Nəsimi soyularaq edam edilib, yoxsa... - Professor

1-03-2019, 08:14           
Nəsimi soyularaq edam edilib, yoxsa... - Professor
İmadəddin Nəsiminin dərisinin öldürüldükdən sonra soyulması, yoxsa dərisinin soyularaq edam edilməsi müzakirəsinə daha bir alim qoşulub.

Kult.az xəbər verir ki, Bakı Dövlər Universitetinin Ərəb filologiyası kafedrasının professoru, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Ədəbi mərasimlər və nəşrlər şöbəsinin müdiri, filologiya elmləri doktoru Aida Qasımova Nəsiminin soyularaq edam edildiyini bildirib.

O qeyd edib ki, professor Qəzənfər Paşayev və digər alimlər Nəsiminin öldürülüb sonra dərisinin soyulmasını bildirmişlər:

“Dəyərli alimlərimizin nəsimişünaslıqda xidmətləri inkaredilməzdir. Onların bu fikrə gəlməsinə səbəb ərəb mənbələrində yer alan Sultan Müəyyədin əmrində “Öldürülsün və dərisi soyulsun” yazılmasıdır. Yəni əvvəl “öldürülsün”, sonra “dərisi soyulsun” yazılmasıdır. Amma bu doğru fikir deyil. Mənim fikrimcə, Nəsiminin dərisi soyulmaqla qətlə yetirilməsi şübhə doğurmamalıdır”.

Professor fikrinin sübutu kimi Qurandan sitat gətirib:

“Quranda Hz. İsa ilə bağlı Ən-Nisə surəsinin 157-ci ayədə deyilir: “Onu öldürmədilər və onu çarmıxa çəkmədilər (وَمَا قَتَلُوهُ وَمَا صَلَبُوهُ)”. Gördüyümüz kimi, “çarmıxa çəkmək” “öldürmək”dən sonra gəlir. Yəni edam prosesinin bu cür təsviri ərəb dilinin üslubu ilə bağlı bir haldır. Bu səbəbdən, Nəsimi, birmənalı olaraq, dərisi soyulmaqla qətlə yetirilib.

Qeyd etmək istərdim ki, Hələbin yerləşdiyi qədim Assuriyada insanların dərisi soyulmaqla qətlə yetirilməsi geniş yayılıbmış. Bundan əvvəlki yazılarımdan birində dərinin hürufilikdə önəm daşımasından danışmışdım. Mən fikirləşirəm ki, cəfakeş şairimiz həqiqətən də dərisi soyulmaqla qətlə yetirilib”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.