Mayda növbəti bahalaşma anonsu
14-04-2015, 16:19
Azərbaycanda fəaliyyət göstərən kabel televiziyası və internet provayderləri manatın dəyərdən düşməsindən sonra qiymət artımına gediblər. JAM.AZ xəbər verir ki, artıq bir neçə şirkət yaxın günlərdən etibarən göstərdiyi xidmətlərə görə qiymətləri qaldırmaq barədə qərar verib. Bəziləri isə artıq qiymət dəyişikliyni edib.
Apardığımız araşdırma zamanı məlum olub ki, Ailə TV şirkəti martın sonundan etibarən mənzillərə kabel televiziyası xidmətlərini 9 manatdan 10 manata qaldırıb. İnternet üçün nəzərdə tutulmuş qiymət isə 13 manatdan 18 manat yüksəldilib. Şirkət rəsmiləri vurğulayırlar ki, manatın dəyərdən düşməsi səbəbindən belə bir addım atılıb.
Amma maraqlı məqam odur ki, proses bununla da yekunlaşmayacaq. JAM.AZ-ın əldə etdiyi məlumata görə, internet provayderlər may ayından etibarən internet xidmətlərini 20 faiz artırmaq fikrindədirlər. Lakin bu artımın konkret olaraq nə ilə bağlı olduğu hələlik məlum deyil.