Restoranların OYUNU: Artıq-urtuğu yeyirik?

Dünən, 11:06           
Restoranların OYUNU:
“Toy təşkil olunan restoranlar, yəni toyxanalar qida sektorunda istehlakçı hüquqlaırnın ən çox pozulduğu şəbəkədir. Çünki burada tələb təklifi üstələyir. Camaat toy etmək üçün növbəyə durur. Belə olduqda mütləq ortaya keyfiyyətsiz xidmət çıxır”.

Bu sözləri Bizim.Media-ya Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov toydakı qidaların sahiblik hüququ ilə bağlı danışarkən deyib.

O bildirib ki, restoran üzərinə heç bir məsuliyyət götürmür:

“İllərdi toyxanalardan gələn şikayətlərin təhlili göstərir ki, toyxanalar istehlakçı ilə heç bir müqavilə bağlamır, bununla bağlı heç bir məsuliyyət daşımırlar. Rayonlarda isə yerləri guya kirayəyə verirlər, zəhərlənmə də baş verəndə heç kim məsuliyyət daşımır. Bu, anormal vəziyyətdir”.

Birlik sədri restoran və toy sahibi arasında müqavilə nümunəsinin hazırlanmasını təklif edib:

“İllərdir İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əsasında Prezidentin Fərmanı ilə Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb. Bu məsələni adı çəkilən qurum həll etməlidir.

Toy sahibinin ixtiyarı var ki, artıq qalmış qidaların hamısını götürüb, aparsın.

Çünki onun hamısının pulunu o verib. Lakin tələb təklifi üstələdiyindən toy sahibi elə bilir ki, ona yaxşı xidmət göstərilib. Amma bilmirlər ki, toyun hər anı insanların restorandan tez getməsinə hesablanıb. Musiqinin səsi, içəridəki temperatur, xidmətçilərin hərəkəti hamısı ona hesablanıb ki, insanlar restoranı tez tərk etsinlər. Bunu heç vaxt toy sahibi hiss eləmir. Lakin bütün iş ona yönəlib. İnsanlar bunu başa düşməlidir.

Bu sahədə böyük hərc-mərclik var. Toylar başlayan vaxt bu işə nəzarət edən Qida Təhlükəsizliyi Agentliyi evdə oturur, məmur işləmir. Əgər orda bir hadisə baş verərsə, heç onu gəlib yoxlayan da yoxdur. Çünki biznesə müdaxilə etmək qadağandır və s. Toy sahibinin verdiyi böyük miqdarda pullar üçün də əksər yerlərdə heç bir kassa qəbzi də verilmir. Burada böyük qanun pozuntusu, yəni istehlakçıların hüquqlarının pozulması var. Mütləq Nazirlər Kabineti nümunəvi müqavilə təsdiq etməlidir. Orda toy sahibinin hüquqları yer almalıdır”.

O, toyda artıq qalmış qidaların növbəti toylarda istifadə olunduğunu da istisna etməyib:

“Şübhəsiz ki, artıq qalan qidalar növbəti toyda istifadə olunur. Orada bəzi qidaların saxlanma müdəti 4-5 saatdan artıq deyil”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.