Vəzifə yalnız varlı balaları üçün yaradılıb?

17-04-2015, 16:28           
Vəzifə yalnız varlı balaları üçün yaradılıb?
Vaxtilə məşhur hind filmi vardı. "Avara”, filmdə hakim rolunda çıxış edən aktyor belə bir fraza işlədirdi. "Oğrunun oğlu oğru, hakimin oğlu hakim olmalıdır". Sonradan onun oğlunu oğurlayıb qaçırdan cinayətkər hakimin dediklərinin düzgün olmadığını sübut etdi.

O hakimin oğlunu cinayətkara çevirdi. Bu gün ölkəmizdə vəzifədə oturanlar da həmin hind kinosunda olan hakim kimi fikirləşir. Vəzifədə yalnız vəzifəlinin və varlının balası olmalıdır. Daha intelektual və savadlı kasıb balasına bu məmləkətdə vəzifə düşmür. Bu mövzuya toxunmağımın səbəbi kasibları varlılara qarşı qaldırmaq deyil. Dövlətimiz üçün çox önəmli olan savadlı kadır məsələsi bu gün problemli bir mərhələyə qədəm qoyub. Hətta prezidentimiz cənab İlham Əliyevdə dəfələrlə bəyan edib ki, savadlı gəncləri irəli çəkmək, onları işlə təmin etmək lazımdır. Təəssüf ki, hələ bu fikirləri yerinə yetirən azdır. Araşdırma aparılsa aşağı ranqlı vəzifələrdə işləyənlərin bəlkədə 90 faizi hansısa məmurun və yaxud biznesmenin övladıdır. Demək istəyirəm ki, kadr seçimi intellektuala, savada görə yox, mala-pula görə aparılır. Bunun yaradacağı fəsadları isə sizə sadalayım. Amma əvvəlcə niyə belə bir vəziyyət yaranıb, onu aydınlaşdıraq.

Kasıb balası savadlıdır, yoxsa varlı?

İlk sualımız belə olacaq. Doğurdanmı kasıb balası varlının balasından savadsızdır? Təbii ki, bu belə deyil. Universitetlərdə az-çox oxuyan tələbə varsa, o da kasıb balalarıdır. Ən azı ona görə ki, semestrlərdə müəllimə rüşvət verməyə pulu olmur. Qarnını yarı ac, yarı tox keçirən kasıb tələbə fikrini yalnız oxumağa salır ki, gələcəkdə nəyəsə nail olsun. Əksər varlı balaların işi-gücü isə bahalı maşınlarda ora-bura şütüməkdən, universitetlərin qarşısında özünü qızlara göstərməkdən, ona-buna söz atmaqdan, barlarda, kafelərdə əylənməkdən ibarətdir. Onları auditoriyalarda görmək heç də asan iş deyil. Semestrdən semestrə gəlib ya pul verib qiymət yazdırırlar, ya da tapşırıqla. Ona görə də kasıb balaları savadsızdır məntiqi kökündən yanlışdır. Mən hələ varlı və vəzifəli şəxslərin övladlarının harınlamasını demirəm. Ölkə başçısı dəfələrlə məmurlara və onların övladlarına daha sadə həyat tərzi keçirmələrini, sıravi vətəndaşlara yuxarıdan aşağı baxmamağı, hamı kimi qanunlara sözsüz əməl etməyi tapşırıb. Prezident hətta birmənalı şəkildə bildirib ki, harınlamış məmur balaları etdikləri hər bir əmələ görə qanun qarşısında cavab verəcəklər. Maraqlıdır, bir sıra məmurlar və onların övladları ölkə başçısının ən sərt formalı xəbərdarlığından sonra belə, şəhərin müxtəlif yerlərində, hətta mərkəzi küçələrində "avtoş"luq edir, qanunlara məhəl qoymadan müxtəlif səsgücləndiricilərdən istifadə edir, hətta günün günorta çağı dava-dalaş salır, mübahisələr edirlər. Heç kimə sirr deyil ki, bəzi məmurların var-dövləti, bugünkü nüfuzu yalnız onların vəzifəsidir. Belə ki, bu cür vəzifə sahibləri üçün əsas dəyərlər, meyarlar məhz "kimin pulu çoxdur", "kimin maşını daha böyük və bahalıdır" prinsipiylə ölçülür. Məhz elə bu səbəbdən də onlar sadə vətəndaşlarla ikinci dərəcəli insanlar kimi davranırlar. Buna görə də bir sıra məmur balaları hətta polisi də döyə, maşını yolun gur yerində yüksək sürətlə idarə edə bilirlər. Çünki onlar hələ ki, lazımi qaydada, yəni ən ağır formada cəzalandırılmayıblar. Cəzalanmaqları bir yana, bir gün eşidirsən ki, dünənə qədər atasının puluna güvənib min hoqqadan çıxan bala artıq vəzifə başındadır. Bir misal çəkim. İmişlinin icra başcısının gənc oğlunu birdən-birə Qaradağ rayon prokurorluğuna müstəntiq təyin etdilər. Aradan bir az vaxt keçmədi, indi də Nərimanov rayonuna gətiriblər. Bentley maşını sürən bu gənc bir azdan prokuror olmasa, mənə nə deyirsiniz deyin. Bunun kimi yüzlərlə misal çəkə bilərəm. Bir komitə sədri var, qardaşı oğlu kəmsavadın biri idi. Birtəhər onu Neft şirkətində işə düzəltdilər. Orda 20-30 il işləyən birisi deyir ki, bu gənci öyrədənə qədər başıma min oyun açdı. Amma yenədə işini bacarmır. Komitə sədrinin qardaşı oğludur deyə, ona güldən ağır söz deyən də yoxdur. Həmin şəxs danışır ki, o günü eşitmişəm ki, onu Neft şirkətinin idarələrindən birinə rəis müavini qoyublar. İndi mənə rəhbərlik edəcək. Bu hələ harasıdır. İnandırım sizi, elə hallar olub ki, danışılası belə deyil. Məmurlar hətta bir-birinin övladlarına ad günlərində vəzifə payı verirlər. Elə bil vəzifə onların dədə-babalarından qalıb. Dövlətin insanlara xidmət üçün müəyyən etdiyi vəzifəni şəxsi mülkləri kimi alıb, sata bilirlər. Bax belə. Sizcə bu cür gənclərin vəzifədə olması dövlətimizə xeyir verəcək? Təbii ki, yox. Amma bu gənclərdən fərqli olaraq, daha savadlı kasıb balasını vəzifəyə gətirmək, ölkəmizdə perespektiv üçün işıqlı yol aça bilər. Təssüf ki, bunu edən yoxdur. Belə olduğu təqdirdə kasıb balasının qarşısında iki yol qalır. Ya gedib fəhləlik edib, birtəhər dolansın, ya da başqa ölkəyə üz tutsun. Türkiyədə, Rusiyada bu cür minlərlə gənc çalışır. Özü də uğurla. Hətta həmin ölkələrdə yüksək vəzifə sahibinə də çevrilirlər. Amma bizdə iki universitet qurtaran savadlı gənc ya günəmuzd fəhlə işləyir, ya da sürücülük edir.

Məmurlarımızın dil problemi

Azərbaycan dilində danışmaq qanuni şərtdir. Konsititusiyada təsbit edilib. Digər tərəfdən Azərbaycanda yaşadığımızıda gəlin unutmayaq. Amma unudanlar var. Bəli düz tapdınız, yenə məmurlar və balaları. Bəzi məmurlarımız və onların övladları Azərbaycan dilinə ikinci, bəlkədə üçüncü dil kimi baxır. Forsdanmı, yoxsa başqa millətə məxsus olmaqlarındanmı onlar daha çox rus və ingilis dilinə üstünlük verirlər. Halbuki, həmin məmurların Azərbaycan dilində danışması az əvvəl dediyim kimi məcburidir. Bəs nədən bu kəslər dilimizə bu cür hörmətsizlik edirlər? Bir dəfə bu məsələyə toxunmuşdum. Və belə bir arqument gətirmişdim ki, həmin şəxslər özlərini azərbaycanlı adlandırsalarda fərqli millətlərə, hətta erməni millətinə mənsubdurlar. Yenə də bu fikirdəyəm ki, onlar məhz başqa millətə mənsub olduqlarına görə bizim dildə danışmağı özlərinə sığışdırmırlar. Evdə mənsub olduqları dildə danışır, işdə, ictimaiyyət arasında da ya ingiliscə, ya da rusca danışırlar. Belə şəxsləri vəzifədə saxlamaq və yaxud vəzifəyə qoymağın özü bir cinayətdir. Məhz onlar bizim savadlı gəncliyi yaxına buraxmır. Ölkədən didərgin salır. İşləməyə imkan vermir. Süni narahatlıq və narazılıq yaradırlar ki, dövlətdən incik düşsünlər. Gördüyünüz kimi vəzifədə təmsil olunan bəzi məmurların dilimizə olan hörmətsizliyi əndazəni keçibdir. Dediyim kimi, onlar özləri başqa dildə danışmaları bir yana, evdə böyüyə övladlarına da Azərbaycan dilində danışmağı öyrətmir.

P.S

Məlumat üçün bildirək ki, Arizon Universitetinin bir qrup alimi sübut edib ki, varlı uşaqları kasıb ailələrin uşaqlarından daha çox depressiyaya düşürlər. Belə ki, aparılmış araşdırmanın nəticələrinə görə, depressiya nəticəsində onlar daha çox narkotik, ağır dozalı spirtli içkilər qəbul edir. Orta hesabla varlı yeniyetmələrin müxtəlif növ depressiyalardan kasıb həmyaşıdlarına nisbətən daha çox əziyyət çəkdiyi sübut edilib. Bunun izahı isə belədir: varlı və uğur qazanmış valideynlər öz uşaqlarına böyük ümidlər bəsləyir. Bu isə daha çox emossional təzyiqlərlə müşayiət olunur. Bundan başqa, varlı uşaqların varlı dostları da bu depressiyada mühüm rol oynayır. Çünki onların münasibəti daha çox rəqabət xarakteri daşıyır. Psixoloqlar onu da müəyyənləşdiriblər ki, varlı uşaqlarının kriminala meyl etməsinin arxasında ancaq adrenalin axtarışı, həyatı rəngləndirmək istəyi dayanmır. Onlar eyni zamanda, bu yolla valideynlərinin diqqətini cəlb etmək istəyirlər. Ancaq bu halda valideynin silkələnib, övladına vaxt ayıracağını düşünən gənclərin içində böyük bir sevgi boşluğu olur...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.