“Paşinyan göyərçindir yoxsa, qırğı…” – Həyat yoldaşı onu niyə təkzib etdi?

11-04-2019, 11:25           
“Paşinyan göyərçindir yoxsa, qırğı…” – Həyat yoldaşı onu niyə təkzib etdi?
"Paşinyanın problemin həllilə bağlı verdiyi açıqlama kifayət qədər təzadlı və ziddiyyətlidir”


Sfera.az-a açıqlamasında bunu Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağ konflikti ətrafında danışırkən, danışıqları Sarkisyanın nöqtə qoyduğu yerdən deyil, öz hesabı ilə aparması barədə açıqlamasına münasibət bildirərkən politoloq Elşən Mirzəoğlu deyib:



"İlk baxışda belə görünə bilər ki, Paşinyanın Dağlıq Qarabağ probleminin həllilə bağlı danışıqlara münasibəti əvvəlki Serj Sarkisyan iqtidarının münasibətindən kifayət qədər fərqlənir. Ancaq Paşinyanın mövqeyi müəyyən təzad və suallar doğurur. Belə çıxır ki, Paşinyan münaqişənin tənzimlənməsilə bağlı danışıqları Sarkisyanın nöqtə qoyduğu yerdən deyil, öz hesabı ilə aparması barədə sərgilədiyi mövqe fonunda problemin həllilə bağlı olaylara fərqli kontekstdən yanaşacaq. Buradan belə anlaşılır ki, erməni baş nazir danışıqlara fərqli kontekstdən yanaşacaq, ən azı sıfır variantından başlamağın tərəfdarıdır. Çünki onun öz hesabına başlayacağını deməsi məhz məsələyə bu anlamda yanaşdığını deməyə əsas verir”.


Politoloq düşünür ki, Vyana danışıqları ərəfəsində Paşinyanın, ondan sonra isə müdafiə nazirlərinin verdiyi açıqlamalardan bəlli oldu ki, təcavüzkar tərəf güzəşt mövqeyindən çox uzaqdır: "Ancaq Azərbaycan tərəfinin birmənalı mövqe sərgiləməsi, diplomatiyamızın məqsədyönlü siyasəti, qətiyyəti danışıqlar formatının dəyişdirilməsilə bağlı İrəvanın etdiyi cəhdlərinin qarşısını aldı. Paşinyan da Vyana görüşü ərəfəsində fərqli mövqe sərgiləmişdi. Ancaq görüşdən sonra ATƏT-in Minsk qrupunun verdiyi açıqlamalarla razılaşmalı oldu. Bununla yanaşı, Paşinyanın həyat yoldaşı Akopyanın keçən həftə Nyu-Yorkda "Azadlıq” radiosuna verdiyi açıqlamadan sonra erməni ictimaiyyətində rəsmi İrəvanın məsələyə hansı kontekstdən yanaşıb, yanaşmayacağı ilə əlaqədar məsələ ətrafında kifayət qədər suallar yaranıb. Xanım Akopyan bəyan edib ki, indiyə qədər Ermənistan Dağlıq Qarabağda minlərlə itki verib və bütün bunlar nahaq yerə imiş. Bu anlaşılmaz mövqelər doğurur. Hər halda, Akopyanın baş nazirin həyat yoldaşı olduğunu qəbul etsək, həmin açıqlamanı rəsmi İrəvanın mövqeyi kimi qəbul etməməliyik. Ən azından ona görə ki, xanım Akopyanın Ermənistanın indiki siyasi elitasında hər hansı yer və çəkisi yoxdur. Ancaq baş nazirin zövcəsi olduğundan belə təəssürat yaradır ki, verdiyi həmin bəyanat sanki Paşinyanla razılaşdırılaraq verilib. Bu mənada Paşinyanın sülh göyərçini, yaxud qırğı olacağı ilə bağlı məsələlər hələ sual altındadır. Bir tərəfdən heç bir güzəştə getməyəcəyini deyir, digər tərəfdən beynəlxalq və Azərbaycan hüquq normalarına meydan oxumaqqla Ermənistan Təhlükəsizlik Şurasının iclasını Dağlıq Qarabağda keçirir. Başqa bir tərəfdən də, Vyana danışıqlarından sonra danışıqların davam etdirilməsinin tərəfdarı olduğunu bildirir”.


Ekspert onu da vurğuladı ki, yay aylarında hərbi əməliyaytların başlama ehtimalı böyükdür: "Fikrimcə, İrəvan yayda hərbi əməliyyatların başlanmasını istəmirsə, xarici işlər nazirlərinin Moskva görüşü ərəfəsində Paşinyan iqtidarının götür-qoy etməyə vaxtı var. Hərbi ekspertlər yayda hərbi əməliyyatların başlama ehtimalının ciddi olduğunu vurğulayırlar. Bu mənada Paşinyan 2016-cı ildə Sarkisyanın uğradığı acı məğlubiyyətin nəticələrilə üzbəüz qalmaq istəmirsə, formatın dəyişdirilməsilə bağlı mövqeyindən birdəfəlik geri çəkilməli, daha səmimi və konstruktiv mövqe tutmalıdır”.


Qeyd edək ki, Ermənistan baş naziri Paşinyan bu günlərdə jurnalistlərin sualına açıqlamasında "mən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqları Serj Sarqsyanın nöqtə qoyduğu yerdən deyil, öz hesabımla aparıram. Bu, çox vacib nüansdır” fikrini səsləndirib. Bu isə onu deməyə əsas verir ki, Paşinyan münaqişə ətrafında yenə də əvvəlki tək təzadlı fikirlər səsləndirməkdə davam edir.

Elçin












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.