Mübariz Mənsimovun işində 15 iyul çevriliş cəhdilə bağlı məqamlar – “Ərdoğan gedəcək, Gülən gələcək”
15-06-2020, 02:21
“Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovla bağlı Türkiyədə başladılan FETÖ istintaqı sona çatıb. M.Mənsimova “silahlı terror qruplaşmasına üzvü olmaq” ittihamı ilə 7.5 ildən 15 ilə qədər həbs cəzası tələb edilib.
Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğu və Mütəşəkkil Cinayətlər Bürosu tərəfindən hazırlanan 26 səhifəlik iddianamə İstanbul Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Üç hissədən ibarət iddianamədə M.Mənsimovun xüsusilə 15 iyul çevriliş cəhdindən əvvəl söylədiyi iddia edilən sözlər diqqət çəkir.
M.E adlı şahidin İstanbul Cümhuriyyət Baş Prokurorluğuna verdiyi ifadəyə görə, Mənsimov 15 iyul çevriliş cəhdindən bir neçə həftə əvvəl ofisdə olarkən "Bunların hamısı müvəqqətidir, hoca əfəndi gələcək" deyərək əlini ürəyinin üzərinə qoyub. Şahid "Yəni ürəkdən istədiyi kimi danışdı. Bu sözləri şirkət ofisində bir vəkillə söhbət edərkən söylədi. Qısa müddət sonra çevriliş cəhdinin olduğunu biləndə şirkətdən ayrıldım" deyib.
Digər bir şahid A.Ç. isə 2014-cü ilin əvvəllərində Palmali şirkətinin bütün rəhbər şəxslərinin Rusiyanın Rostov şəhərində Palmali şirkətinin ziyafətində yaşananları prokurorluqla paylaşıb.
Şahid "axşam yeməyi üçün bir restorana gedildi. Mənsimov o zaman Baş nazir olan Rəcəb Tayyib Ərdoğan haqqında “Ərdoğan tezliklə gedəcək" deyərək, FETÖ başçısını işarə edərək “Hoca əfəndi gələcək" dediyini bildirib.
A.Ç.-nin verdiyi ifadədə, axtarışda olan təşkilatın meneceri İhsan Kalkavanın Mənsimovla birlikdə FETÖ başçısını ziyarət etdikləri, Mənsimova təşkilati ritual olaraq, Gülənin pijaması və papağının hədiyyə edildiyi bildirilir. A.Ç ifadəsində bu hədiyyələrin daha sonra Mənsimovun şirkətinin girişindəki Dəniz Muzeyində sərgiləndiyini bildiyini qeyd edib.
Prokurorluq bu ifadələrə uyğun olaraq, Mənsimovun təşkilat mənsubiyyətini artırmaq məqsədilə təşkilat başçısı tərəfindən bəzi əşyalar verilən təşkilatın əsas üzvlərindən biri olduğu qənaətinə gəlib.