənimsənilməsində ittiham olunur. Məsələn, bir müddət əvvəl aldığımız məlumatda icra nümayəndəsinin Hüseynbəyli kəndi ərazisində yerləşən uşaq bağçası ilə bağlı həyata keçirdiyi maxinasiyalardan bəhs olunurdu. Mənbə bildirmişdi ki, bu yaxınlarda bağçanın maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə rayonun daxili büdcəsindən Hüseynbəyli kənd icra nümayəndəliyinə müəyyən məbləğdə pul ayrılıb. Nəzərdə tutulub ki, həmin vəsaitlər hesabına bağçaya altı ədəd kompyuter və iki ədəd plazma televizor alınmalıdır. Lakin Əziz Əhmədov bağçaya yalnız dörd ədəd kompyuter alıb. Digər iki kompyuter üçün ayrılan məbləğ isə icra nümayəndəsi tərəfindən mənimsənilib. Eyni zamanda da bağçaya öz evindən iki ədəd köhnə televizor gətirib yerləşdirən icra nümayəndəsi, onların hər birinə görə 1000 manat məbləğində pul “silib”. Daha sonra məlumatda qeyd olunur ki, bağçaya alınan mebellərin və yataq ləvazimatlarının da aqibəti təxminən eyni olub. Yəni bu inventarlar bağça üçün alınsa da, öz ünvanına gəlib çatmadan naməlum şəxslərə satılıb. Bu yolla da ayrılan vəsaitlərin daha bir hissəsi nağdlaşdırılaraq mənimsənilib. Daha sonra aldığımız məlumatlarda yerli sakinlər bildirirlər ki, Əziz Əhmədovun həyat yoldaşı Mahirə xanımın Hüseynbəyli kənd orta məktəbinin direktoru olması, icra nümayəndəsi üçün əlavə imkanlar yaradır. Belə ki, iddialara görə Mahirə xanım da öz həyat yoldaşı tərəfindən müxtəlif maxinasiyalara cəlb edilərək, rəhbərlik etdiyi təhsil müəssisəsində mənimsəmələrə rəvac verir. Həm də dövlət vəsaitləri hesabına öz şəxsi büdcəsini formalaşdırmaq və zənfinləşdirmək Əziz Əhmədovun o qədər xoşuna gəlib ki, o, artıq daha bir ailə üzvünü də dövlət qulluğuna təyin etdirməyə nail olub. Belə ki, aldığımız xəbərə görə, Hüseynbəyli kənd icra nümayəndəsi bir müddət əvvəl oğlu Pərvini ali təhsili olması barədə saxta diplomla təmin edərək, 3000 manat rüşvət vermək müqabilində onun Qazax rayonu Meşə mühafizəsi və bərpası müəssisəsinə işə qəbuluna nail olmuşdur. İndi təsəvvür edin ki, bu məqsədlə məsrəf olunmuş pulları geri qaytarmaq üçün Qazax meşələrinin başına hansı müsibətlər gətiriləcək. Digər tərəfdən isə Əziz Əhmədovun pula olan tələbatını nə büdcə vəsaitlərinin mənimsənilməsi, nə də torpaqların satışı tam təmin edə bilmir. Buna görə də icra nümayəndəsi ona hər hansı bir arayış üçün müraciət edən vətəndaşlardan da mütləq qaydada pul alır. Belə ki, ailə tərkibini təsdiq edən 2 saylı forma arayışına görə Əziz müəllim sakindən 30 manat tələb edir. Əks halda bu arayışın verilməsi qeyri-müəyyən müddətə təxirə salınır. Bizə olunan müraciətlərdə həmçinin bildirilir ki, Hüseynbəyli kənd sakinləri bir müddət əvvəl Əziz Əhmədovu onun bütün bu əməllərindən Qazax RİH-nin başçısı Ayaz Əsgərova şikayət edəcəkləri barədə xəbərdar belə ediblər. Lakin yuxarı dairələrdə olan hansısa himayədarlarına güvənən icra nümayəndəsi belə xəbərdarlıqlara heç bir məhəl qoymur...