Lənkəranda uşaq bağçası və körpələr evində qidalanma ilə bağlı ciddi nöqsanlar var
27-05-2015, 21:39
Lənkəran şəhərində uşaq bağçası və körpələr evində qidalanma ilə bağlı standartın tələblərinin pozulduğu müəyyən edilib.
Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən Lənkəran şəhəri, Su qəsəbəsi 8 ünvanında yerləşən 16 nömrəli uşaq bağçası və Vaqif küçəsi 2 ünvanında yerləşən 6 nömrəli körpələr evində qidalanma ilə bağlı standartın tələbləri yoxlanılıb.
Araşdırma zamanı müəyyən olunub ki, hər iki tərbiyə müəssisəsində AZS 747-2013 “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”nın tələbləri kobud şəkildə pozulur. Belə ki, müəssisələrdə hazırlanan yeməklər texnoloji təlimat və reseptura olmadan hazırlanır, hazır qida istehlaka verilməzdən əvvəl təhsil müəssisəsinin səlahiyyətli nümayəndəsi və tibb işçisindən ibarət komisiya tərəfindən nəzarət edilmir, azyaşlılara verilməsi nəzərdə tutulan yeməklərin ekspertizası aparılmır. Həmçinin hazırlanan məhsullarda gündəlik qida rasionu tələblərinə əməl edilmir, yeməklərdə ət və ət məhsullarından istifadə olunmur. Müəssisələrin mətbəxi natəmiz vəziyyətdə saxlanılır, sanitar normalar pozulur.
Aşkar olunmuş bu və digər nöqsanlarla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib. Nöqsanların aradan qaldırılması ilə bağlı vaxt verilib.