Onlar o qədər əxlaqsızdırlar ki... – Millət vəkili

26-08-2017, 09:54           

Təəssüf edirəm ki, bizim cəmiyyətdə bu mənəviyyata malik ailələr var.

Bu sözləri Axar.az-a 4 günlük körpənin atılması ilə bağlı danışan millət vəkili Qənirə Paşayeva deyib. O, bu xəbəri ciddi narahatlıq və təəssüflə oxuduğunu bildirib:

“İstər cəmiyyətdə, istərsə də qeyri-hökumət təşkilatlarında maarifləndirmə işləri aparılmalıdır. KİV-də ictimai qınağı gücləndirmək lazımdır. Bəzi ailələr var ki, uşağının xəstə doğulduğunu öyrənincə belə bir yol seçir. Bu, ciddi əxlaqi-mənəvi problemdir. Övladlarımız Allahın bizə hədiyyəsidir. Təbii ki, bu körpə xəstə doğulubsa, valideynləri onu yaxşı yetişdirib cəmiyyətə adaptasiya etməlidirlər. Göründüyü kimi, belə ailələr də var ki, daun sindromlu 4 günlük uşağa qayğı göstərmək yerinə, çıxış yolunu onu küçənin ortasına tərk etməkdə görürlər. Bəlkə bir az sərt deyəcəm, qoy elə sərt olsun: bu cür mənəviyyata, əxlaqa sahib valideynlərin yanında uşaq böyüməyindənsə, böyüməsə yaxşıdır. Onlar o qədər əxlaqsız və mənəviyyatsızdırlar ki, 4 günlük körpənin aqibətini düşünə bilmirlər. Yeni doğulmuş, köməksiz və xəstə uşağı küçənin ortasına qoyub gedən insan cəmiyyətə fayda verə bilməz”.

Millət vəkili bildirib ki, körpələri valideyn sevgisindən məhrum etmək böyük faciədir:

“Körpənin valideyn sevgisindən məhrum böyüməsi ən böyük faciələrdən biridir. Bu uşaq, sadəcə, 4 günlük olanda valideynləri onu bu sevgidən məhrum edib. Bəzən elə hallar olur ki, ana uşağını atmaq istəmir, sadəcə, yoldaşı, ailə onu bu seçimi etməyə məcbur edir. Ancaq heç bir anaya, heç bir valideynə bu addımı atdığına görə bəraət qazandırmaq olmaz. Bəzi imkanlı ailələr var ki, belə uşaqlara ana, ata sevgisini, qayğısını göstərməyə hazırdırlar. Cəmiyyətimizdə belə ailələr çoxdur. İnanıram ki, bu körpəyə də belə ailələrdən biri sahib çıxacaq”.

Baş verən olayla bağlı fikirlərini bölüşən psixoloq Elnur Rüstəmovun sözlərinə görə, çox vaxt uşaqların küçəyə atılmasına onların nikahdankənar dünyaya gəlməsi səbəb olur:

“Bu uşağın atılmasına səbəb daun sindromu ilə doğulmasıdırsa, Azərbaycanda bu xəstəlikdən əziyyət çəkən uşaqların reablitasiyası üçün daun mərkəzi mövcuddur. Burada uşaqların həm müalicə prosesi, həm reablitasiyası, həm cəmiyyətə adaptasiyası ilə bağlı kompleks işlər həyata keçirilir. Bu uşağın atılması ilə bağlı müxtəlif versiyalar var. Körpənin nikahdankənar dünyaya gəlməsi, psixoz halının baş verməsi, ananın affekt halında olması, planlanmayan hamiləliyin gerçəkləşməsi, ən əsası isə daun sindromu ilə doğulmasıdır”.

Qeyd edək ki, ötən gün paytaxtın Nizami rayonu Qara Qarayev prospekti 4 ünvanında, küçədə yeni doğulmuş uşaq tapılıb. Tapılan qız uşağı Nəsimi rayonunda yerləşən 1 saylı Körpələr Evinə təhvil verilib. Həkimlər uşağın göbəyindən onun dörd günlük olduğunu müəyyən ediblər. 2 kq çəkisi olan uşağa Şəlalə Əliyeva adı verilib. Həkimlərin ilkin müayinəsi uşağın daun sindromlu doğulduğunu ortaya çıxarıb. Uşaqda daun hamiləlik müddətində məlum olduğundan onun küçəyə bu sindrom səbəbindən atıldığı ehtimal edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.