İsmayıllı - Problemlər burulğanında boğulan, yiyəsiz şəhər

9-04-2015, 18:53           
İsmayıllı - Problemlər burulğanında boğulan, yiyəsiz şəhər
“İşsizlik... Əsas problem işsizlikdir. Nə qoca, nə cavan, heç kim iş tapa bilmir. Ancaq bir neçə məmurun yaxın qohumları işləyirlər, burada...”, - deyə İsmayıllıda ilk qarşımıza çıxan taksi sürücüsü şikayətlənir. Sonra rayonun girişindəki “İsmayıllı” yazılan lövhəyə və onun ətrafındakı kiçik ərazidəki yaşıllığa doğru əlini uzadıb, əlavə edir: “Ancaq buranı qorumaq üçün nəzarətçi qoyublar, ayda da 250 manat maaş alır. Bu qədər təzad...”

Söhbətləşdiyimiz taksi sürücüsü və digər sakinlər işsizliyin yeganə problem olmadığını dönə-dönə vurğulayırlar. Güzəranın acınacaqlı olmasından tutmuş, rayon ərazisindəki meşələrin qırılmasına qədər çox sayda problem sıralayırlar. Və ümidsiz halda vurğulayırlar ki, bu problemlərin nə zamansa həllini tapacağını gözləmirlər...

“Problem bir deyil, iki deyil...”

Söhbətləşdiyimiz rayon sakinləri bildirirlər ki, bölgələr Bakıdan fərqli olaraq, daha çox və daha ciddi problemlər içində boğulur: “Problem bir deyil, iki deyil, onlarladır... Rayonda dərəbəylikdir, həddini aşmış özbaşınalıqdır”.

Sakinlərin sözlərinə görə, rayon ərazisində hələ də içməli su problemi aktualdır: “Evlərə qədər borular çəkilib, ancaq su verilmir”.

Təbii qazın qiymətindən şikayətlənən sakinlərin sözlərinə görə, aylarla borc yığılıb qalır, yekunda maaşlarını ancaq qaz puluna verməli olurlar: “120 manat pensiya alan adam ayın axırında görür ki, 80-100 manat qaz pulu gəlib. Bu səbəbdən də camaat odundan istifadə edir, meşələri qırıb yandırır. Meşələrdə ağac qalmayıb”.

Sakinlər meşələrin seyrəldiyini ürək ağrısı ilə vurğulasalar da, başqa çıxış yolu olmadığını da bildirirlər. Onların sözlərinə görə, hətta bir çox kəndlərdə kömür basdırılır və bu da çox sayda ağacın məhvi deməkdir: “Onlarla ailə kömür satmaqla dolanır. Bu da meşənin ucdantutma qırılması deməkdir. İnsanlar kömür satıb, ailələrini dolandırmağa çalışırlar”.

Rayonda sosial yardım və müavinətlərlə bağlı da ciddi problemlər yaşanır. Sakinlərin sözlərinə görə, əlilliyi olan insanlar aylarla aidiyyatı qurumların qarşısında sürünür və çox zaman əlilliyi təsdiqlətmək üçün rüşvət verməli olurlar.

“Uşağım ikinci qrup əlildir, ona 50 manat pensiya verilir. İyirmi bir yaşı var. Sabah mən yıxıldım öldüm, o, necə olacaq? Əlli manata necə yaşamaq olar?”, - deyə sakinlərdən biri sual verir.

“Köçkünlər qəsəbəsi də problem içindədir...”

Sakinlərdən Ramiz Kərimov isə bildirir ki, şəhərin yeni salınan köçkünlər qəsəbəsi də problem içində batır: “Burada 45 ev var, onlardan 15 evə su gəlmir. Dəfələrlə aidiyyatı qurumlara müraciət etmişik, xeyri yoxdur. Qəsəbənin kanalizasiya problemi də var. Qəsəbə iki ildir ki, istifadəyə verilib. Ancaq işlər tamamlanmamış qəsəbə istifadəyə verilib. Suyu çəkmək üçün drenaj etməli idilər, iş yarımçıqdır”.

Sakinlər qeyd edirlər ki, maaşların, məvaciblərin, pensiyaların aşağı olması əhalinin rayondan uzaqlaşmasına gətirib çıxarır: “Verilən maaşla kommunal xərcləri ödəmək olmur. Bu səbəbdən də insanlar imkan tapan kimi rayonu tərk edirlər”.

Elçin Kərimov isə deyir ki, rayonda gənclər arasında da işsizlik yüksək həddədir: “Gənclər də iş tapa bilmir. Onların az bir qismi burada günəmuzd fəhləlik edir. Gənclər iş dalınca Bakıya, daha çox da Rusiyaya gedirlər”.

“İcra başçısı Prezidentin açdığı müəssisələri işləməyə qoymur”

“Bu rayonda problemdən başqa heç nə yoxdur, rayon elə bütünlüklə problemdən ibarətdir”, - deyə rayon sakini Rauf Həsənov şikayət dolu söhbətə bu cür başlayır.

Onun sözlərinə görə, rayon rəhbərliyinin gördüyü iş ancaq İcra Hakimiyyətinin qarşısını abadlaşdırmaqdan ibarətdir: “İcra hakimiyyətinin binasının yanı, Zərifə Əliyeva adına park abadlaşdırılır, vəssalam... Başçı düzəlmiş yerləri söküb, yenidən düzəldir. Zərifə Əliyeva parkını sökdü, adını da dəyişib, uşaq və gənclər parkı etdi. İcra başçısının rayonda gördüyü iş budur”.

Müsahibimiz bildirir ki, rayonda tikilən yeni avtovağzal hələ də istifadəsizdir: “Avtovağzal tikilib, Prezident 2013-cü ildə gəlib, onun lentini də kəsib. Ancaq bu gün də işləmir. Camaat köhnə avtovağzaldan istifadə edir, palçığın içindədir, oralar...”

Rayonda açılan tikiş sexi isə ancaq məktəb başlanana yaxın bir-iki ay işləyir: “Tikilən məktəbli geyimlərini zorla satdırırlar və sex növbəti dərs ilinə qədər bağlanır. Bu gün də bağlıdır”.

Həmçinin, rayonda ötən il tikilən və açılışı olan uşaq bağçası da işləmir: “Ötən il sentyabrda dövlət başçısı rayona gəlib, uşaq bağçası açdı. Təmirli, yüksək standartlara malik bağça idi. O, gedən kimi bağçanın qapısını bağladılar. İcra başçısı Prezidentin açdığı müəssisələri də işləməyə qoymur”.

“İcra başçısı bağçaların yerində otel açacaq”

Sakinlərin sözlərinə görə, keçmiş icra başçısı Nizami Ələkbərov burada iki uşaq bağçasını ucuz qiymətə özəlləşdirib: “Onun aldığı iki bağça bu gün də boş qalıb. Yüzə yaxın adamı çölə tulladılar, işdən çıxardılar. Yüz minlərlə dəyəri olan bağçanı 10-15 minə özəlləşdirdilər. Yeni icra başçısı Mirdaməd Sadıqov gələndən sonra isə həmin bağçaları Nizami Ələkbərovdan aldı. Bağçalar rayonun sosial-iqtisadi vəziyyəti üçün ayrılmış pullarla təmir etdirilib. Bağçaların yerində otel açacaqlar. O vaxt yandırılan otelin yerində isə sosial yardımlar hesabına iki bahalı bina tikiblər”.

Sakinlər həmçinin şikayətlənirlər ki, dörd il əvvəl Yaponiya səfirliyinin dəstəyi ilə tikilən artezian da sökülərək, yararsız hala salınıb.

“Artezianı 2011-ci ildə yaponlar tikdilər ki, İsmayıllı camaatının suyu olsun. Yaponların maliyyə dəstəyi ilə tikilib. Ancaq “kamarxoz”un (Kommunal Müəssisələr Kombinatı - red.) rəhbəri gəldi, motorunu söküb apardı, sonra da turbaları söküb, götürdülər. Yəni camaat su içməməlidir. Bunlara satmağa motor lazım idi. Bununla bağlı yazdığım şikayətlərin sonunda məlum olub ki, motor kommunal müəssisələr kombinatının anbarında saxlanılır. İcra Hakimiyyətindən bildirilir ki, bu artezian kombinatın balansındadır. Əslində isə bələdiyyəyə verilməli idi”, - deyə İsmayıllı kənd sakini Rauf Həsənov bildirir. Onun sözlərinə görə, bu məsələ ilə bağlı aidiyyatı qurumlara dəfələrlə müraciət etsə də, nəticəsi olmayıb.

Sakinlərin bildirdiklərinə görə, yaponların 250-300 min manatlıq digər projesi rayon rəhbərliyinin sayəsində yararsız elan edilib: “Zibil istehsalı sexi tikilib. Ancaq bizimkilər sexi işlətmir”.

“Rayonda etnik ayrı-seçkilik salınır...”

“Özüm YAP-ın üzvüyəm. Rayondakı problemlər barəsində dəfələrlə Prezidentə yazmışam. Yazmışam ki, bu gün İsmayıllı rayonuna göndərdiyiniz Mirdaməd Sadıqov müavinlərini yox, öz yaxınları olan kənar şəxsləri rayonun idarəetməsinə cəlb edir. Qeyri-qanuni olaraq, saxta müqavilələrlə pensiya yaşında olan adamları - Valeh Salehovu, Fərman Bəşirovu, Bəhram Tanrıverdiyevi yanına gətirib, sovet ideologiyası ilə rayonu idarə edir. Kadr məsələlərinə, tikinti işlərinə, rayonda olan hər şeyə onlar baxırlar. İcra başçısının bütün hərəkətlərini onlar tənzimləyirlər. Başçı onlara paket verərək, işlədir. Rayonda iş yerlərini ancaq başçının yaxınları, qohumları olan lahıclar tutublar. Yəni etnik ayrı-seçkilik salırlar”, - deyə R.Həbibov vurğulayır.

Onun sözlərinə görə, icra başçısı bir sıra layihələri yaxınları ilə birgə mənimsəyir: “Rayonun kommunal müəssisələr kombinatına yollara işıq çəkmək həvalə edilib. Əslində bu, tenderlə edilməli olan məsələdir. Ancaq pulu ortaq mənimsəyirlər, “kamarxozun” işçilərini də pulsuz işlədirlər. Zibilyığan işıq çəkə bilməz, mütəxəssis olmalıdır, bu işlə bağlı... Ancaq nəyi necə gəldi, edirlər”.

Sakinlər qeyd edirlər ki, aşağılardan yuxarılara göndərilən şikayət məktubları elə aşağıların özlərinə qaytarılır: “Məsələn, İsmayıllı Prokurorluğuna İcra Hakimiyyətinin nəzdində olan qurumdan şikayət yazırsan, qayıdıb İcra Hakimiyyətinin üstünə göndərir. Əgər mən adı və soyadı ilə qanunu pozan şəxs haqqında prokurora məlumat verirəmsə və o da mənim ərizəmi həmin şəxsin özünə göndərirsə, bu rayonda necə yaşayım? Gedib prokurora deyirəm ki, “pasportstol” şəxsiyyət vəsiqəsini bazarda kartof satan kimi 10 manata satır. Deyir pul verim, get ver, tutaq onu... Deyirəm mən uşağam? Bu faktı görmüşəm, məndən də pul alıb. Sən mənim ərizəmi qəbul et, zəhmət çək, araşdırma apar, sübut et. İstintaq nədən ötrüdür, bəs..? Notarius 1 manatlıq işi on manata görür. Amma gedib, onun həyətində villalarına baxasan. Yayda baha qiymətə kirayə verir. Soruşan da yoxdur ki, sən məmursan, haradandır səndə bu qədər pul..?”

“Niyə bu rayonun yiyəsi yoxdur?”

R.Həbibovun sözlərinə görə, hətta yazdığı şikayət məktublarına cavablar maliyyə cinayətinin üstünü açıb: “Maliyə Nazirliyi yazır ki, şikayətimi araşdırıb və nöqsanlar aşkarlanıb. Dövlət Maliyyə Nəzarəti Xidməti araşdıraraq, dediklərimin doğruluğunu sübut edib, cavabı mənə məktubla da göndərib”.

Nazirliyin müsahibimizə cavab məktubunda isə bildirilir: “2011 may ayından 2014-cü ilin mayına kimi olan dövrdə dövlət büdcəsinin İsmayıllı rayonu üzrə gəlir və xərclərindən İsmayıllı rayon İcra Hakimiyyətin başçısının aparatına, rayonun abadlığına, yolların, mənzil fondlarının, büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmirinə, həmçinin Kommunal Müəssisələr Kombinatına ayrılan vəsaitin təyinatı üzrə xərclənilməsi yoxlanılıb. Nəticədə məlum olub ki, mövcud tələblər pozulub, büdcə vəsaitlərinin artıq xərclənildiyi rəsmiləşdirilib, əsassız olaraq dəyər artırılıb. Podratçı təşkilatlara artıq büdcə vəsaitinin köçürüldüyü aşkar olunub. Artıq ödənilən məbləğ şəxslər tərəfindən büdcəyə ödənilməklə bərpa edilib, normativ sənədlərin, uyğun olmayan digər əsasız ödənişlərin davam etdirilməsi dayandırılıb”.

“Bu, cinayəti ört-basdır etməkdir, Maliyyə Nazirliyi burada qanunu pozaraq, deyir ki, guya büdcəyə pul qaytarılıb”, - deyə R.Həbibov vurğulayır.

R.Həbibovun dediyinə görə, həmin cavabda bildirilib ki, nöqsana yol vermiş şəxslər barəsində tədbir görülməsi üçün aidiyyatı orqanlara məktublar göndərilib: “Mən bu günə qədər heç bir qurumdan bununla bağlı heç bir cavab almamışam. İcra Hakimiyyəti isə mənə yazıb ki, yazdıqlarım təsdiqini tapmır. İcra Hakimiyyətinin mənə yazdığı rəsmi məktubda bildirilir ki, yoxlama zamanı aşkar edilənlər cinayət xarakterli deyil. Bu, inzibati xəta olduğuna görə yeddi yüz manat cərimə sanksiyası tətbiq edilib və artıq xərclənmiş vəsait büdcəyə bərpa edilib”.

“Niyə mən gələn qonağımı Qəbələyə aparmalıyam? Niyə qazdan ötəri Ağsuya, pasport almağa Göyçaya getməliyəm? Vergidən ötrü, meşə idarəsinə işim düşəndə, məhkəmədən ötrü Şəkiyə, Qəbələyə getməliyəm? Xəstəmi Qəbələyə aparmalıyam? Bu rayonda bir dənə dayaq yeri yoxdur ki, insanlar işləsin. Bütün baş idarələr qonşu rayonlardadır. Niyə? Bu rayon batıb? Yoxdur, bu rayonun yiyəsi..?”, - bütün bunlar da rayon sakinlərinin verdikləri cavabı məlum olmayan sualların sırasına daxildir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.