NAZİR AİLƏSİ “ŞAHDAĞ”A NİYƏ TOPLAŞMIŞDI? – Yeni məlumatlar

19-02-2016, 01:31           

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ötən bazar günü ailəsi ilə birlikdə Qusardakı «Şahdağ» Turizm Kompleksində istirahət etdiyi, bu zaman ordakı vətəndaşlara müəyyən məhdidiyyətlərin tətbiq olunduğu barədə “AzPolitika.info”nun məlumatına münasibət bildirib.

Nazir, “Yeni Müsavat” qəzetinə müsahibəsində həmin gün “Şahdağ”da olduğunu təsdiqləsə də, ailəsi ilə restoranda olduğu vaxt digər vətəndaşların restorana buraxılmadığı barədə məlumatı sərt sözlərlə təkzib edib. Ə.Qarayev, hətta bu məlumatın yayılmasını “dövlətə, hökumətə qarşı təxribat” adlandırmaqdan da çəkinməyib.

Xatırladaq ki, ötən həftəsonu “Şahdağ”da istirahət edən vətəndaşlardan biri “AzPolitika.info”-ya şikayətlənmişdi ki, nazir Əbülfəs Qarayev ailəsi ilə birlikdə restoranda yemək yeyən zaman, digər vətəndaşların restorana girişi qadağan olunub.

Ə.Qarayevin sözügedən müsahibəsinin bu məlumatla bağlı hissəsini təqdim edirik:

SUAL: Əbülfəs müəllim, çox istərdik ki, öncə “Şahdağ”da restoran bağlatdırmanızla bağlı yayılan xəbərlərə münasibətinizi öyrənək. Digər suallara sonra keçərik…

NAZİR: Haqqımda çoxlu belə şayiələrin mövcud olması məni təəccübləndirmir. Bir dəfə maşınla Qubaya getmişdim. Xəbər çıxdı ki, guya maşınla inək vurmuşam. Bu da təxminən həmin inək vurma məsələsinə bənzəyir. Çünki bu, yanlış bir məsələdir. Birincisi odur ki, “Şahdağ”da bir neçə restoran var. Onların birində onlarla, yüzlərlə insanı gözlətdirmək olmaz. Ümumiyyətlə, bu sistem mümkün deyil. İkincisi, mən Şahdağa ayda iki-üç dəfə, özü də həftəsonları gedirəm. Nəzarət edirəm, vəziyyətə baxıram. Mən oranın tikintisində yaxından iştirak etmişəm. Cənab prezidentin tapşırığı ilə oranı ərsəyə gətirmişik. “Şahdağ”a indən sonra da getməyə davam edəcəm, bu, mənim vəzifə borcumdur.
Üçüncüsü, mən o restoranda yemək də yeməmişəm. Cəmi bir dəfə, səhər yeməyi zamanı ora düşmüşəm. Səhər yeməyində də restoran bağlatdırmaq ənənəsi nə Azərbaycanda, nə də dünyanın hansısa ölkəsində var. Kimsə məni görüb, bəlkə kimsə salam verib, görməmişəm, xətrinə dəyib. Götürüb bu cür yalan məlumatı yayıb cəmiyyətə. Allah canını sağ eləsin. Mən bu şeylərə tamamilə biganə münasibət bəsləyirəm. Mənə maraqlı deyil. Öz işimlə məşğulam, məni də bundan heç kim yayındıra bilməz. Dövlət adamıyam, heç vaxt özümə rəva bilməmişəm ki, mənəvi cizgilərdən çıxım. İndi bunu kimlər qəbul edirsə etsin, etməyənlərin də Allah canını sağ eləsin. İndi yazırlar da, nə edim? Gedib hamısına bir-bir deyim ki, yazma?

SUAL: Dediyiniz məsələ bu qədər sadə və bəsit ola bilərmi? Bəlkə bu sayaq xəbərin yayılmasında sizi sevməyən hansısa qüvvələr var?

NAZİR: Ola bilər ki, bunun arxasında məni istəməyənlər, düşmənlərim var. Mümkündür.

SUAL: Təxminləriniz hansı istiqamətdədir? Kimlər ola bilər?

NAZİR: Bilmirəm. Elə düşünürsünüz ki, nazirin vəzifəsi hamıya yaxşılıq eləməkdən ibarətdir? Kiməsə “yox” deyirsən, kiminsə istədiyini eləmirsən, bununla da düşmənlərin əmələ gəlir. Belə şayiələrin xüsusi olaraq yayılmasını həm də dövlətə, hökumətə qarşı təxribat hesab edirəm. Mən cənab prezidentin siyasətini öz sahəmdə yerinə yetirən adamam. Hər hansı müxalifət qəzeti, hansısa sayt yazır ki, Əbülfəs Qarayev bir iclasda oturub, onun arxasında da Qarabağı çıxarmaqla, Azərbaycanın xəritəsini veriblər. Bunlar lap uşaq danışıqlarıdır. Bizim Azərbaycan mədəniyyəti üçün beynəlxalq səviyyədə, UNESCO-da Azərbaycanın təbliğatı üçün etdiklərimizin müqabilində götürüb belə şeylər yazırlar. Kim kampaniya başlayıb, niyə başlayıb – bilmirəm.

SUAL: Daşın sizə hansı istiqamətdən atılması ilə bağlı yəqin ki, təxminləriniz var…

NAZİR: Bu, mənim daxili düşüncələrim və qənaətlərimdir. Onları bölüşmək fikrində deyiləm. Mən özümü hamı ilə bərabər tuturam. Özümə, hərəkətlərimə, davranışlarıma, danışıqlarıma arxayınam. Ona görə də kimsə nəsə yazırsa, yazsın.

Hörmətli nazirin bu təkzibindən sonra əməkdaşımız kiçik araşdırma apararkən, yeni məlumatlar əldə edib. Məlum olub ki, ötən istirahət günlərində Qarayevlər ailəsi həqiqətən də “Şahdağ”da olub. Üstəlik də, ailə tək olmayıb – onları 40-50 nəfərdən ibarət dost-tanış, qohumlardan ibarət böyük bir heyət də müşayiət edib. Qarayevlərin bu qədər adamla “Şahdağ”a toplaşmasının isə özəl səbəbi olub – nazir ailəsi yeganə övladları olan Suad Qarayevanın ad gününü qeyd etmək üçün “Şahdağ”a toplaşıb.

Əməkdaşımız öyrənib ki, həftəsonu bu əlamətdar günlə bağlı silsilə tədbirlər keçirilib. Bazar günü axşam baş tutan məclisdə Ə.Qarayevin özü də iştirak edib, məhz bu zaman da digər vətəndaşların restorana girişi məhdudlaşdırılıb. Yəni, Ə.Qarayevin ötən həftə sonunda “Şahdağ”da olması, heç də özünün iddia etdiyi kimi, “nəzarət etmək, baxmaq” məqsədi daşımayıb. Bunu sübut etmək də o qədər çətin deyil – otelin müşahidə kameralarına nəzər yetirmək kifayətdir. Ümumiyyətlə, ayda 2-3 dəfə “Şahdağ”da olan cənab nazirin belə bir vəzifə borcu olduğu da şübhə doğurur.

Lakin bunlar, həqiqətən də kiçik məsələlərdir. Ə.Qarayevin də digər vətəndaşlar kimi, istirahət etmək, öz övladına ad günü keçirmək və bu zaman restoran bağlatdırmaq hüququ var.

Ancaq yenə də maraqlıdır: görəsən çox hörmətli Əbülfəs müəllim ötən həftə sonu “Şahdağ”da nə qədər “şot” verib? Veribmi?!

İndi burda dövlətə qarşı təxribat törədən kim oldu?…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.