Şərqi Azərbaycan vilayətində populyar adlar siyahısında türk adlar var

29-12-2023, 11:34           
Şərqi Azərbaycan vilayətində populyar adlar siyahısında türk adlar var
İranın Şərqi Azərbaycan vilayətinin Qeydiyyat İdarəsinin müdiri Rza İmani Tabriz-e-Bidar adlı yerli media ilə söhbətində vilayətin ən populyar adlarının siyahısını açıqlayıb. Rəsminin açıqladığı həmin siyahıda türk adların olması diqqət çəkib.

İmaninin sözlərinə görə, son 9 ayda Zəhra, Nəfəs, Fatimə, Mahlin, Aylin, Nura, Deniz, Selin, Anya və Helma adları qızlar üçün ailələr tərəfindən seçilən ən populyar adlar arasındaolub.

Oğlan uşaqları üçün isə ailələr Şərqi Azərbaycan vilayətində ən çox Ayhan, Əli, Əmir Əli, Əbülfəzl, Əlisan, Araz, Məhəmməd, Elvin, Orhan və Mehdi” adlarını seçiblər.

Aylin, Selin, Deniz, Ayhan və Orhan kimi türk adların Şərqi Azərbaycanda əhalinin uşaqlar üçün seçdiyi ən populyar adlar siyahısında olduğu bildirilir.

Görünən odur ki, İranda övladlarına türk adları seçən ailələr üçün bir çox maneələr olsa da, türklərin sıx yaşadığı vilayətlərdə türk adları populyar adlar sırasındadır. Davamlı xəbərlər yayılır ki, Qeydiyyat İdarəsi ailələrin seçdiyi türk adlarla razılaşmır və bu uşaqlar aylarla, bəzən hətta illərlə şəxsiyyət vəsiqəsindən məhrum edilirlər. Bəzi hallarda məktəb yaşına çatana qədər bəzi uşaqlar şəxsiyyət vəsiqəsi almaqdan məhrum qalırlar.

Ərdəbil vilayətində türk adlar ailələrin övladlarına ən çox seçdiyi adlar sırasında yer alıb
Daha əvvəl Ərdəbil və Zəncan vilayətlərinin rəsmiləri də həmn vilayətlərdə türk adlarının populyar adlar arasında olduğunu açıqlamışdılar. Zəncan vilayətində Ayhan adı ailələr tərəfindən övladlarına ən çox seçilən adlardan biri olub. Ərdəbil vilayətində isə populyar adlar siyahısı Şərqi Azərbaycan vilayətindəki ilə təqribən bənzərdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.