Məşhur aktrisanın qızına da, özünə də xərçəng diaqnozu qoyuldu
4-04-2023, 19:14

Türkiyənin tanınmış aktrisası Hülya Koçiğit qızından sonra özündə də xərçəng xəstəliyinin aşkar olunduğunu deyib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, xərçənglə mübarizə həftəsi çərçivəsində keçirilən tədbirə qatılan aktrisa Hülya Koçyiğit qızının xərçənglə mübarizəsindən danışıb. Qızında xərçəng tapılandan çox üsyan etdiyini deyən "Yeşilçam" ulduzu sözlərinə belə davam edib:

"Allah heç kəsi övladı ilə imtahana çəkməsin. Bu, mənim üçün böyük bir üsyan idi. Niyə məndə yox, övladımda aşkar olundu deyə üsyan etdim. 3 il sonra mən də xərçəngə tutuldum.Düşünürəm ki, üsyanım cəzalandırıldı. Amma övladımın xərçəng xəstəsi olması mənim üçün çox çətin idi. Öz xəstəliyimi daha asan qəbul etdim. Amma şükürlər olsun ki, uğurlu müalicə aldı və sağaldı.
Qızım xərçəngdən xilas olduqdan sonra bunu qeyd etmək üçün dağa çıxdıq. Uşaqlar xizək sürürdülər. Mən də üzü aşağı enərkən divara çırpıldım. Tətildən qayıdanda ağrılarım davam edirdi. Rentgen çəkdirdik. Tomoqrafiyada şübhə var idi, amma heç nə aydın deyildi. Sonra yoxlamalar davam etdi. Nyu-Yorkda səyahət edərkən həkimə getdim. Həkim dərhal dedi ki, biopsiya edək. Biopsiya zamanı ağciyərim söndürüldü. Dedilər ki, ehtimal var, amma mində birdi. Biopsiyadan sonra ona ağciyər xərçəngi diaqnozu qoyuldu. Həkim dedi ki, indi əməliyyat etsəm, kimyaterapiyaya ehtiyac qalmayacaq, xərçəng də keçəcək. Mən vaxt istədim. Bu, asan qərar deyildi. Mənim də əməliyyat fobiyam var. Nəhayət qərara gəldim ki, əməliyyat olunum".
Erkən diaqnozun əhəmiyyətindən danışan Hülya Koçyiğit hesab edir ki, bu gün müalicə üsulları daha da asanlaşıb.
"Erkən diaqnoz həyatınızı xilas edir. Mən də, qızım da buna nümunədir. Təəssüf ki, ikimiz də tutduq. Amma erkən diaqnoz olduğu üçün müalicə ilə həyatımızı bərpa edə bildik", - aktrisa qeyd edib.