2 MTN Generalı Vasif Talıbov haqda nə danışıb? – “Naxçıvan işi”nə dair yeni şok məlumatlar
15-02-2016, 23:56
Naxçıvan MTN-in sabiq rəhbərinin istintaqı davam edir
Ləğv olunmuş Naxçıvan MR Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq rəhbəri, general-leytenant Vəli Ələsgərov və onun yaxın ətrafının istintaq işi davam edir. “AzPolitika”ya verilən məlumata görə, sabiq nazir hazırda ev dustaqlığındadır, mütəmadi olaraq istintaqda dindirilir. Sabiq nazir və yaxın ətrafının fəaliyyəti Naxçıvan Daxili İşlər Nazirliyi (DİN) və Prokurorluğu tərəfindən yaradılmış birgə istintaq qrupu tərəfindən araşdırılır.
V.Ələsgərovun istintaqa hansı statusla cəlb olunduğu məlum olmasa da, onun yaxınlarına, o cümlədən qardaşı Əli Ələsgərova külli miqdarda vergidən yayınma ittihamının irəli sürüldüyü dəqiqləşib. Vergi orqanlarının apardıqları ilkin araşdırmalar nəticəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Əli Ələsgərovun təxminən 300 min manat civarında vergidən yayındığı aşkarlanıb. Ə.Əlsəgərov Naxçıvanda bir sıra istehsal, ticarət və iaşə obyektinin sahibi olub. Lakin keçmiş MTN başçısının qardaşına məxsus bütün obyektlər – “Əylis” quşçuluq fabriki, dəyirman, çörək zavodu, Culfa və Babək rayonları ərazisində yerləşən gəc zavodları, restoran və mağazaları əlindən alınıb. Onun cinayət yolu ilə əldə olunmuş digər əmlaklarının yeri istintaq tərəfindən müəyyənləşdirilir. İstintaq Ə.Ələsgərovun biznes şərikləri – MR Gömrük Komitəsinin sədri Asəf Məmmədovun qardaşı Yusif Babayev və Fəxrəddin Quliyevin də külli miqdarda vergidənyayınma və digər cinayətlərə yol verdiklərini müəyyənləşdirib, dövlətə dəyən ziyanın ödətdirilməsi istiqamətində tədbirlər görülür. Gömrük Komitəsinin sədri artıq “Naxçıvanın abadlaşdırılması fondu”na yarım milyon ödəniş edərək, qardaşının “günahlarını yuyub”…
İllərdir Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun ən inanılmış adamlarından biri kimi tanınan keçmiş MTN başçısı Vəli Ələsgərovun “vurulmasının” səbəbləri haqda isə, yeni məlumatlar yayılmaqdadır. Ümumi şəkildə bunun “MTN işi” ilə bağlılığı olduğu şübhə doğurmur. Artıq xəbər verdiyimiz kimi, Eldar Mahmudovun Naxçıvana çox böyük diqqət ayırdığı və Vasif Talıbovun yaxın ətrafı ilə çox fəal işlədiyi sübut olunub. Sabiq nazir müxtəlif vasitələrlə MR rəhbərinin ətrafında olan əsas fiqurları əməkdaşlığa cəlb etməyə çalışıb və böyük ölçüdə bu məqsədinə nail olub. Əksər mənbələrin təsdiq etdiyinə görə, V.Ələsgərov MR rəhbərinin özünü, ailə üzvlərini və yaxın ətrafını dinləyərək, mütəmadi olaraq Bakıya dosyelər ötürüb. Bütün bunlar Eldar Mahmudovun vurulmasından və MTN-də başlayan əməliyyatdan sonra üzə çıxıb. Lakin belə görünür ki, Vəli Ələsgərov Eldar Mahmudovun Naxçıvandakı dayaqlarından sadəcə biri olub.
Bakıda, imkan düşdükcə E.Mahmudovu ziyarət edən başqa generallar da olub.
“AzPolitika”ya daxil olan yeni məlumata görə, Eldar Mahmudovun vəzifəsindən azad olunmasından və MTN rəhbərliyindəki dəyişikliklərdən sonra, Vasif Talıbova Vəli Ələsgərovun bir telefon danışığının audioyazısı da ötürülüb
Həmin danışıq Vəli Ələsgərovla MTN rəhbərliyindəki şəxslərdən birinin – (Böyük ehtimalla, Antiterror Mərkəzinin rəisi general-mayor Elçin Quliyevin) arasında olub. Bu söhbət zamanı V.Ələsgərov Vasif Talıbovla bağlı sərt və təhqiramiz ifadələr işlədib.
Vəli Ələsgərovla hazırda həbsdə olan Elçin Quliyevin çox yaxın və səmimi münasibətləri olduğu haqda da məlumatlar var.
Bütün bunlar bir daha sübut edir ki, siyasətdə sədaqət faktoru vacib olsa da, şərtidir. Üzdə sədaqətli görünənlərin mütləq əksəriyyəti “xəyanətə” meyillidir, sadəcə bunun üçün zaman və məqamın yetişməsi lazımdır. Siyasətdə insanları onların üst-üstə düşən maraqları bir araya gətirir və ayırır. Və çox vaxt, yanlış olaraq bunun adını SƏDAQƏT və XƏYANƏT adlandırırlar.
Naxçıvanda – Vasif Talıbovun yaxın ətrafında baş verənlər siyasətdə sədaqətin nə qədər mənasız, qeyri-səmimi bir anlayış olduğunu bir daha sübut etdi. Görünən budur ki, yaxın vaxtlarda Naxçıvan hakimiyyətində də çox ciddi dəyişikliklərin şahidi olacağıq.
teref.az