Adəm və Həvvanın övladlarının evlilik məsələsinə AYDINLIQ - İnsanlar necə çoxalıb?

16-02-2016, 14:04           
Adəm və Həvvanın övladlarının evlilik məsələsinə AYDINLIQ - İnsanlar necə çoxalıb?
Qurana görə, Adəm yer üzərində Allahın canişini olaraq yaradılmış, onun ardınca isə Həvva yaradılaraq Adəm üçün həyat yoldaşı olmuşdu. Quranın "Nisa" surəsində bununla bağlı oxuyuruq:

"Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, zövcəsini (Həvvanı) da onun (Adəm kimi bəşər və insan) cinsindən yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbiniz (lə müxalifətdən, Onun qəzəbi və əzabından) qorxun!" ("Nisa" surəsi, ayə: 1).

Bu ayəyə görə Adəmi və onun həyat yoldaşı olan Həvvanı yaradan Allahdır. Onlardan bir çox kişi və qadınları törədən də məhz Odur. Amma burada əsaslı bir sual ortaya çıxır:

Əgər Adəm və Həvva yer üzərində yaranmış ilk insanlar sayılırsa, o zaman görəsən onların övladları kimlərlə ailə həyatı qurub və beləliklə də bəşər övladı çoxalıb?

Quran və təfsir alimləri əldə olan müxtəlif rəvayətlərə istinad edərək, bu suala aşağıdakı cavabları təqdim ediblər:

1. Adəm (ə) və Həvvanın övladları bir-biri ilə evlənmiş və beləliklə də, onların nəsli artmışdır. Çünki o zaman bacı ilə qardaşın evlənməsi qadağan edilməmişdi. Əldə olan müəyyən rəvayətlər də bu nəzərə dəstək verir. Hətta, bir sıra tanınmış qədim və müasir alimlər də bu fikiri qəbul etmişlər. Buna misal olaraq müasir alimlərdən Əllamə Təbatəbaini göstərmək olar. (Bax: "Əl-Mizan fi təfsiril-Quran", 4/137). Hətta, dahi ustadımız Əllamə Mərifət də sənəd baxımından səhih (mötəbər) sayılan bir sıra hədislərə istinad edərək bu fikiri dəstəkləyirdi...

2. Əldə olan bir sıra rəvayətlərə görə, Adəm və Həvvanın övladları bəzi cinlərlə ailə həyatı qurmuş və beləliklə də onların nəsli artmışdır. Görkəmli ilahiyytaçı alim Vasim Məmmədəliyev də son müsahibəsində bu qəbil rəvayətlər əsasında olan baxışı açıqlamışdı.

3. Bəzi rəvayətlərə görə, onlar hurilər və mələklərlə ailə həyatı qurmuşlar.

4. Quranın hər bir ayəsində elmi ecazkarlıq axtaran və bu sahədə ifrata yol verən bəzi şəxslərin iddiasına görə, Adəm (ə) və Həvvanın nəsli adi evlənmə və nikah yolu ilə deyil, əslində "klonlaşdırma" üsulu ilə artmışdır!!!

5. Bəzi alimlərin nəzərinə görə, Adəm və Həvvanı torpaqdan yaradan qadir Allah onların nəslinin artması üçün özlərindən sayılan insanlar yaratmış və beləliklə də onların nəsli artaraq davam etmişdir.

6. Əldə olan bəzi hədislərdən ilham alaraq deyə bilərik ki, Adəm (ə) və Həvvanın övladları onlardan öncə yaranmış insanlarla evlənmiş və beləliklə də onların nəsli artmışdır.

Quranın bir sıra ayələrindən varlıq aləminin daha geniş və daha çoxsaylı olduğu aydınlaşır. Quranda dəfələrlə işlənmiş "əl-Aləmin" (aləmlər) ifadəsi bunun önəmli nümunəsidir. Əldə olan müəyyən rəvayətlərdə də Adəmdən (ə) öncə yer kürəsində insanların mövcudluğu təsdiq edilir. İmam Sadiq (ə) bu barədə deyib: "Bəlkə də siz özünüzdən başqa heç bir bəşərin yaranmadığını güman edirsiz! Amma belə deyil. Əslində Allah-taala minlərcə aləm və minlərcə Adəm yaratmışdır ki, siz (insanlar) o Adəmlərin sonuncusunun nəslindənsiniz." ("Əl-Xisal", Şeyx Səduq, 2/652/54).

Digər hədisdə isə belə söyləmişdir: "Allah-taala on iki min aləm yaratmışdır... Onlardan heç birinin əhalisi özlərindən başqa digər bir aləmin də olmasını fikirləşmirlər." ("Əl-Xisal", Şeyx Səduq, 2/639/14).

Qeyd etmək lazımdır ki, bu günki elmi araşdırmalar, arxeoloji qazıntılar, habelə arxeoloqların irəli sürdükləri fikir və ehtimallar da bu mövzunu təsdiq edir. Dünyanın müxtəlif ölkələrində arxeoloji qazıntılar zamanı tapılmış insan skeletlərinin milyonlarla qədim illərə aid olduğu bildirilir. Hətta, həmin qazıntılar zamanı tapılmış bəzi insan skeletlərinin 500000 il öncəki tarixə aid olduğu bildirilir. Tövratın söylədiyinə əsasən, bu günkü bəşər övladının tarıxı yeddi min ildən artıq deyil. Bir nəzərə görə, 7000 il əslində Adəm və Həvvanın yaranış vaxtına işarədir və bundan öncə yer kürəsində yaşamış insanları nəzərdə tutmur.

Hər halda Adəm və Həvvanın övladlarının özlərindən öncə yer üzərində yaranıb-yaşamış insanlarla ailə həyatı quraraq öz nəslini artırması fikiri daha məqbul və daha önəmlidir. Quranda Adəmin yer üzərində Allah canişini olaraq yaranması bildirilsə də onun həyat yoldaşı Həvva ilə yerə enişi zamanı yer üzərində heç bir insanın olmadığını açıqlamır. Bu da öz növbəsində məqbul sayılan nəzərə bir dəstək ola bilər.

İnsan nəslinin bacı-qardaşla evlənməsi, eləcə də cinlər və ya mələklərlə ailə həyatı quraraq çoxalmasını bildirən fikirlərə gəldikdə isə bunlar əslində əldə olan müəyyən rəvayətlərdən əxz edilir. Bu kimi mənalar sağlam ağıl, ağıl məhsulu olan elm və eləcə də pak fitrətə sığmadığından məqbul sayıla bilməz. Hətta həmin fikirləri bizə çatdıran hədislərin sənədləri səhih və mötəbər olsa belə onları qəbul etmək olmaz. Çünki hər hansı bir hədisin sənəd baxımından səhih və mötəbər olması onun məna baxımından da hökmən məqbul sayılması anlamında ola bilməz.

Tədqiqatçı alimlər hədis və rəvayətlərin İslam elmlərinin ən zəif nöqtəsi olduğunu çox yaxşı anlayırlar. Çünki bir çox hədislər uydurma, yanlış və qeyri-məqbul şəkildə bizə çatmışdır. Hədis yazılışının 1 əsrə qədər yasaqlanması, eləcə də hədisləri yanlış tərzdə anlamaq, onların yazılışı və rəvayət edilməsi sahəsində yol verilən səhvlər bu sahənin digər problemlərindəndir.

Lakin hər hansı bir din alimi bu qəbil rəvayətlərə istinad edərək müəyyən bir mövzuda qeyri-məqbul və yanlış bir fikir yürüdürsə digər din alimi və ilahiyyatçı sayılan şəxslər bu mövzuya elm və etika çərçivəsində yanaşmalı və təqdim edilmiş yanlış fikiri elm və ədəb çərçivəsində tənqid etməlidir. Məsələn uyğun mövzuda təqdim etdiyim fikir dahi ustadım Əllamə Mərifət və onun ustadı Əllamə Təbatəbainin, eləcə də Azərbaycan diyarının görkəmli ilahiyyatçı alimi akademik Vasim Məmmədəliyevin baxışı ilə tam fərqli idi. Buna baxmayaraq uyğun yazıda onlara qarşı zərrə qədər də olsun sayğısızlıq edilmədi. Çünki onlar bizə hər zaman əziz və hörmətli alimlər sayılır və sayılacaqdır. Unutmayaq ki, elm sahəsində ədəbsizlik edib, dahilərə çamur atan elm daşıyıcısı cəmiyyət üçün yetərsizdir.

İnanıram ki, elmi və dini mövzularda belə bir metodun icra edildiyi təqdirdə həm elm inkişaf edər, həm də insanlar bundan faydalanar.

İlqar İsmayılzadə
(İlahiyyat elmləri doktoru)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.