Təmtəraqlı qəbirlərin aqibəti necə olacaq? - MƏZAR DAŞI USTASINDAN TƏKLİF
15-12-2015, 20:29
Artıq bu həftədən etibarən Azərbaycanda vahid qəbiristanlıq qaydalarının tətbiqi ilə bağlı qanun layihəsi üzərində iş aparılmasına başlanılıb. Bu barədə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov məlumat verib. Millət vəkili bildirib ki, hazırda Milli Məclisin bu işlə bağlı səlahiyyətli qurumu ayrı-ayrı ölkələrin təcrübəsini öyrənməyə başlayıb. Novruzov Orta Asiya və Avropa ölkələrində də belə təcrübənin olduğunu əsas gətirərək, komitənin hazırda bu təcrübələri öyrəndiyini açıqlayıb.
O ki qaldı qanunun qəbulundan sonrakı mərhələyə, bildirilir ki, bu formanın tətbiqindən sonra kimliyindən, varlı və ya kasıb olmasından asılı olmayaraq, hər kəsin qəbri eyni olacaq. Hətta dəbdəbəli qəbir daşlarının qoyulmasına yol verilməyəcəyi də deyilir. Yeni layihəyə əsasən, qəbiristanlıqlara nəzarət funksiyasının bələdiyyələrə verilməsi nəzərdə tutulur.
Dünən ölkə gündəminə yenidən qayıdan bu xəbərdən sonra üz tutduq paytaxtdakı qəbiristanlıqlara. Hafta.az-ın obyektivini hazırda qəbiristanlıqlardakı vəziyyətin üzərinə saldıq. Yasamal qəbiristanlığını, buradakı rus qəbirlərini və İkinci Fəxri Xiyabandakı hazırkı vəziyyəti öz gözlərimizlə görmək qərarına gəldik. Yasamal qəbiristanlığında vəziyyət sözün əsl mənasında rəngarəngdir. Sadə və bahalı qəbirlər, orta qiymətə olan məzar daşları təzəsindən, köhnəsindən asılı olmayaraq göz qamaşdırır.
Yasamal qəbiristanlığında yaxın zamanlarda dəfn olunmuş insanların dəbdəbəli qəbirlərinə də az rast gəlmədik. Rus qəbiristanlığında isə standart olaraq dəmir xaç və sadə qara mərmər daşlarından olan məzarlar çoxluq təşkil edir. Ümumiyyətlə isə məzarlıqları gəzdikcə, görürük ki, hətta sovet dönəmlərində də tanınmış və ya sadə insan olmasından asılı olmayaraq qəbirlərdə dəbdəbəlilik mövcud olub.
Bu arada qeyd edək ki, vahid formalı və sadə məzar daşlarına keçid bu və ya digər dərəcədə məzar düzəldən sexlərə də təsirsiz ötüşməyəcək. Bir neçə sexi dolaşsaq da, yalnız bir sexin sahibindən başqa heç kim bizim yeni qəbir formasına keçidin onlara xeyir və ziyan gətirəcəyi ilə bağlı sualımıza aydınlıq gətirmədi. Yasamal qəbiristanlığının yanındakı qəbir sexi sahibi Mehman Rzayevin otağına daxil olanda gördük ki, hazırda müştərisi ilə söhbət edir. Salam verib üçün-üçə dar otaqdakı divanında əyləşib sövdələşməyə qulaq şahidi olduq:
- Sənə kim deyirsə ki, Ukrayna daşı keyfiyyətlidir, yalan danışır. Ən yaxşı daş Çin qranitidir. Bu saat qəbrin yaxşı və uzunmüddətli olmasını istəyənlər Çin daşı qoydurur.
- Mənə dedilər ki, ən ucuz və keyfiyyətli daş Ukraynadan gələndir axı?!?
- Məsləhət sizin, amma mən bunun uzunmüddətliliyinə cavabdeh deyiləm. Saralır, yağış suyuna qırıaqları ovulub tökülür.
- Qoy yenə də maraqlanım, dost tanışlarla...
- Mən mütəxəssis kimi deyirəm sənə. İkisi də mənim malımdır. Qərar sizin. Çin qranit daşı ilə 1.80-nin 2.70-ə olan döşəmə sahə ilə mərmər qəbir 4.700 manata, “ukrayniski” ilə 1300 manata başa gəlir. Yenə də gedin məsləhətləşin.
Müştəri Rövşən Aslanov sağollaşıb çıxmaq istəyərkən yolundan edib bizi maraqlandıran suallarımızı verməyə başladıq:
- Allah rəhmət etsin, daha çox hansı qəbir daşı üzərində qalırsınız?
- Fikrim qarışıb. Bəlkə də Çin qraniti və ya mərməri qoydurdum. Bir dəfə qoyulur. Qoy, yaxşı olsun.
- Bəs bilirsiniz ki, dünəndən etibarən dəbdəbəli qəbir daşlarının qoyulmaması ilə bağlı qərar parlamentin müzakirəsinə çıxarılıb?
- Mənim atam bir ay əvvəl ölüb. Onun bizə nə aidiyyatı? Həm də biz qəbiri Bakıda yox, Qubada qoyduracağıq.
- Qanun qəbul olunarsa ölkənin hər yerinə şamil ediləcək...
- Mən öz doğmama son borcumu yerinə yetirirəm. Məbləğin isə dəxli yoxdur. Hər halda gücüm çatır ki, edirəm də.
Elə bu zaman sex rəhbəri yumşaq bir təbəssümlə dialoqumuza müdaxilə də etdi:
- Dədə balası, bu daşın bahalı və ucuzluğunun torpağın altında yatana dəxili yoxdu. Onu indi ancaq cənnət maraqlandırır.
Mehman Rzayev qubalı müştərisini yola salıb ilk olaraq bizə isti çay təklif etdi. İsti çayına “iş üstündəyik” deyib etiraz etdik. O, isə bizimlə bu sahənin ən incəliklərinə qədər bələd olduğunu dedi. Mehman Rzayev hafta.az-a açıqlamasında vurğuladı ki, yeni qəbir daşları onların bazarına bir o qədər də təsirini göstərməyəcək:
“Çünki hazırda əsas sifarişlər sadə qəbir daşlarınadır. İnsanlar daha əvvəlki kimi bahalı qəbir daşları sifariş vermirlər. Bu da insanların maddi durumu ilə bağlıdır. Bahalı daşlarda 400-500 manat qalırsa, sadə daşlarda, 80-130 manat arası fərq olur. Sadə daş sifariş edənlər çox olarsa dəbdəbəlisindən qazandığımızı elə buradan da qazanmış olarıq. Bahalı daşlar Azərbaycana əsasən Afrikadan, Çindən, Hindistan və Ukraynadan gətirilir. Bizdə isə əsasən Çin və Ukrayna qranitləri, mərmərləri olur. Böyük çoxluq Ukrayna daşlarına üstünlük verirlər. Varlı təbəqə isə daha çox, Çin daşlarından qəbir qoydurur”.
Müsahibimiz deyir ki, bahalılıq dəkcə sinə və baş daşının keyfiyyətinə görə müəyyənləşmir:
“Adam var ki, qəbristanlıqda məzarın həndəvərində əlavə yarım sot və ya iki-üç metr yer alır. Qəbirin çevrəsininin də mərmərdən olmasını, hətta yanında mərmərdən oturacaq, güldan düzəldilməsini sifariş verir. Bu da qiymətlər arasında böyük fərq yaradır. Yoxsa Çin mərməri ilə Ukrayna mərməri və ya baş daşının düzəldilməsində elə bir məsrəf fərqi yoxdur. Təxminən 200-400 manat fərq edir”.
Mehman Rzayevin sözlərinə görə, onların sexinə 20 minlik qəbir daşı yığmağı da sifariş veriblər:
“Bir neçə il əvvəl olub. 20 min manata yaxın bir büst sifarişi verilmişdi. Çevrəsi də Çin daşından döşəmə idi, Yəhudi qəbri idi, Müsəlmanlara nisbətən yəhudilər daha dəbdəbəli qəbir sifariş verirlər. Ruslar isə daha çox sadə qəbirlərlə kifayətlənirlər”.
Sex sahibi yeni vahid qəbir daşı forması ilə bağlı qərar qəbul edəcək səlahiyyətli şəxslərə də məqsədə və cibə uyğun qəbir fiqurunu da məsləhət görüb:
“Biz müsəlmanlar üçün daha çox “müsülman” adı verdiyimiz məzar daşı formasının qoyuluşu olsa yaxşı olardı, Çünki ucuz və keyfiyyətlidir. Yer də az tutur, məbləği də cüzidir. Hər kəsin cibinə görədir. 120-150 və ya 150-180 manat arasında dəyişir. Ad soyad yazılır, şəkili vurulur, vəssalam. Dədə- baba qəbir formasıdır. Yuxaqrı hissəsi ovalşəkillidir. Bunun sadəsi və naxışlısı olur. Hətta bir rus qəbrini də bu cür düzəltdiyimizi xatırlayırıq. Sadəliyi onların xoşlarına gəlmişdi. Üzərində məscid şəkilləri isə qabaqcadan qəliblə vurulduğundan bu naxışlar əlavə xərcə gətirib çıxarmır. Vahid qəbir formasıməsələsi yaxşı təklifdir. Vallah, mən hər kəsə deyirəm ki, bahalı daşın ölüyə bir xeyri-zərəri yoxdur. Cibinizə ziyandır”.
Cəmiyyətin dövlətin vahid formalı qəbir daşı məsələsinə mövqeyi birmənalı olmasa da, qanunun qəbulundan sonra kimin əməl edib-etməyəcəyini zaman göstərəcək.