Azərbaycanın postneft dövrünə qəfil başlamasının pərdəarxası - TƏHLİL

16-02-2016, 12:41           

Ölkə başçısının son çıxışlarında yadda qalan fikirlərdən biri də Azərbaycan üçün postneft dövrünün vaxtından əvvəl başlaması haqqında idi. Prezident bildirmişdi ki, əslində biz postneft dövrünə 2030-cu ildən sonra hazırlaşmağı planlaşdırırdıq. Lakin artıq bizim üçün neftdən sonrakı dövr başlayıb. Dövlət başçısı buna Qərb-Rusiya savaşının səbəb olduğunu və bu münaqişənin neftin ucuzlaşmasının başlıca səbəbi olduğunu göstərmişdi.

Ölkə başçısının postneft dövrünü nə üçün məhz 2030-cu ildən sonraya hesablaması da sual doğuran məqamlardan biri idi.

“Yeni Müsavat”a açıqlamasında bu məsələyə münasibət bildirən Neft Araşdırmalar Mərkəzinin rəhbər İlham Şaban postneft dövrü ilə bağlı hesablamaları qəbul etmədiyini bildirib: “Prezidentin bu çıxışından mən belə anladım ki, hökumət uzun müddət neftin 100 dollardan baha olacağı proqnozuna özünü kökləyibmiş. Ancaq biz neftin son 40 ildəki qiymətlərini müqayisə etsək görərik ki, hər 5 ildən bir qara qızılın qiyməti dəyişir, gah ucuzlaşır, gah da bahalaşır. Yəni neft qiyməti stabil olan bir xammal deyil, onun qiyməti çox mürəkkəb faktorlardan asılıdır”.

Ekspertin sözlərinə görə, hökumətin özündə də çox dəqiq proqnozlar var idi ki, getdikcə istehsal və ixrac azalacaq: “Deyək ki, 2010-cu ildə sən 51 milyon ton neft hasil edibsən. 2021-ci ildə bu hasilatın həcmi 35 milyon ton olacaq, yəni 16 milyon ton azalacaq. Yəni qiyməti stabil olsa belə, gəlirlər çox kəskin şəkildə azalacaq. Ona görə də mən çox təəccüb edirəm ki, Azərbaycan hökumətinin iqtisadi təhlilçiləri reallığı əks etdirməyən məlumatları ölkə başçısına təqdim edirlər. Heç kim nəzərə almayıb ki, neft ucuzlaşa bilər, hasilat azala bilər. Ümumdaxili məhsul azala bilər. Yəni reallıqdan uzaq proqnozlar verilib”.

Postneft dövrünün başlamasının dünyada alternativ enerji mənbələrinin inkişafı ilə bağlı olmasına gəlincə, İ.Şaban bildirdi ki, alternativ enerji artıq inkişaf etmiş ölkələrin həyatına daxil olub: “Ancaq alternativ enerji heç vaxt ənənəvi enerjini geridə qoya bilməz. Nə, 2030-cu ildə, nə də 2040-cı ildə. Sadəcə, enerji sektorunda alternativ enerjinin payı getdikcə artacaq. Bu, reallığı əks etdirən fikir olar. Getdikcə dünyada alternativ enerjidən yararlanmaq dərəcəsi artacaq. Bundan əlavə, ənənəvi enerjinin faydalı iş əmsalı artacaq. Eyni bir iş üçün daha az yanacaq sərf olunacaq. Ənənəvi enerjidən çox qənaətlə istifadə etmək metodları ortaya çıxacaq. Ona görə də ənənəvi enerjiyə olan tələbat, əsas istehlakçı ölkələr olan Qərb ölkələrində azalır. Yaxın 10 ildə dünyanı çox maraqlı proseslər gözləyir”.

Politoloq Elxan Şahinoğlu da postneft dövrünün başlamasının hökumət üçün gözlənilməz olduğunu bildirdi: “Hakimiyyət təmsilçiləri neft istehsalının azalacağına hazır olsalar da, qiymətlərin bu dərəcədə düşməsinə hazır deyildilər. Ancaq beynəlxalq və yerli ekspertlərin proqnozları var idi ki, qiymətlər düşə bilər. Görünür, bu proqnozlar da diqqətə alınmadı”.

Postneft dövrünün başa çatmasının alternativ enerjinin tətbiqi ilə bağlılığına gəlincə, E.Şahinoğlu dünyada bu prosesin sürətləndiyini vurğuladı: “Bu prosesə Azərbaycanda da başlanıldı. Neft gəlirlərinin yaxşı olduğu dövrdə də müəyyən layihələr ortaya qoyuldu. Buraya günəş enerjisi, külək enerjisi də və sair daxildir. Lakin proses istənilən sürətlə getmədi. Dünyada isə bu proses sürətlə gedir. Avropa bu məsələdə daha öncədir. İnkişaf etməkdə olan ölkələrdə alternativ enerjidən istifadəni genişləndirməyə çalışırlar. Ancaq ənənəvi enerji ilə alternativ enerji arasında nisbət getdikcə azalmaqdadır. Azərbaycanda isə hələ ki proses daha zəif gedir. Görünür, bu məsələdə bir qədər də gecikmişik. Çünki bu, maliyyə tələb edən bir sahədir və maliyyə imkanları da getdikcə zəifləyir."












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.