Heç kim qarışa bilməz - Kılıçdaroğlunun iddiasına Çavuşoğlundan cavab 197
14-05-2023, 11:31

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu "Millət İttifaqı"nın prezidentliyə namizədi, CHP sədri Kamal Kılıçdaroğlunun Rusiyanın prezident və parlament seçkilərinə müdaxilə etdiyi ilə bağlı iddialarını tənqid edib.
Bakupost.az CNN Türk-ə istinadən xəbər verir ki,Çavuşoğlu Kılıçdaroğlunun “Rusiya seçkilərə müdaxilə edir. Belə bir müşahidəm var idi” kimi ifadələr işlətdiyini xatırladıb və Türkiyədə seçkilərin hər zaman şəffaf keçirildiyini vurğulayıb:
"Bu ölkədə şübhə mühiti yaratmaq haqsızlıqdır. Biz Rusiyanın və ya Qərbin bu seçkilərə qarışmasını istəmirik, qarışa da bilməzlər. Nəticələr şəffaf olacaq, qərarı xalqımız verəcək".
Türkiyənin F-35 proqramına qayıtmasının mümkün olub-olmaması ilə bağlı sualı cavablandıran Çavuşoğlu "Biz artıq pulumuzu istəyirik. Ödədiyimiz pulun geri qaytarılmasını istəyirik" deyib.
Çavuşoğlu bildirib ki, Türkiyə, Rusiya, Suriya və İran xarici işlər nazirləri mayın 10-da Moskvada keçirilən görüşdə terrorla mübarizə, miqrantların geri qaytarılması, humanitar məsələlər və siyasi nizamlama ilə bağlı atılacaq addımlar üzərində işləmək barədə razılığa gəliblər:
"Suriyada daimi sabitlik olmadan Türkiyənin oradan çəkilməsi Suriyanın sərhəd bütövlüyü və Türkiyənin milli təhlükəsizliyi üçün ciddi təhdid yaradır. Bu məsələlər bir yol xəritəsi çərçivəsində işlənməlidir".