Sürüşmə zonalarda tikilən evlərə kompensasiya niyə düşmür? - Bakının axan pulları
16-04-2015, 11:14
Bakının vә Abşeron yarımadasının torpaq sürüşmәsi tәhlükәsi olan әrazilәrinin xәritәsi Nazirlәr Kabineti tərəfindən tәsdiqlәndi, yeni qərar ilə həmin xәritәdә göstәrilәn әrazilәrdә tikinti işlәri vә tikintiyә icazәlәrin verilmәsi dayandırıldı. İndi respublikada 37 ən təhlükəli sürüşmə sahəsi var və həmin ərazilərdə monitorinqlər aparılır.
Hökumətin paytaxtın sürüşmə sahələrində tikinti aparılmasını qadağan edən qərarını müsbət qiymətləndirilsə də, praktikada bu sənədə əməl olunmadığı, qərarın icrasına nəzarətin əhəmiyyətli dərəcədə gücləndirilməsinə ehtiyac duyulduğu söylənilir.
ANS PRESS bunu nəzərə alaraq, yüksək sürüşmə təhlükəsi olan ərazilər, verilən son qərarın mahiyyəti, sürüşmə zonasında tikilən evlərin taleyi, Bakıda və başqa yerlərdə sökülməli olan tikililərə, evlərə kompensasiyanın verilib-verilməməs və s. məsələlərlə bağlı araşdırma aparıb.
Məlum olub ki, yüksək sürüşmə təhlükəsi olan ərazilər ölkədəki bütün dağlıq əraziləri əhatə etmir. Ən çox sürüşmə sahələri Böyük Qafqazın cənub-şərq və şimal-şərq yamacları, Böyük Qafqazın cənub yamacında Girdimancay dərəsindədir. Quba, Qusar, Qobustan, Şamaxı, İsmayıllı əraziləri sürüşmə təhükəliliyinə görə çox öndə gedən rayonlardır. Amma Göygöldə, Lerikdə, Goranboyun dağlıq hissəsində də olan sürüşmələr bu ərazilər üçün xarakterik deyil, burada kiçik sürüşmələr müşahidə edilir.
Baş nazir Artur Rəsizadәnin imzaladığı "Torpaq sürüşmәsi tәhlükәsi olan әrazilәrin müәyyәn edilmәsi vә bu әrazilәrdә tikinti işlәrinin aparılmasının mәhdudlaşdırılmasına dair әlavә tәdbirlәr haqqında" Qәrara gəlincə, bu sənədə əsasən, sürüşmə təhülkəsi olan ərazilərdə tikinti işlərinə son qoyulacaq, bu prosesə Fövqәladә Hallar Nazirliyi ilə yanaşı, Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi nəzarət edəcək.
Bu nazirliklərin nümayəndələri bildiriblər ki, Bakıda və regionlarda sürüşmə sahələrində tikinti proseslərinin dayandırılması və həmin ərazilərdə ağacların əkilməsi, yaşıllıqların salınması çox mühüm məsələdir. Bəzi şəhər, rayon, kənd və qəsəbələrdə, sürüşmə təhlükəsi olan ərazilərdə yaşayış evlərinin tikilməsinə dair faktlar mövcudur. Hazırda bunların araşdırılması gedir və lazımi tədbirlərin görülməsi üçün işlərə başlanılacaq.
Ekoloji Proqnozlar Mərkəzinin rəhbəri Telman Zeynalov məsələyə fərqli baxır. O bildirib ki, Azərbaycanda təhlükəli zonada tikilən evlər barədə statistika aparılmır. Heç kim bu statistikanı aparmaq istəmir. Çünki bəzi qurumlar bir-biri ilə əlaqəlidir. Əgər yerli bələdiyyələr şəhər, rayon icra hakimiyyətləri rəhbərlərinin razılığı ilə torpaq sahələrini satırsa, müəyyən müddətdən sonra orada tikilən evlər sürüşürsə, inanmıram ki, kimsə onların ayağını bassın, adlarını açıqlasın. Bunu əhali, sakinlər özləri etməlidir. Evi elə yerdən alıb tikməlidir ki, ora sürüşmə zonası olmasın, yaşamaq qorxusu olmasın. Yoxsa, evi alandan 5-6 il sonra orada sürüşmə baş verəcəksə, zaman həm fiziki, həm də on minlərlə vəsait itkisi ilə üzləşəcək. Ona görə də təhlükəli yerlərdən torpaq sahəsi alıb ev tikməyə ehtiyac yoxdur.
Onun sözlərinə görə, dağətəyi ərazilərdə, yamaclarda, çay məcrasında ev tikmək qəti qadağandır. Azərbaycan ərazisinin çox hissəsi sürüşmə zonasına düşür. Son dövrdə quraqlıq yaşanır, torpağın tərkibindəki su buxarlanır, aylardan sonra qəfldən leysan yağışları başlayır və ərazi sürüşməyə başlayır. Onunla bərabər tikililər də fəlakətlə uzləşir. Buna ehtiyatla yanaşılmalı, ev, torpaq sahəsi alanda fikirləşmək, dəqiq yoxlatmaq lazımdır.
Vətəndaşlar sənəd alarkən ilk növbədə, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən, Fövqəladə Hallar Nazirliyindən müvafiq razılığın olmasına ciddi fikir verməlidir. Çünki icazə verilməyən yerdə ev tikilərsə və sabah bir hadisə baş verərsə, onda dövlət kompensasiya ödəməyəcək. Bunları bilmək vacibdir.
Ekspert Nazirlər Kabinetinin məlum sərəncamının icra olunmadığını söyləyib: "Sürüşmə zonalarının 500 metr yaxınlığında evlər tikmək olmaz, ancaq buna nəzarət etmək mexanizmi yoxdur. Bu işlərlə Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzarət etməməlidir. Hər şeyi bu nazirliyin üzərinə atmaq olmaz. Nazirlik təbiəti mühafizə ilə məşğuldur, meşələrin qırılmasının, çayların məcrasına kimsə müdaxilə edirsə bunun qarşısını almalıdır. İndi Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olundu. Onun balansında olan torpaqların 70 faizi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verildi. Qalan 30 faizi isə satılacaq, kim nə istəyirsə edəcək. Axı, dövlətin balansında olan torpaqları satmaq olmaz, bu qeyri-mümkündür. Torpaq sahələrini elə-belə satmaq olmaz. Dəqiq öyrənilməlidir ki, bu torpaq istifadəyə yararlıdır ya yox. Yararlıdırsa, orada əkinlə məşğul olunmalıdır. Əgər yararlı deyilsə, sürüşməyə meylli ərazi deyilsə, buyurub yaşayış sahələri salsınlar."
Ümumiyyətlə, hazırda ölkə ərazisinin 25-26% təhlükəli sürüşmə zonasının 5-10%-i yeni yaranıb. Bu gün ölkədə sürüşmə təhlükəsilə bağlı böyük və nisbətən narahatlıq doğuran problem Bakı şəhərindədir. Sürüşmə ilə bağlı aparılan tədqiqatlar onu göstərir ki, sürüşmə ocaqları ilbəil artır. Baxmayaraq ki, Bayıl və Bakı amfiteatrı deyilən zona hər zaman sürüşmə sahəsi olub. Lakin Günəşli, Əhmədli, Zığ, Masazır və digər zonalarda yaranan sürüşmə zonaları isə yenidir. Həmin ərazilərin yerləşdiyi yamaclar sürüşmə yamacları deyil. Sadəcə həmin ərazidə təzyiqin artması, böyük binaların tikilməsi və digər insan amilləri sürüşmənin yaranmasına şərait yaradır.
Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib ki, sürüşmə sahələrindəki aktivlik təkcə paytaxtda yox, bölgələrdəki təhlükəli zonlarında da müşahidə edilir. Hazırda respublika üzrə nisbi təhlükəli Şamaxı, İsmayıllı, Şabran, Lənkəran, Lerik zonalarıdır. Coğrafiya İnstitu və digər elmi tədqiqat instituları tərəfindən bu proseslər öyrənilir və monitorinqlər aparılır.
Yekunda onu diqqətə çatdıraq ki, vətəndaşlar bir vacib məsələni unutmamalıdır. Sürüşmə və təhlükəli zonalarda tilikən evlər sökülsə, mənzil sahiblərinə dövlət tərəfindən heç bir kompensasiya düşmür. Çünki həmin torpağı onlara dövlət yox, məmur satıb. Ona görə də neqativ hallar baş verdikdə ev sahibi həmin məmurun yaxasından yapışmalıdır.