Türk Lirəsi dollar qarşısında rekord minimuma düşdü

30-05-2023, 10:58           
Türk Lirəsi dollar qarşısında rekord minimuma düşdü
Rəcəb Tayyip Ərdoğanın bazar günü keçirilən prezident seçkisinin 2-ci turunda qələbə qazanmasına və səhmlərin bahalaşmasına baxmayaraq Türkiyə lirəsi (TL) bazar ertəsi günü dollar qarşısında rekord minimuma düşüb.

Tənqidçiləri Rəcəb Tayyib Ərdoğanı qeyri-ortodoks (qeyri-ənənəvi) iqtisadi siyasətlərdə günahlandırırlar. Müxalifətin bu siyasətdən dönməyə söz verməsinə və iqtisadi təlatümlərə baxmayaraq Ərdoğan qalib gəlib.

Marja az xəbər verir ki, Dollar/Türk Lirəsi məzənnəsi 20,24 səviyyəsinə yüksəlib (Bakı vaxtı ilə saat 09:10-a olan məlumat). Bu gün Türk Lirəsi Dollar qarşısında 0,5% də dəyərdən düşüb.

Bazarlarda iyun ayında ABŞ Mərkəzi Bankının (FED) faizlərini daha 0,25 faiz bəndi artıracağına dair inam artır. Bu da dolları dəstəkləyir.

Lirə ilin əvvəlindən bəri 8%-ə yaxın dəyər itirib. Eyni zamanda, Lirə son on ildə 90%-dən çox ucuzlaşıb. Ölkədə inflyasiya tüğyan edir.

Danske Bank-ın baş analitiki Minna Kuusisto bildirib ki, "Ərdoğanın iqtisadi siyasətində dönüş olmadığı təqdirdə kəskin valyuta böhranı riski yaranır".

2021-ci ildə baş verən valyuta böhranından sonra Türkiyə rəsmiləri valyuta bazarlarında getdikcə daha praktik rol oynayırlar. İxrac ilə məşğul olan şirkətlər indi valyuta gəlirlərinin 40%-ni mərkəzi banka satmağa borcludurlar. Lirənin dəyərdən düşməsi ilə qorunan bank depozitləri sxemi əsas müdafiə vasitəsidir.

Türkiyənin valyuta və qızıl ehtiyatları demək olar ki tükənib.

Analitiklər bildirirlər ki, hazırda Türk Lirəsinə satış təzyiqi, Türkiyəni tərk etməyə çalışan kapital ilə əlaqədardır.

Digər tərəfdən bazar ertəsi səhmlər 4,10%, bank indeksi 2,13% artıb.

Türkiyə səhmlərinə sahib olan xarici aktiv menecerlərinin payı son illərdə azalıb və bazarı əsasən yerli investorlar idarə edir.

Bununla belə, analitiklər daha geniş iqtisadi problemlər fonunda qazancları saxlamağın çətin olacağını söyləyirlər.

Ərdoğanın qələbə qazanması ölkədə mövcud siyasətlərin davam etdiriləcəyi deməkdir.

Lirənin ucuzlaşması və tükənən ehtiyatlardakı gərginlik istiqraz investorlarının narahatlığını artırır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.