Göydələn inşa edən şirkətlər qarşısında sərt tələb - Sakinlərə “kupça verin”
16-04-2015, 15:36
Paytaxtda fəaliyyət göstərən və hündür mərtəbəli bina inşa edən tikinti şirkətlərinə müvafiq qurumlar tərəfindən ciddi xəbərdarlıq olunub.
Bununla bağlı informasiya Editor.az-a məlumatlı mənbələrdən daxil olub.
Mənbəmizin sözlərinə görə, paytaxtda minlərlə yeni tikili bina inşa olunsa da, onların əksəriyyəti mavi yanacaq və “kupça” ilə təmin olunmayıb:
“Elə binalar var ki, 10 ilə yaxındır tikilib istifadəyə verilsə də, orada yaşayan sakinlərə mavi yanacaq və “kupça” verilmir. Bu da heç şübhəsiz sakinlər arasında ciddi narazılıq yaradır. Təxminən 200 mindən artıq ailə bu problemdən əziyyət çəkir ki, bu da müvafiq qurumlara bununla bağlı çoxsaylı şikayətlərin olmasına gətirib çıxarır. Tikinti şirkətlərinin “kupça” verməsini uzatması onların alqı-satqı zamanı 1000-3000 manat arası qeyri-qanuni rüsum tələb etməsi ilə bağlıdır. Belə ki, evini satan sakinlərdən sənədləşdirmə adı altında 1000-3000 manat arası qanunsuz rüsum alınır ki, bu zaman tikinti şirkətləri il ərzində yüzminlərlə manat gəlir əldə etmiş olur. Bunu nəzərə alan müvafiq qurumlar tikinti şirkətlərinə təcili olaraq sakinləri mavi yanacaq və “kupça” ilə təmin etmək tapşırığı verib. Xüsusən 2 ildən artıq yaşayış olan binaların səhmdarlarına xüsusi xəbərdarlıq olunub”.