Nazilə Həsənova 315 saylı bağçanı hansı qaydalarla idarə edir?
30-09-2015, 11:54
Valideynlər müdirənin nazıyla oynamağa məcbur olurlar
Bağça uşaqların həyatında mühum mərhələlərdən biridir. Uşaqların təhsilə yiyələnmələrində, eləcə də sağlamlığının qorunmasında bağçanın rolu mühumdür. Təhsilə ilk yiyələnmə bağçadan başlayır. Ona görə də bağça uşaqlara təhsili sevdirə də bilər, sevdirməyə də. Bu baxımdan da valideynlər məktəbəqədər təhsil müəssisəsi seçərkən mütləq diqqətli olmalıdırlar. Bu gün valideyinlərin bağça seçmək üçün geniş imkanları var. Belə ki, paytaxtda kifayət qədər özəl və dövlət bağçaları fəaliyyət göstərməkdədir.
Valideynlər övladlarını məktəbəqədər təhsil müəsisəsinə qoyarkən daha yaxşısını seçmək imkanına malikdir. Təəssüf ki, paytaxtda fəaliyyət göstərən bağçaların heç də hamısı lazımi tələblərə cavab vermir. Xüsusilə də dövlətin balansında olan bağçaların fəaliyyətində kifayət qədər nöqsanlar yaşanmaqdadır. Belə təhsil ocaqlarından biri də Xətai rayonu, Cavanşir küçəsi 5 ünvanda yerləşən 315 saylı uşaq bağçasıdır. Sözügedən bağçayla bağlı redaksiyamıza kifayət qədər şikayətlər daxil olmaqdadır. Demək olar ki, sözügedən bağçayla bağlı şikayətlərin sayı tükənmir. Bağçanın müdirəsi Nazilə Həsənova təhsil ocağını öz qaydaları əsasında idarə edir. Dövlətə məxsus təhsil müəssisəsində qayda-qanunları kobud şəkildə pozur. Demək olar ki, uşaqların gələcəyini təhlükə altına qoyur. Xüsusilə də uşaqların sağlamlığı sözügedən bağçada təhlükə altındadır. Etibarlı mənbələrin verdiyi məlumata görə, vaxtı keçmiş qidanı körpələrə verməklə onların sağlamlığına balta çalırlar. Bundan başqa ərzaq məhsulları lazımi şəraitdə saxlanılmır.
Mənbə bildirir ki, adını çəkdiyimiz məktəbəqədər təhsil müəssisəsində neqativ hallar durmadan artır.
Baxmayaraq ki, orada baş verən neqativ hallarla bağlı qəzetimizdə yazılar dərc olunur, lakin bağçanın fəaliyyətinə nəzarət edən yoxdur. Buna görə də Nazilə Həsənova təhsil müəssisəsində at oynadır. Müdirəyə dəyib-dolaşan olmadığına görə, fəaliyyətində ciddi nöqsanlara yer verir. Etibarlı mənbələrin verdiyi məlumata görə, Nazilə Həsənova bağçada yer ola-ola, valideynlərə yer olmadığını bildirərək onları geri qaytarıb.
Yəni həmin uşaqların valideynləri “süzgəcdən” keçirildikdən sonra bağçaya qəbul edilib-edilməməsi barədə qərar qəbul edir. Halbuki, hər bir valideynin yaşadığı ərazidə bağça seçmək və uşağını həmin bağçaya qoymaq ixtiyarı var. təəssüf ki, Nazilə Həsənova rəhbərlik etdiyi bağçanı öz qaydalarıyla idarə edir. Nəyinsə müqabilində məktəbəqədər təhsil müəssisəsinə uşaq qəbul edir. Baxmayaraq ki, ölkədə korrupsiyaya və rüşvətə qarşı mübarizə gedir, Həsənova kimilər isə bundan çəkinmirlər. Öz bildiklərini edirlər. Bundan başqa bayramlardan istifadə edərək valideynlərdən nəsə tələb edir. Çox zaman valideynlərin tələb olunanı verməyə imkanı olmur. Lakin hansısa valideyn tələb olunanı vermədikdə uşağı incidilir. Valideynə qarşı kobud münasibət göstərilir. Ona görə də valideynlər müdirənin çaldığı havaya oynamağa məcbur olurlar.
Bundan başqa valideynlərin verdiyi məlumata görə, bağçanın mətbəxində antisanitariya hökm sürür. Bağçada mətbəxində çalışanlar gigiyenik qaydalara əməl etmirlər. Aşpazlıq peşəsindən başı çıxmayanları aşpaz kimi işə götürüblər. Belə şəxslər yemək hazırlayarkən belə resepturaya uyğun hazırlaya bilmirlər. Standartlardan kənara çıxırlar.
Göründüyü kimi, sözügedən 315 saylı uşaq bağçasında kifayət qədər nöqsanlar var. Ümid edək ki, körpələrimizin gələcəyi, normal şəkildə qidalanmaları və məktəbəqədər tədris almaları üçün bu kimi nöqsan və problemlər tez bir zamanda aradan qaldırılacaq.
P.S. Bağçanın içərisinə keçmək, reportaj hazırlamaq qeyri mümkündür.
P.P.S. Qarşı tərəf münasibət bildirmək haqqına malikdir.
gundelikbaku.com