Zakir Fərəcov baş həkimə racon kəsdi - Qazandığın pulla xəstəxananı təmir et...

15-09-2015, 10:51           
Zakir Fərəcov baş həkimə racon kəsdi - Qazandığın pulla xəstəxananı təmir et...
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun camaat arasında "göz xəstəxanası" kimi tanınan 2 saylı xəstəxanaya gəlişi baş həkimə baha başa gəlib.

Moderator.az - a daxil olan məlumata görə, təmirsiz vəziyyətdə olan, daxildən uçub-dağılan xəstəxananın bərbad vəziyyəti icra başçısının qəzəbinə səbəb olub. Xəstəxananın nə üçün təmirsiz olduğunu soruşan icra başçısına baş həkimin verdiyi cavab Zakir Fərəcovu daha da əsəbləşdirib. Baş həkim dövlət tərəfindən təmir üçün vəsaitin ayrılmadığını bildirib və xəstəxananın mövcud durumuna bununla haqq qazandırmağa çalışıb.

Zakir Fərəcov isə cavabında baş həkimdən məlum xəstəxanada gün ərzində neçə cərrahi əməliyyatın keçirildiyini və bu əməliyyatların qarşılığında xəstələrdən nə qədər pul alındığını soruşub. Baş həkimin şifahi şəkildə səsləndirdiyi statistikanı dinləyən icra başçısı xəstəxana rəhbərliyinə maraqlı çıxış yolu təklif edib. İcra başçısı tövsiyyə edib ki, cərrahi əməliyyatlar üçün xəstələrdən alınan vəsaitin bir hissəsi təmir üçün ayrılsın.

İcra başçısı baş həkimi yalnız şəxsi maraqlarını güdməkdə, xəstəxana hesabına pul qazanıb xəstəxananın təmiri üçün bir qəpik vəsait xərcləmək istəməməklə ittiham edib. İcra başçısının bu xəbərdarlığından sonra baş həkim xəstəxananı daxili imkanlar hesabına təmir etməyə qərar verib. Mənbənin sözlərinə görə, artıq xəstəxana binası qarşısında aparılacaq təmir işləri ilə bağlı xəbərdarlıq lövhələri quraşdırılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.