Ərdoğan Atatürkü necə əvəzləyir? –Təhlil

26-09-2016, 23:32           

Yuri Mavaşov

REGNUM İA, 26.09.2016



Türkiyədə dövlət çevrilişi cəhdi təhsil sisteminə də ciddi təsir göstərib. Orta məktəb və universitetlərdə “Yeni Türkiyə”ni qurmalı olacaq şagirdlərə “15 iyul” hadisələrinin “yeganə düzgün” şərhi təqdim olunacaq. Prezident Ərdoğan cümhuriyyətin banisi Atatürkü əvəz edir, qiyamçılara qarşı durmaq isə “İstiqlal müharibəsi”nə bərabər tutulur. “Ağ-qara” mənzərə türklərin gələcək nəsillərini gərəksiz suallardan məhrum edib ölkəni “vətənpərvər” və “satqın”lara bölür.

Sentyabrın ortalarında 18 milyon tələbə və şagirdin təhsil ili zahirən adi şəkildə başlanıb. Lakin təhsil ilinin gedişində onların təliminin keçəcəyi atmosferi qeyri-adi saymaq olar. Çünki təhsil dəqiq və ya humanitar elmlərin öyrənilməsindən deyil, dövlət çevrilişinə cəhdin başladığı “satqın”lığın tarixindən başlanır.

Müəllimlərə təhsil alanları “türk demokratiyası”na “daxili və xarici düşmənlər” tərəfindən necə hücum edildiyi barədə incəliyi ilə məlumatlandırmaq göstərişi verilib. Həmin fəlakətli gecədə həyatını konstitusiyalı quruluşa qurban vermiş şəhidlərin xatirəsi də yad ediləcək. Təhsil müəssisələrinin əməkdaşları paralel olaraq şagirdlərin həlak olmuş 241 nəfərin fotoşəklini görə biləcəyi “şəhidlər guşəsi” yaradırlar. Tələbələr bu mövzuya həsr edilən səhnələşdirilmiş tamaşalar təşkil edirlər. Məktəblilər “qəhrəmanların qurban getməyi” sayəsində meydana çıxmış şücaətə sadiq olmaq və heç vaxt unutmamaq andı içirlər.

Türkiyə təhsil nazirliyinin məxsusi hazırladığı yeddi dəqiqəlik videoçarx şagirdlərin baş vermişləri dəyərləndirməyində xeyli rol oynayacaq. Filmin əvvəlində ölkənin udduğu böyük tarixi döyüşlərdən söz açılır. Məşhur 1915-ci il “Çanaqqala yaxınlığında döyüş”, həmçinin 1919-1922-ci illər Müstəqillik uğrunda milli-azadlıq müharibəsi bu cür hadisələrə aid edilir. Sonra süjet xətti süzgün şəkildə ölkənin nail olduğu qələbələri sanki möhkəmlədən və başa çatdıran 2016-cı il 15 iyul dövlət çevrilişi cəhdinə keçir. Vətəndaşların qiyamçıların tanklarına qarşı durduğu səhnələr şagirdlərin gözü qabağına gəlir. Lakin film bununla kifayətlənmir: İstiqlal marşı milli himnin sətirlərini təmkinlə oxuyan kadrarxası səs də eşidilir… Bu səs videoçarxda görünməyi çox çəkməyən prezident Rəcəb Tayib Ərdoğana məxsusdur. Lider şagirdlər qarşısında vətəndaşları küçələrə çıxıb demokratiyanı qorumağa çağıran ali baş komandan kimi durur.

Əsərin yekununda islamçıların ƏİP-ə çoxminli dəstək mitinqi və Türkiyə Cümhuriyyətinin dünyəvi qurucusu, islahatçı Mustafa Kamal Atatürkün portreti göstərilir. Görünür, nazirliyin qulluqçuları sonuncuya da, ən azı, simvolik olaraq öz sayğılarını bildiriblər. Təəccüblü deyil, axı Ərdoğan ölkədə yaradıcısı olmadığı hakimiyyət varisliyini vurğulayıb öz legitimliyini bir daha qeyd edə bilər.

Məşhur türk analitiki Mustafa Akyol əmindir: “Bu yeni mifdə Ərdoğan Atatürkü əvəz edir, “15 iyul” isə müstəqillik uğrunda yeni Savaşa çevrilir”.

Bu cür qiymətlə razılaşmamaq çətindir. Xüsusən də məzmun baxımından bu ideoloji “əvəzlənmə” artıq çoxdan hazırlanır, təşviq olunurdu, ƏİP-in inzibati resursları və nəzarətindəki media sayəsində əksər vətəndaşlar üçün isə artıq baş tutub. Qarşımızdakı “Yeni Türkiyə”nin “yeni xilaskarı”dır (hakim partiyanın şüarı).

Lakin təhsilə qayıdaq. Görünür, təhsil nazirliyi gənc nəslin, belə desək, “vətənpərvər ruh”da tərbiyə edilməsinə ciddi və uzunmüddətli şəkildə girişməyi qət edib. Rəsmən elan olunub ki, növbəti ildə dövlət çevrilişinə cəhd, daha doğrusu, onun şərhi orta məktəb və universitet dərslik ədəbiyyatında hökmən əks olunacaq. Hələlik isə həmin xoş niyyətlə “15 iyul”a həsr edilmiş iki buklet şagirdlərin diqqətinə təqdim olunur. Hesab etmək lazımdır ki, “qavrayış əlaqəsi” kəsilməyəcək. Bukletin biri “Demokratiyanın qələbəsi və şəhidlərimiz” adını daşıyır. Sezmək çətin deyil ki, o, Ərdoğanın çevrilişin tarixini şərh etdiyi giriş sözlərilə başlanır və davam edir: gənc oxucu “satqın gülənçilər”in təbiətinin təsviri ilə üzləşir. Digər bukletin başlığı isə bu cürdür: “15 iyul: Türkiyəni işğal etmək cəhdi”.

Burada Osmanlı imperiyasından başlayaraq legitim hakimiyyətə qarşı çevriliş və üsyanların tarixini görürük. Onu tarixçi, hökumətyönlü “Sabah” qəzetinin köşə müəllifi yazıb. Oxucunun diqqətini üz qabıqda obrazlı şəkildə “Troya atı”nda təsvir edilmiş gülənçi “müdaxilə ordusu” cəlb edir. Beləliklə, “15 iyul” haqda hekayət Türkiyə təhsil sisteminin inteqral hissəsi edilərək bir xeyli illər öncədən əbədiləşdirilir.

Bu təhsil proseslərində diqqət çəkən nədir?

Bir tərəfdən, Türkiyə hökuməti və ictimaiyyətinin haqqı çatır ki, öz şagirdlərinə “15 iyul” hadisələri haqda ətraflı məlumat versin. Həqiqətən də, çevriliş cəhdi zamanı silahsız, siyasi rəğbət və nifrətindən asılı olmayaraq, əsasən mülki vətəndaşlar qurban gedib. Tamamilə məntiqlidir ki, Türkiyə bu həlak olmuşlara “şəhid”, bu qiyamın təşkilində hökumətin şübhəli bildiyi gülənçilərə isə satqın və cinayətkar kimi yanaşır.

Digər tərəfdən, təhsil nazirliyinin şagird və tələbələrə verdiyi bu dünyagörüşü onların qarşısında “ağ-qara” rəngdə duran əbədi donuq qavrayışı əks etdirir. Burada yalnız “milləti” daxili və xarici “düşmən və satqınlardan” qoruyan “vətənpərvərlər” var. Saqada hər cür çoxsaylı təhlükələrə baxmayaraq “milləti” yönəldən ali baş komandan da təsvir olunub.

Şagirdlərə təlqin olunan mənzərə özünü tənqidə eyhamdan və türklərin gənc nəslinin qarşısında sıradakı sualları qoya biləcək ölkədə baş vermişləri mənalandırmaqdan xalidir. Mustafa Akyol heyrət edir: “Türk xalqı “çevriliş cəhdi” adlandırılan uçurumun kənarına niyə və necə gəlib çıxdı? Türkiyədə bu qədər qanlı xarakter almış hakimiyyət uğrunda mübarizənin kökü, ilkin səbəbi hansılardır? Dövlət və rəhbərliyi əleyhinə vuruşduğu təhlükəyə sanballı pay verirmi?”

Türkiyə Cümhuriyyəti qütblər ölkəsi olaraq qalmaqdadır və indi bunu təhsil sistemində möhkəmləndirməyə can atırlar. Bundan əvvəl Atatürkün “Köhnə Türkiyəsi”ni dünyəvi azlıq rejimi sərt şəkildə idarə edirdisə, Ərdoğanın “Yeni Türkiyə”sində balı hər cür mühafizəkar islamçılar idarə edir. Bu siyasi sistem opponentlərin və azad düşüncəlilərin rəylərini nəzərə ala biləsi siyasi inklüzivliyi (hər kəsin ümumi prosesə cəlbini-tərc.) nəzərdə tutmur. “Satqınlar”ın bəraət şansı yoxdur. Bir sıra tük analitikləri hesab edirlər: “Ərdoğan islamçıların gəlişinə qədər cümhuriyyətçilərin qurduğu üsulları dəyişdirmir. Onlar, sadəcə, dünyəvi simvolları İslamınkı ilə əvəzləyirlər”.

Tərcümə Strateq.az-ındır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.