Tikinti materialları bazarında böyük bahalaşma - 11,3%-lik artım

18-04-2015, 11:41           
Tikinti materialları bazarında böyük bahalaşma - 11,3%-lik artım
Azərbaycanın tikinti bazarında elə də ciddi durğunluq yaşanmır. Alıcılar, satıcılar hər şeydən məmnun olmasalar da, hər şeyin zamanla düzələcəyini düşünürlər. Ancaq narahatlıq doğuran amillərdən biri tikinti sektorunda ən çox istifadə edilən malların qiymətində müəyyən qədər artımın olmasıdır. Son statistika göstərir ki, bu ilin martında tikinti materiallarının qiyməti ümumilikdə 11,3% bahalaşıb.

Bakının tikinti materialları bazarında aparılan monitorinq nəticəsində bəlli olub ki, fevral ayında bu artım 3% təşkil edib. Orta qiymətin artmasına əsasən armaturun bahalaşması təsir göstərib. Armaturun bahalaşması isə xammal qiymətinin yüksəlməsi ilə bağlıdır.

ANS PRESS-in məlumatına görə, hazırda “Baku Steel Company” şirkətinin satış şöbəsində armaturun bir tonu 690 manata satılır. 2013-cü ildə 750 manat, 2014-cü ildə 630 manat olub. Xammal xaricdən, eyni zamanda zavod və müəssisələrdə istehsaıata lazım olmayan, əhali tərəfindən yığılan qara metal qırıntıları hesabınadır. Qiymət artımında isə manatın devalvasiyası mühüm rol oynayıb.

Şirkətdən bildirilib ki, əvvəllər satış daha çox olsa da, indi get-gedə azalır. Bunun səbəbi köhnə layihələrin icrasının başa çatmasısır. Armatur ən çox tunellərin, körpülərin, hündürmərtəbəli binaların tiintisində istifadə olunur. İndi ən çox satış tikinti şirkətlərinə, əhali qrupuna aiddir.

Ekspertlər də təsdiqləyirlər ki, armaturun bütün nomenklaturasının qiyməti 8% artaraq bir tona görə 670 dollar təşkil edib. Tikinti materiallarının əksər digər növlərində isə qiymətlər sabit qalıb, yaxud azalmağa doğru gedib. Armaturun qiyməti xammalın qiymətinin artması ilə qalxıb. Bu, həm də fevralın sonunda manat azı 33 faiz devalvasiya olunması ilə bağlıdır.

Onların fikrincə, armaturun əsas istehsalçısı “Baku Steel Company” poladın əridilməsi üçün əsasən ölkə daxilində istehsal edilən qara metal qırıntılarından istifadə edir. Onun həcmləri azalır. Ancaq qiymətlərin sabit qalması və hətta azalması fərdi tikinti bazarında fəallığın düşməsinə işarə edir, bu da əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə bağlıdır.

“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin inşaat materialları bazarında apardığı monitorinqlə bağlı mətbuat üçün açıqladığı məlumata görə, iyun ayında Bakıda tikinti materiallarının qiyməti 0,73% bahalaşıb. 38 adda 88 növdə tikinti materialı üzrə aparılan monitorinq nisbi canlanmanın müşahidə edilməsi ilə yanaşı, bir çox tikinti materialları növləri üzrə qıtlığın yarandığını göstərib. Qiymət artımları əsasən Ukrayna (13,64%) və Rusiyadan (10,94%) idxal edilən sinklənmiş təbəqələrdə özünü göstərib. Sahibkarlar bu artımın mövsümi amillərlə əlaqədar olduğunu bildiriblər.

Ümumilikdə ilin əvvəlindən indiyədək tikinti materialları 15,3%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 23,3% bahalaşıb.

“Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin ictimai əlaqələr departamentinin direktoru Elxan Şahverdiyev ölkəmizdə xammal çatışmazlığı ilə bağlı problemin olmayacağını söyləyib. O deyib ki, indi dünya iqtisadiyyatında gedən proseslər istənilən məhsulda qiymət artımına təsir göstərir. İqtisadi mənzərə indi göz qabağındadır. Dəmir filizi kondensatı da günbəgün düşür. Bu, neftin qiymətinin enməsi ilə bağlıdır. Bu ilin əvvəlində zənginlik dərəcəsi 58 faiz olan dəmir filizinin bir tonu 17 dollar 75 sentə düşüb. 65 faizlik filizin qiyməti isə yanvarda 80 dollar olub, hazırda isə 57 dollara düşüb. Halbuki 2013-2014-cü illərdə bir tonunun dəyəri 140 -150 dollar olub. Dünya birjasında isə hazırda 30 dollardır.

O, çıxış yolu kimi, yerli xammala üstünlük verilməsini məqbul sayıb: “Yeni texnologiyalar əsasında keyfiyyətli Azərbaycan markalı dəmir filizi - polad istesalı planlaşdırılır. Bu çərçivədə 2018-ci ilə qədər Azərbaycanda bir neçə zavod - dəmirdən polad istehsal edən zavod, həmçinin və poladdan armatur, şveller, rels, borular, polad məftil və s. istehsal edən müssisə və sexlərin yaradılması nəzərdə tutulur."

Onun sözlərinə görə, bu, hərtərəfli səmərəli olacaq. Belə ki, hazırda ölkəyə polad və polad məhsulların idxalı üçün hər il xərclənən 1,3 milyard dollara qənaət etməyə imkan yaradacaq. Görülən işlər nəticəsində 2018-ci ildən sonra kompleks tam işə düşəcək və "Daşkəsən Filizsaflaşdırma" ASC-nin illik istehsal gücü 1,7 min tona çatdırılacaq. Məhsullarımız həm yerli bazarı təmin edəcək, həm də ixracatımızı artıracaq.

Xatırladaq ki, Daşkəsənin 270 milyon ton təsdiqlənmiş dəmir filizi ehtiyatı var və bu, qarşıdan gələn 50-60 il ərzində neftdənkənar ixrac yönümlü yeni bir istehsal sahəsinin təşkilinə imkan verəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.