Türkiyəli tələbələr MİFİ-dən FSB-nin qərarı ilə xaric edilib
4-02-2016, 22:55

Üç türkiyəli tələbə keçən ilin dekabrında Moskva Fizika-Mühəndis İnstitutunun (MİFİ) Milli tədqiqat nüvə universitetindən Rusiya Təhlükəsizlik Ximətinin (FSB) qərarı ilə xaric ediliblər, İnsan haqları üzrə Rusiya prezidenti yanında şura (SPÇ) öz saytında dərc olunmuş xəbərdə bildirib.
"Moskva Fizika-Mühəndis İnstitutunun Milli nüvə tədqiqatları universitetinin üç tələbəsi Federal Təhlükəsizlik Xidmətinin qərarı əsasında xaric olunub. Qərarda həmin tələbələrin Rusiya Federasiyası ərazisində qalmalarının arzuolunmazlığı qeyd olunub,”- SPÇ-ə Baş Prokurorluqdan bildirilib.
Hələ 2015-ci ilin dekabrında Rusiya Təhsil naziri Dmitri Livanov bildirmişdi ki, MİFİ-dən “iki və ya üç” Türkiyə tələbəsi “dərslərinin öhdəsindən gəlmədikləri üçün” xaric olunublar.
Bundan əvvəl Rusiya Təhsil naziri vəd etmişdi ki, Türkiyə tələbələri üçün iki ölkə arasında münasibətlərin gərginləşməsi üzündən problemlər yaranmamalıdır.
Rusiya Baş prokurorluğunun yaydığı məlumata əsasən, daha 9 tələbə Voronejdə ödəniş şərtlərini pozduqlarına görə təhsil ocağından xaric edilmişdilər.
Türkiyəli daha bir gənc isə Samarada öz ərizəsi əsasında tələbələr sırasından xaric olunmuşdu.
SPÇ rəhbəri Mixail Fedotovun adına ünvanlanmış məktubda Baş prokurorluq bildirib ki, Türkiyə tələbələrinin tərxis olunması zamanı “təhsil sahəsində Rusiya qanunvericiliyinin pozulması halları aşkar edilməyib”.
Rusiya ilə Türkiyə arasında münasibətlər keçən ilin noyabr ayında Türkiyə hərbi hava qüvvələri Rusiyanın Su-24 bombardmançı təyyarəsini vurduqdan sonra kəskin dərəcədə pisləşib. Türkiyə öz hərəkətini Rusiya təyyarəsinin Türkiyə hava məkanını pozması ilə əsaslandırıb.
Rusiya rəhbərliyi isə təyyarənin Türkiyə hava hüdudlarına daxil olmadığında təkid etməkdədir.
Prezident Vladimir Putin Rusiya təyyarəsinin vurulmasını “arxadan endirilmiş zərbə” kimi səciyyələndirib.