2-yə bolünən MTN-nin bir dərdi: Eldar Mahmudov... - Milli Təhlükəsizlik Nazirliyi tarix oldu

15-12-2015, 10:48           
2-yə bolünən MTN-nin bir dərdi: Eldar Mahmudov... - Milli Təhlükəsizlik Nazirliyi tarix oldu
Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqda fərman imzalayıb.
Prezidentin imzaladığı sərəncamlara əsasən, Milli Təhlükəsizlik Nazirliyinin əsasında yaradılan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə Mədət Quliyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi vəzifəsinə isə Orxan Sultanov təyin ediliblər. Beləliklə, iki aya yaxındır ki, gündəmi məşğul edən “milli təhlükəsizlik naziri kim olacaq” sualına prezident nöqtə qoyub.

Fərmandan da göründüyü kimi, MTN iki müstəqil xidmətə ayrılıb və reputasiyası yerlə bir olan qurum tarixin arxivinə çevrilib. Əslində prezidentin MTN-in adını dövlət qurumları içərisindən çıxarması gözlənilən addım idi. Çünki Eldar Mahmudov və onun general bandası MTN-in adını sözün həqiqi mənasında batırmışdılar. “Milli təhlükəsizlik” kimi mühüm sözü özündə ehtiva edən bu qurum “mahmudovçular”ın əməlləri sayəsində elə bir ağır zərbə almışdı ki, onu bərpa etmək mümkünsüz görünürdü.

Aralarında bir neçə generalın da olduğu qanunsuz dəstənin 19 üzvü hazırda həbsdədir və onlar artıq təkcə sabiq əməliyyatçı deyillər, həm də keçmiş MTN-in keçmiş əməkdaşlarıdır. Prezident MTN-in adı üzərindəki “mahmudovçu qara ləkəni” götürmək, buradakı həm də vicdanlı poqon adamlarını qorumaq üçün bu qurumu ləğv etdi. Eldar Mahmudov müasir tarixə təkcə burada törətdiyi əməllərə görə deyil, həm də MTN-i gömən adam kimi də düşdü.

Xarici Kəşfiyyat Xidmətinin müstəqil quruma çevrilməsi də regionda yaranmış indiki gərgin situasiyada diqqət çəkir. Çünki indi elə bir həssas vəziyyətdir ki, çevik qərarlar verilməsi zəruridir.

***
Dəyişikliklərlə bağlı fikirlərini öyrəndiyimiz sabiq MTN zabiti, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl deyib ki, verilmiş qərar doğrudur: “2 il əvvəldən MTN haqda suallara cavab verəndə deyirdik ki, imkan daxilində MTN-dəki iki qurumun - kəşfiyyat və əks-kəşfiyyatın ayrılması xüsusi xidmət orqanının xeyrinədir. Azərbaycanın yerləşdiyi bölgənin özəllikləri Xarici Kəşfiyyat Xidmətinin müstəqil olmasını, müstəqil çevik qərarlar verməsini zəruri edir”.

İ.İsmayıl deyir ki, MTN-də baş verənlərin fonunda dəyişikliklərin olması təbiidir: “Bu dəyişikliklər MTN-də baş verənlər bir tərəfə çıxarılandan sonra baş tutsaydı, təmizləmələr, söz-söhbətlər başa çatandan sonra həyata keçirilsəydi daha doğru olardı. Görünür, dövlətdə belə qərara gəliblər ki, dəyişikliyə indidən getmək daha yaxşıdır”.

İ.İsmayıl Xarici Kəşfiyyat Xidmətinə rəis təyin edilən Orxan Sultanovun peşəkar kəşfiyyatçı olduğunu söylədi: “Peşəkar kəşfiyyatçılar adətən kölgədə qalırlar. Bildiyimizə görə, savadlı, qabiliyyətli şəxsdir. Bu sahə üzrə peşəkarlardandır”.

Uzun müddət təhlükəsizlik orqanlarında çalışmış, təhlükəsizlik üzrə ekspert Arzu Nağıyev MTN bazasında yaradılan xidmətlərin Azərbaycan dövlətinin güclənməsinə xidmət edəcəyinə əmin olduğunu deyib: “Bu gün dünyanı idarə edən supergüclü dövlətlərdə Milli Təhlükəsizlik Agentliyi ilə yanaşı Federal Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti fəaliyyət göstərir. Bu baxımdan Azərbaycanda da bu iki xidmətin yaradılması zamanının tələbidir. Bu, dünya praktikasında tətbiq olunan metodlardan biridir. Kəşfiyyat və əks-kəşfiyyatın ayrılması doğrudur. Qurumun biri kəşfiyyatla, digəri isə əks-kəşfiyyatla məşğul olacaq. Bundan Azərbaycan qazanacaq, itirməyəcək. Təbii ki, ayrılmalardan sonra da hər iki qurumun özündə struktur dəyişikliyi ediləcək. Struktur dəyişikliyi MTN-in bütün heyətinin sərəncama göndərilməsi və yeni strukturun formalaşdırılması üçün yenidən ştata qaytarılmasını zəruri edir. Ümumiyyətlə, təcrübədə belədir ki, kim layiqdirsə, işi bacarırsa, eyni zamanda kəşfiyyat və əks-kəşfiyyat sistemində səriştəsi varsa, onlara böyük ehtiyac olur və bu istiqamətdə onların ştata qaytarılması məqsədəuyğundur".

A.Nağıyev deyir ki, bu qurumların ayrılması haqda illər əvvəldən müzakirələr vardı: “Qurumların adında milli sözünün olmaması o anlama gəlmir ki, bu qurumlar Azərbaycan xalqına yad qurumlardır. Hər iki qurum Azərbaycan xalqının, Azərbaycan dövlətinin təhlükəsizliyinin təmin olunmasına xidmət göstərəcək. Yenə də eyni funksiyaları yerinə yetirəcəklər. Daha çevik, daha operativ qərarların qəbul olunması, həyata keçirilməsi təmin olunacaq”.

A.Nağıyev Xarici Kəşfiyyat Xidmətinə rəhbər təyin olunan Orxan Sultanov haqda bunları dedi: “Professional kəşfiyyatçıdır”.

Prezidentin bu fərmanına münasibət öyrənmək üçün vaxtilə analoji təkliflə çıxış etmiş milli təhlükəsizlik nazirinin sabiq 1-ci müavini Sülhəddin Əkbəri də danışdırdıq.

Sabiq MTN-çi bildirdi ki, verilən qərarı olduqca müsbət qiymətləndirir: “Dövlət başçısı görünür ki, bu sahədə verilən təkliflərə diqqətlə yanaşır. Amma onu da qeyd etmək istəyirəm ki, təkcə bu təklifin qəbul olunması özlüyündə nə Azərbaycanın kəşfiyyat xidmətinin, nə də təhlükəsizlik xidmətinin güclənməsinə gətirib çıxara bilməz. Bundan ötrü verilən təkliflərin hamısı kompleks şəkildə nəzərə alınmalıdır. Və xüsusən də kadrların hazırlanması sahəsinə xüsusi diqqət yetirilməlidir. Birincisi, MTN-də tamamilə təmizlənmə əməliyyatı aparılmalıdır. Müəyyən standartlara cavab verməyən kadrların hamısı oradan uzaqlaşdırılmalıdır. İkincisi isə oraya yeni kadrların cəlb olunmasında üç məsələyə xüsusi diqqət yetirilməlidir.

Birinci məsələ vətənpərvərlikdir. Çünki oraya seçilən kadr vətənpərvər olmasa, onun digər keyfiyyətləri nə qədər yüksək olursa-olsun, o funksiyanı yerinə yetirə bilməyəcək. İkincisi, yüksək intellektual səviyyə, analitik düşüncə qabiliyyəti olmalıdır. Üçüncüsü də peşəkar olmalıdır və yüksək keyfiyyətli təhsil almalıdır. Bunun üçün də akademiyada da təhsil strukturu yenidən qurulmalıdır".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.