Azərbaycan məmurlarının şirkətləri ard-arda bağlanır – Daha bir böhran şoku
16-12-2015, 22:17
2016-cı ilin əvvəllərindən etibarən Azərbaycanda çox sayda şirkətin bağlanmağa başlaması gözlənilir. Buna səbəb gələn il bir sıra dövlət investisiya layihələrinin təxirə salınması, ümumiyyətlə bu məqsədlə nəzərdə tutulan dövlət vəsaitlərinin kəskin şəkildə azaldılmasıdır.
Qaynar.info-nun bu mövzu ilə bağlı əldə etdiyi məlumatda bildirilir ki, bağlanması gözlənilən şirkətlər əsasən müəyyən məmurların himayəsi və nəzarəti altında altında fəaliyyət göstərirlər. Bu da onlara dövlət satınalmalarında önəmli pay sahibi olmaq üşün “yaşıl işıq” yandırırdı. Amma neft hasilatının kəskin azalması və neftin qiymətinin sürətlə aşağı düşməsi nəticəsində ölkənin gəlirlərinin azalması hökuməti həmişəki kimi “səxavətli” davranmaq imkanlarından məhrum edir.
Beləliklə, gələn ilin büdcəsində xüsusilə dövlət investisiya layihələri üçün nəzərdə tutulan vəsaitin kəskin azaldılması məmurların dövlət xəzinəsindən mayalanan şirkətlərinə yaxşı heç nə vəd etmir və onların ard-arda bağlanması tamamilə realdır.
Qeyd edək ki, hələ bu ilin əvvəllərindən etibarən ölkənin bəzi iri məmurlarına məxsus şirkətlərdə maaş problemi yaranıb. Hətta bir çox oliqarxlara məxsus müəssisələrdə əmək haqlarının aylarla ödənilməməsi və ya gecikdirilməsi müşahidə olunur.
Yaranmış vəziyyət iki səbəblə izah edilir. Bunlardan biri neftin qiymətinin kəskin ucuzlaşması və nəticədə ölkəyə maliyyə axınının azalması, bunun da sonucunda bir çox iri məmurların şirkətlərinin həyata keçirməyə hazırlaşdıqları və yaxud başladıqları dövlət investisiya layihələrinin təxirə salınması, ya da həmin layihələrin büdcəsinə yenidən baxılaraq azalmalara gedilməsidir.
Başqa bir səbəb isə bu ilin fevralında manatın dollara nisbətən ucuzlaşması göstərilir, bildirilir ki, manatın devalvasiyası ölkədə qiymət artımı ilə yanaşı, bir sıra başqa problemlər də yaradıb. Belə ki, manatın devalvasiyasından öncə udulan tender layihələri ilə bağlı ciddi problem yaranıb. Buna səbəb manatın devalvasiyasından sonra bir sıra tender layihələrinin dəyərinin dəyişməsinə baxmayaraq, əvvəlki öhdəliklərin yerinə yetirilməsinin tələb edilməsidir.
2016-cı ildə isə bu ümumi mənzərənin daha çox “qara rənglərə” boyanacağı qaçılmazdır. Xüsusilə büdcədən və ya Dövlət Neft Fondundan maliyyələşdirilən investisiya layihələrinin azaldılması bir sıra məmurların dövlət satınalmalarında pay sahibi olmaq üçün yaratdıqları şirkətlərin bağlanması, bunun fonunda isə ölkənin işsizlər ordusunun sıralarının genişlənməsi qaçılmazdır.
Çətin ki, vəzifəli şəxsləri məhz bu məqam narahat etsin; yəqin ki, onları ən çox düşündürən qanunsuz bizneslərinin zəifləmə, şəxsi gəlirlərinin isə azalmasıdır.