«EDELVEİSS» gül salonunda xoşagəlməz durum
27-05-2015, 00:48
Obyektin sahibi vergidən yayınmaqda ittiham olunur
Binəqədi rayonu, Azadlıq prospekti 209 ünvanında yerləşən «EDELVEİSS» gül salonu ilə bağlı maraqlı məlumat əldə etmişik. Sərhəd.info-ya verilən xəbərə görə, adıçəkilən gül salonu heç də qanunun tələblərinə uyğun fəaliyyət göstərmir. Belə ki, məlumatda qeyd olunur ki, Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən «EDELVEİSS» gül salonunda müxtəlif güllərin satışına icazə verən sənəd yoxdur. Amma gül salonunun rəhbərliyi bunu hansısa yolla nizama qoyduğundan bu məsələyə diqqət edilmir.
Qeyd edək ki, Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən əslində, belə məkanlarda hansısa çiçəklərin satılmasına dair monitorinqlər keçirilməli və buna dair rəylər verilməlidir. Çünki bəzən xaricdən gətirilən güllərin üzərində hansısa xəstəlikdaşıyıcı həşəratlar ola bilər. Və onlar insanlarda bəzi xəstəliklərə yol aça bilər.
Verilən məlumatda digər diqqətçəkən məqam ondan ibarətdir ki, oradan gül alan müştərilərə qəbz verilmir. Müştərilərin bildirdiyinə görə, kassa nəzarət aparatı olsa da, satıcılar hər satılan gülə görə bundan istifadə etmirlər.
Məsələ ilə bağlı qarşı tərəflə əlaqə saxladıq. Onlar qeyd olunan məlumatların yalan olduğunu bildirdilər.