Beyləqanın icra başçısı rayonu özbaşına buraxıb... - Dövlətin pulunu dədə malı kimi yeyirlər...
10-04-2015, 16:43
Vaqif Abdullayev 150 min manatı kimə sildirib?
Bu barədə Tia.az-a verilən xəbərə görə, rayonu Kommunal Təsərrüfat İdarəsinin müdiri Azil Aslanov idarə edir. İcra başçısı A.Aslanovun səlahiyyətlərini artırıb. Ona maxinasiyalarda geniş fəaliyyət meydanı yaradıb.
Belə ki, Azil Aslanovun adı 150 min manatlıq korrupsiyada hallanır. Rayonun daxili büdcəsindən Beyləqan şəhər Ərazi İnzibati nümayəndəliyinin hesabına bir neçə ay əvvəl 150 min manat köçürülüb. Məqsəd Beyləqanın 9 küçəsində abadlıq və yollarda yenidənqurma işləri aparmaq olub.
Amma pul yoxa çıxıb. Mənbə iddia edir ki, bir neçə ay əvvəl tender keçirilib. Tenderin qalibi Azil Aslanova məxsus olduğu bildirilən, lakin heç kimin adını belə bilmədiyi bir şirkət olub. Həmin şirkətin adını isə Azil Aslanov dövlət sirri kimi qoruyur. Pul isə faktiki ortada yoxdur. Məhz elə buna görə, Azil Aslanov qeyb olan 150 000 manatın yerini doldurmaq üçün məktəb direktorlarından və rayonun digər idarə və müəssisə rəhbərlərindən pul toplamağa başlayıb.
O, Patallar, Eyvazalılar, Binnətli, Əlləzərli, və bir çox başqa kəndlərin məktəb direktorlarını yanına çağıraraq Beyləqan şəhərinin abadlaşdırılması üçün onların hər birindən 5 000 manat pul istəyib. Azil Aslanov bu pulu məktəb direktorlarından başçının adıyla tələb edib. Məktəb direktorları isə öz növbələrində bu pulu müəllimlərin maaşlarında tutmağa qalxıblar. Mövzunu diqqətdə saxlayacağıq.