Mərkəzi Bank manatı möhkəmlətməyə çalışır - TƏHLİL

16-02-2016, 12:32           
Mərkəzi Bank manatı möhkəmlətməyə çalışır - TƏHLİL
Mərkəzi Bank (AMB) uçot dərəcəsini 3%-dən 5%-ə qaldırmaq haqda qərarının səbəbini verdiyi açıqlamada qeyd edib. Qurumun İdarə Heyəti tərəfdən 15 fevral 2016-cı il tarixdən uçot dərəcəsinin 5, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddinin 2, yuxarı həddinin isə 10% səviyyəsində müəyyən edilməsi barədə qərarın milli valyutaya olan etimadı gücləndirmək, manat depozitlərinin artmasını təşviq etmək, eləcə də pul bazarında formalaşmış konyunktura uyğun olaraq pul siyasəti alətlərinin təkmilləşdirilməsinə şərait yaratmaq məqsədi ilə qəbul edildiyi bildirilib.

Bütün bunları bir sadə cümlə ilə ifadə etmək lazım gəlsə, əsas hədəf manatı möhkəmləndirməkdir. Bu da təbiidir. O mənada ki, milli valyutanın dəyərinə təzyiq artdıqda adətən, mərkəzi banklar kredit resursları üzrə qiyməti, yəni faiz dərəcəsini qaldırır, əksinə olduqda aşağı salır. Pul-kredit mexanizminin müfəssəl və çevik işlədiyi iqtisadi sistemlərdə, bazar iqtisadiyyatı şəraitində isə mərkəzi banklar hər şeyə bilavasitə özləri rəvac verirlər. Yəni, necə deyərlər, oturub gözləmirlər ki, milli pul vahidinin dəyəri və yaxud xarici valyutalara nəzərən məzənnəsinə təzyiq varsa uçot dərəcəsini qaldırsınlar və yaxud azdırsa - yoxdursa aşağı salsınlar. Başqa sözlə desək, tendensiyanı mərkəzi banklar özləri müəyyən edir.

Azərbaycanda keçən il ərzində 2 dəfə həyata keçirilən devalvasiya tədbirinə münasibətdə də yazmışdıq ki, bu, əslində, manatın məzənnəsinə korrektə siyasətindən başqa bir şey deyil. Yəni, həqiqi devalvasiya sayılmır. Çünki milli pul vahidinin dəyəri bazarda təşəkkül tapdığı halda devalvasiya mərkəzi bankın məhz mərkəzi kredit resursları üzrə faiz dərəcəsi vasitəsilə həyata keçirilir və idarə olunur.

Real situasiya isə ondan ibarətdir ki, hazırda ölkə iqtisadiyyatında gərginlik və biznes aktivliyi aşağı səviyyədə olduğundan, AMB uçot dərəcəsini qaldırmalı deyil, endirməli idi. Ancaq nə yazıq ki, ortada manatın xarici valyutalara, xüsusən də ABŞ dollarına nəzərən dəyərsizləşməsi üçün ciddi təzyiq var. Belə şəraitdə isə uçot dərəcısini endirmək problem yarada bilərdi. Odur ki, AMB-in qərarı başa düşüləndir.

Amma söhbət bundan getmir. Qəribədir, bəziləri deyirlər ki, AMB-in sözügedən qərarı ölkədə kredit faizlərini bahalaşdıracaq. Halbuki, özləri də qeyd edirlər ki, bizdə AMB-in uçot dərəcəsi ilə kommersiya banklarının kredit faizləri arasında heç bir əlaqə yoxdur. O zaman kredit faizləri necə bahalaşa bilər? Şübhəsiz ki, bu, absurd fikirdir.

Digərlər isə qeyd edirlər ki, bu, ölkədə dollarlaşma səviyyəsinin qarşısını almağa heç bir yardım etməyəcək. Bu fikir də səhvdir. Çünki, AMB-in sözügedən qərarı bilavasitə dollarizasiyanın qarşısını almaq məqsədi güdür. Və bu, bir növ əlavə təsir xarakteri daşıyacaq. Belə ki, məlum olduğu kimi uzun müddətdir bir tərəfdən dövriyyədə manat kütləsi də məhdudlaşdırılır ki, bunun özü də dollarizasiya əleyhinə yönəlmiş prosesdir.

Ümumiyyətlə, biz əvvəl də yazmışdıq ki, vəziyyətdən 2 çıxış yolu var: ya əmanətlərin manatla yerləşdirilməsini stimullaşdırmaq və cəlbediciliyini artırmaq məqsədilə tədbirlər həyata keçirmək, ya da bankların kredit portfellərində manatın kütləsini artırmaq... Birincisi daha çox banklara aid məsələdir. İkincidə isə AMB-in iştirakı vacib sayılır. Bu mənada, çox təqdirəlayiq hal oldu ki, keçən ilin ortasında müvafiq qərarla AMB kommersiya banklarına ayıracaq manatla vəsaitin banklar tərəfdən ancaq kreditləşməyə sərf edəcəklərini tələb etdi. Belə ki, həmin vəsaitin valyuta mübadiləsinə yönəldilməsinə icazə verilmədi.

Bunun belə, biz, yenə qeyd etmişdik ki, banklar tərəfdən manatla kredit təklifini bərpa etmək və artırmaq üçün Mərkəzi Bank vəziyyətə daha fəal müdaxilə etməli və prosesə ən sərt formada dəstək göstərməlidir. Bunun başlıca yolunun isə AMB tərəfdən ayrılan mərkəzi kreditlərin həcmini artırmaqdan keçdiyini yazmışdıq. O baxımdan ki, sözügedən qurum dövriyyədən yığılan manatı tədricən geri qaytara bilsin. Bunu isə yalnız, ucuz pul-krediti vasitəsilə təşkil etmək mümkün idi.

Təkrar edirik, bilavasitə devalvasiyaya dair şərhimizdə də yazmışdıq ki, istehsalı genişləndirmək və ixracı artırmaq məqsədilə milli valyutanı tədricən dəyərdən salmaq istənilən halda AMB-in uçot dərəcəsindən asılıdır. Başqa sözlə desək, mərkəzi maliyyə resursları və yaxud kreditlər üzrə təyin olunan faiz dərəcəsindən. Odur ki, ən mükəmməl devalvasiya mexanizmi məhz pul-kredit siyasəti vasitəsilə həyata keçirilir. Mərkəzi Bank tərəfdən mərkəzi kreditləşdirmə üzrə baza və yaxud uçot dərəcəsi azaldılırsa bu, devalvasiya, yuxarı qaldırılarsa deflyasiya anlayışına gəlir. Sözügedən dərəcə isə iqtisadiyyata maliyyə dəstəyi həyata keçirmək üçün azaldılır, inflyasiyanı cilovlamaq məqsədilə isə qaldırılır.

AMB İdarə Heyəti tərəfindən 15 fevral 2016-cı il tarixli qərarı isə qeyd etdiyimiz kimi bunun əksinədir. Yeri gəlmişkən, AMB tərəfdən uçot faiz dərəcəsi 2012-ci ilin dekabr ayının 12-dən aşağı salınırdı. Həmin vaxta qədər 5,25 % idi ki, qeyd olunan tarixdə 5 %-ə salındı. 2013-cü ilin fevralın 11-də 4,75-ə, 2014-cü ilin mayın 1-də 4,25-ə, həmin ilin iyulun 30-dan isə 3,5 %-ə endirilib. Sonuncu məlumata əsasən isə, AMB İdarə Heyəti 13 iyul 2015-ci il tarixdən uçot dərəcəsinin 3,5 %-dən 3 %-ə endirmək haqda qərar qəbul etmişdi.

Biz isə yazmışdıq ki, banklar tərəfdən əmanətlərin strukturunun kəskin şəkildə dəyişməsi səbəbindən kredit təklifinin məhdudlaşmasını aradan götürmək və ümumiyyətlə, manatla kredit verilməsini tam bərpa etmək üçün AMB uçot faiz dərəcəsini tədricən, 2%-dək aşağı salmalıdır. Ancaq, real vəziyyət tamamilə başqadır.
AzVision.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.