Rafael Hüseynovun Qarabağ “təəssübkeşliyi” - Etibar Əliyevdən sərt yazı

20-12-2015, 20:43           

Kim deyər, bizim deputatlar, alimlər və digər tanınmışlar daxildə Qarabağdan çox danışırlar, yoxsa xaricdə? Mən deyərdim ki, daxildə. Kim istəsə ekspertiza da apara bilər. Bizimkilər burada daha cəsarətli görünürlər.

Məsələn, 2013-cü ilin oktyabrında Avropa Şurası Parlament Assambleyasının iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Serj Sarkisyana sual verərkən, ona Azərbaycanın 20 faiz torpağının ermənilər tərəfindən işğal edildiyini xatırladıb və deyib ki, bu azmış kimi ermənilər Türkiyə və Gürcüstan ərazilərinə də iddia edirlər. Əslində Seyidov fürsətdən istifadə edib, onu Xocalı soyqırımını törətməkdə ittiham etməli və bunu terrorizmlə bağlamalı idi. Sarkisyana 20 faiz torpağımızın işğalını xatırlatmaq lazım deyildi. O, bu işin birbaşa iştirakçısı olduğundan ona bunu xatırlatmaq yersizdir. Ermənilərin burnundan törətdikləri soyqırım və terrorizmlə vurmaq lazımdır. Ancaq bizim tanınmışlar bunu bacarırlarmı? Təəssüf ki, yox…

Dünən qəzetləri vərəqləyərkən maraqlı bir məlumatla tanış oldum: Akademik Rafael Hüseynov Böyük Britaniyada yüksək mükafatla təltif olunub. “525-ci qəzet” yazır: “Avropanın elmi-mədəni, ictimai-siyasi həyatında fəal iştirak edən Azərbaycan Milli Məclisinin deputatı, akademik Rafael Hüseynovun əməkləri Böyük Britaniyada yüksək mükafatla qeyd edilib. Onun son 15 ildə Avropa Şurası Parlament Assambleyasının üzvü olaraq hazırladığı çoxsaylı məruzə və sənədlər, etdiyi çıxışlar, eləcə də Avropanın bir sıra aparıcı elmi mərkəzlərində keçirilən konfrans və simpoziumlardakı məruzələri, 30-a yaxın dildə dərc edilən tədqiqi məqalə və kitabları qitədə demokratik dəyərlərin inkişafı, intellektual irsin tərəqqisinə töhfə kimi qiymətləndirilib. “Avropa evi” quruculuğu istiqmətində xidmətləri nəzərə alınaraq, akademik Rafael Hüseynov Böyük Britaniya və Şimali İrlandiyanın rəsmi qeydiyyatında olan “Birləşmiş Avropa mükafatı” prizi və medalı ilə təltif edilib”.

Avropa Rektorlar Klubu, Avropa Biznes Assambleyası və Avropa Akademiya İttifaqının təşkilatçılığı ilə Oksford şəhərində keçirilən mükafatlandırma mərasimində akademik Rafael Hüseynov xüsusi təltif nitqi ilə çıxış edib. Rafael müəllimin çıxışı sanki dinc və rahat yaşayan ölkələrin deputatlarının çıxışına bənzəyir. O, Avropanı dəhşətli dərəcədə öyüb. Və gələcəkdə bu qitəni daha yaxşı qorumaq, daha çox inkişaf etdirmək üçün tövsiyyələr irəli sürüb.
Azərbaycan alimi və deputatı Yer kürəsini “qayğıkeş” adlandırıb, onun gözəllik qanunları ilə yaradıldığını deyib:

“Bəs biz bizə bu cür nəvazişkar münasibət bəsləyən Yerimizi necə qoruyuruq, onun qayğıkeşliyinə xeyirxah, qurucu əməllərimizlə layiqincə cavab veririkmi? Zənnimcə, “Birləmiş Avropa Mükafatı”nın aşıladığı ilk həqiqət məhz insanı bu sual ətrafında düşünməyə dəvət etməkdir. Necə edək, nələri edək ki, dünyamız və Avropanı daha artıq qoruya, daha çox inkişaf etdirə, daha çox qayğıyla əhatə edə bilək? ”

Rafael müəllimin diqqətinə çatdırmaq lazımdır ki, nəinki ona verilən “Birləşmiş Avropa mükafatı”, heç Sülh üzrə Nobel Komitəsi də Qafqazda itən gözəllik qanunlarını bərpa etmək niyyətində deyillər. Torpağının 20 faizinin itirildiyi Azərbaycan deputatı işğaldan, soyqırımdan, terrorizmdən heç nə danışmır, Avropanını güclənməsindən dəm vurur, onlar isə bizə qarşı törədilən soyqırımı veclərinə belə almırlar.

Böyük ingilis dramaturqu Harrold Pinter Nobel nitqinin əsas hissəsini ABŞ və Avropanın İraqda törətdikləri soyqırıma həsr edib. Bu, böyük ləyaqət nümunəsidir. Bizimkilərə isə kiçik bir mükafat veriləndə, imitasiya xarakterli filosofluq edir və yalnız özlərindən danışırlar.

Bəli, gözəllik qanunları və bəşəriyyətin qayğıkeşliyi Qarabağda pozulub. Biz Avropa Şurasının üzvüyük və Rafael müəllim də ora gedib – gəlir. “Avropa evi” nin nizamı pozulub. Soyqırım faktı var. Diqqət edin, Qərbin Habermas səviyyəli böyük mütəfəkkirləri Avropa İttifaqının süqutunu elmi və fəlsəfi cəhətdən əsaslandırırlar. Onlar Avropanı münaqişələri yoluna qoymaqda səy göstərmədiyinə görə kəskin tənqid edirlər. Bizim “ağıllımız” isə dərdi-sərimizi qoyub, Avropanın güclənməsindən dəm vurur.

Avropa gözəllik qanunlarının itdiyi bir bölgədə ədalətli sülhün əldə olunmasına çalışmırsa, o heç vaxt güclü olmayacaq. Rafael müəllimin “qayğıkeşlik” paradiqmasından isə danışmağa dəyməz.

Etibar Əliyev, Fəlsəfə doktoru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.