Türkiyənin bu açıqlamasına İrəvan niyə ümid edir? – Şərh

25-08-2017, 09:39           
Türkiyənin bu açıqlamasına İrəvan niyə ümid edir? – Şərh
Türkiyənin İqtisadiyyat naziri Nihad Zeybəkçinin açıqlaması, əslində, Almaniya kansleri Angela Merkelə cavabdır.

Bu sözləri Axar.az-a Türkiyənin Avrasiya İqtisadi Birliyi (AİB) ilə gömrük razılaşması imzalamaq istəməsi fonunda ortaya çıxan bəzi sullara aydınlıq gətirən analitik Elçin Mirzəbəyli deyib.

Ankaranın şansı yoxdur

Analitik Türkiyənin AİB-lə gömrük razılaşması imzalamaq istəməsi haqda səslənən fikirlərin həddindən artıq maksimalist ruhda olduğunu düşünür:

“Türkiyənin İqtisadiyyat naziri Nihad Zeybəkçinin açıqlaması, əslində, Almaniya kansleri Angela Merkelə bir cavabdır. Çünki Merkel Türkiyə ilə Gömrük Birliyi haqqında anlaşmanı təsdiq etməyəcəklərini bəyan etmişdi. Türk nazirin sözügedən açıqlaması da məhz buna adekvat olaraq verilib, üstəlik, nə qədər real olub-olmayacağı ilə bağlı hələ ki, rəsmi açıqlama yoxdur. Ümumiyyətlə, Gömrük Birliyi Avrasiya İqtisadi Birliyinin tərkib hissəsidir və AİB-in rəhbər strukturlarına tabedir. Yəni AİB-ə üzv olmayan dövlətlər bu quruma ayrıca bir formada üzv ola bilməzlər. Əgər Türkiyə Gömrük İttifaqına daxil olmaq istəyirsə, o zaman mütləq AİB-də təmsil olunmalıdır. Bu ittifaqda isə qərarlar konsensusla qəbul olunur. Yəni qəbul edilən qərarlar ittifaqa üzv olan dövlətlərin başçılarının ali şurasında təsdiq olunmalıdır. Hər hansı bir dövlət konsensus yolu ilə qərarlara veto da qoya bilər. Bu isə o deməkdir ki, faktiki olaraq indiki şəraitdə Türkiyənin Avrasiya İqtisadi Birliyinə daxil olmaq üçün heç bir şansı yoxdur. Digər tərəfdən, bu münasibətlər ikitərəfli və çoxtərəfli müqavilələr yoluyla da tənzimlənə bilər. Yəni AİB-in nizamnaməsi imkan verir ki, qurum ayrı-ayrı dövlətlərlə gömrük və digər sahələrdə sadələşdirilmiş prosedur keçmək üçün müqavilələr imzalasın. Türkiyənin ittifaqla əməkdaşlığı ancaq bu müstəvidə mümkün ola bilər”.

Ərdoğanın Bakıya vədi...

Sözügedən məsələnin Ermənistanla sərhədlərin açılması kontekstindən əlaqələndirilməsinə gəlincə, politoloq bunu doğru saymadığını deyib:

“Bunlar tamamilə ayrı-ayrı mövzu və istiqamətlərdir. Türkiyənin indiki şəraitdə Azərbaycanın maraqlarına hər hansı bir zidd addım atacağını düşünmürəm. Bu, Türkiyənin dövlət başçısı səviyyəsində də bəyan edilib. Ərdoğanın verdiyi vəddən geri çəkilməsi üçün hər hansı bir əsas yoxdur. Bu, türk liderin prinsip və davranışlarına da uyğun gələn bir yanaşma tərzi deyil”.

Rusiyanın Türkiyə ümidi...

Məsələyə Türkiyənin Rusiya vasitəsiylə Qərbə həmlə etməsi aspektindən də yanaşan analitik bildirib ki, Ankaranın belə bir oyuna ehtiyacı yoxdur:

“Bu, real deyil. Əslində, Rusiya elə sanksiyalar qarşısındadır ki, indiki şəraitdə Moskvanın Ankaraya daha çox ehtiyacı var. İqtisadi, maliyyə sanksiyaları, enerji sektorunda Rusiyanın fəaliyyətinin məhdudlaşdırılması və rus şirkətlərinə tətbiq olunan embarqolar Moskvanın manevr imkanlarını zəiflədib. İndi Türkiyə ilə iqtisadi əməkdaşlıq Rusiyanın daha çox marağındadır, nəinki Türkiyənin. Bu aspektdən də məsələnin Ermənistanla sərhədlərin açılması şərtiylə bitəcəyi absurd bir yanaşmadır. Ermənistan Azərbaycan torpaqlarının işğalından geri çəkilmədiyi və Rusiya Ermənistana qarşı konkret sanksiya və təzyiqlər həyata keçirmədiyi təqdirdə Türkiyə işğalçıyla sərhədləri açmayacaq”.

Qeyd edək ki, Türkiyənin İqtisadiyyat naziri Nihad Zeybəkçi bir müddət öncə ölkəsinin Avrasiya İqtisadi Birliyi (AİB) ilə gömrük razılaşması imzalamaq niyyətində olduğunu açıqlayıb. Hazırda bu məsələ erməni ekspert dairələrində geniş müzakirə olunur və Türkiyənin Ermənistanın üzv olduğu koalisiya ilə müqavilə bağlamaq istəyi Ermənistan-Türkiyə sərhədinin açılması baxımından şans kimi dəyərləndirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.