İraqın İŞİD işğalındakı türkmən şəhərində qanlı azərbaycanlı izləri -FOTO
25-08-2017, 09:02
Xəbər verdiyimiz kimi, İraq ordusu və könüllü silahlı dəstələr türkmən şəhəri Telaferin azad edilməsi əməliyyatını davam etdirirlər. Əməliyyat sürətlə gedir. İraq mediasının məlumatına görə, son olaraq şəhərin 40 faizə qədəri artıq İŞİD-dən azad edilib.
Avqustun 24-də davam edən əməliyyatlarda 300-dən artıq İŞİD silahlısı öldürülüb, 70-dən artıq terrorçu əsir alınıb. Əməliyyatların davam etdiyi bir vaxtda İraqda diplomatik aktivlik müşahidə olunur. Ötən gün Bağdada Türkiyə XİN rəhbəri Çavuşoğlu səfər edib. Ondan sonra isə Səudiyyə Ərəbistanı, Fələstin hökumətinin naziri, eləcə də bir sıra Avropa ölkələrindən bir neçə nazirlər səfər edib.
Qeyd edək ki, Telafer hazırda İraqda İŞİD-in əlində qalan ən böyük yaşayış məntəqəsidir. Türkmən şəhəri Telafer 2014-cü ildə Mosulun işğalı ilə eyni vaxtda İŞİD-in əlinə keçib. Bu zaman şəhərdə yaşayan əhalinin böyük hissəsi qaçıb, çoxlu sayda günahsız insan edam edilib, müqavimət göstərməyə çalışanlar isə məhv edilib.
Telafer əməliyyatı ilə bağlı bizim diqqətimizi başqa bir məqam cəlb etdi. Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə, mediada azad edilən Telafer küçələrindən rəsmlər yayılıb. İŞİD-in işğalı zamanında yazıldığı ehtimal olunan rəsmlərdə divar yazılarının bir çoxu Azərbaycan türkcəsindədir. Bu isə Telaferdə İŞİD sıralarında çoxlu sayda azərbaycanlıların olması ilə bağlı iddiaları təsdiqləyir. Musavat.com -a verilən məlumata görə, Telaferdə İŞİD sıralarında çoxlu sayda azərbaycanlı olub. İraq ordusu ilə döyüşlərdə azərbaycanlı İŞİD-çilər öldürülüb, hətta əsirlər arasında da xeyli azərbaycanlıların olduğu deyilir. Gələn məlumatlarda o da bildirilir ki, Telaferi tərk etmək istəyən 14 nəfər azərbaycanlı İŞİD-çi yerli İŞİD-çilər tərəfindən ələ keçirilərək edam edilib.
Bu məlumatlar, eləcə də əsir alınan azərbaycanlılarla bağlı dəqiq məlumatlar yəqin ki, yaxın zamanlarda açıqlanacaq. Ancaq bu məlumatlarda və tğüdim olunan rəsmlərin ən acı tərəfi odur ki, Telafer də türkmən, yəni Azərbaycan şəhəridir. Oranın yerli əhalisi dil, adət-ənənə baxımdan Azərbaycan əhalisinə çox yaxındır. Yəni eyni xalqın nümayəndələriyik. Bu rəsimlərdən belə məlum olur ki, türkmən (Azərbaycan) şəhərini işğal edənlər arasında çoxlu sayda azərbaycanlı olub. Və qəribə də olsa, Telaferin azad edilməsi əməliyyatında 16-cı Türkmən briqadası da iştirak edir, hansı ki, üzvləri əsasən Telafer və ətraf bölgələrdən olan türkmənlərdir. Yəni Telaferdə səngərin hər iki tərəfində bizimkilər olub, nə qədər acı da olsa.