Dünya təcrübəsində ilk dəfə olaraq Neft Daşlarında külək stansiyası inşa olunacaq

16-04-2015, 15:47           
Dünyada təcrübəsində ilk dəfə olaraq Neft Daşlarında külək stansiyası tikiləcək.

“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov bildirib.

Sədr qeyd edib ki, dənizdə külək potensialı daha çoxdur. Bu potensialdan istifadə etmək və düzgün yönəltmə üçün kifayət qədər çox pul xərcləməmək - ən vacib məsələlərdən biridir: “Dünya təcrübəsində, istər Şimal dənizində, istər Baltik dənizində, istər Atlantik okeanın sahil məntəqələrində külək stansiyaları qurulub. Orta hesabla bir külək stansiyasının qiyməti 4 milyon avrodan yuxarıdır. Xəzər dənizində güclü şimal, şimal-qərb küləkləri mövcuddur. Ona görə də biz analizlər apardıq və bu analizlərin nəticəsində qərara gəldik ki, Azərbaycan ilk olaraq neft hasilatında öz sözünü deyib və bildiyiniz kimi, neft daşları ilk dəfə Azərbaycanda qurulub. Bu məsələni araşdırandan sonra biz belə bir layihə ilə çıxış etdik ki, Pirallahı rayonunda Pirallahı adasında yeni enerji təchizatına da ehtiyac olacaq. Pirallahı adası ilə yaxın bir ərazidə, təxminən 20 kilometr aralıda Çilov adası yerləşir. Burada da 2-3 minə yaxın əhali yaşayır. Bunların da adadan adaya birləşməsi kater və vertolyotlar vasitəsi ilədir. Hava stabil olmayanda ciddi problemlər yaranır insanların təminatı ilə... Biz fikirləşdik ki, iki işi birləşdirsək, çox böyük bir sosial məsələni həll edərdik. Digər tərəfdən qiymətləri aşağı salardıq”, - deyə A. Bədəlov bildirib.

A. Bədəlov qeyd edib ki, bu istiqamətdə işlərin aparılması üçün müvafiq qurumların nümayəndələrindən ibarət işçi qrupu yaradılıb.

“Müvafiq qurumlarla müşavirə keçirdik, bir marşrut seçdik. Biz fikirləşdik ki, SOCAR-ın texniki bazası hesabına biz bunu qura bilərik. Bu estakadanı qurandan sonra, birləşdirilmiş platformalarda külək stansiyalarını yerləşdirə bilərik. Təxminən 2-2,5 milyon manata layihəni reallaşdıra bilərik”, - deyə sədr qeyd edib.

Onun sözlərinə görə, estakada vasitəsilə stansiya qurulması dünya təcrübəsində yoxdur.

“Hal-hazırda layihənin texniki-iqtisadi əsaslandırılması yekunlaşdırıb. Biz bu layihəni Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi ilə razılaşdırırıq. Yaxın günlərdə layihə Nazirlər Kabinetinə təqdim olunacaq”, - deyə o qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.