Türk iş adamının yarım milyonunu necə aldılar?

19-02-2016, 01:52           
Türk iş adamının yarım milyonunu necə aldılar?
Binəqədi Rayon Polis İdarəsində araşdırılan cinayət işi Türkiyə səfirliyinin də diqqətindədir

M.Demir: “Məndən 527 min dollar alıb, qarşılığında malımı vermirlər”

A.Salehov: “Türkiyə tərəfi müqavilə öhdəliklərini tam yerinə yetirməyib”

Türkiyə vətəndaşı Mithat Demir "Bizim Yol" qəzetinə şikayət ərizəsi ilə müraciət edib. Bir müddətdir Azərbaycanda bizneslə məşğul olan M.Demir 527 000 dollar pulunun azərbaycanlılar tərəfindən əlindən alındığını deyir. Məktubunda bunları qeyd edib:
"2015-ci ilin may ayında dostlarım ticarət məqsədilə Rusiyadan Türkiyəyə mis göndərmək üçün Dağıstanda yerləşən bir şirkətlə əlaqəmi qurdular. Rusca danışan və qanunları bilən birinə ehtiyacım vardı. Hüquqşünas olduğunu deyən Ayaz Salehov ad-soyadlı biri ilə bütün sənədlərin hazırlanması və misin Türkiyəyə çatdırılması mövzusunda anlaşdıq. Xidməti qarşılığında ona alınan hər ton üçün 25 dollar pul ödəyəcəkdim. Dağıstandakı şirkətlə müqavilə imzalandı. Sonradan hüquqşünas qəsdən həmin o şirkətin nümayəndələri ilə dalaşdı. Mənə isə "necə olsa da, bu işi öyrəndim, misin alınmasını özüm həll edə bilərəm", dedi. Yanına da dostları Mənsur Məmmədov və polis əməkdaşı Rəşad Sadıqovu aldı. Onlar birlikdə Yekaterinburq şəhərinə getdilər, oraya çatandan sonra mənə xəbər verdilər ki, mal hazırdır. Misi dərhal göndərəcəklərinə inandırıb, pulu onlara çatdırmağımı istədilər. R.Sadıqovun nüfuzlu adamlarla tanış olduğunu, onların Rusiyadakı rəsmi dairələrlə qohumluq əlaqələrinin mövcudluğunu söylədilər, Mənsur da əqrabalarının olduğunu deyib, bu işi problemsiz həll edəcəklərinə inandırdı. 527 000 dolları onlara verdim. Ayaz pulun bir hissəsini həyat yoldaşına verməyimi istədi. Dediyi kimi elədim, 170 min dolları ofisində gözləyən xanımına, pulun qalanını da Yekaterinburqdan qayıdandan sonra özünə verdim. Dostu Telmanın maşınında gəlmişdi, pulu bankdan onun yanında götürdük. Sonradan öyrəndiyimə görə Rəşad da orada imiş, halbuki mən Rəşadla Mənsurun Yekaterinburqda olduğunu güman edirdim. Qısa müddətdə mal çıxacaqdı. Ayaz bəy gedib, 3 gün sonra Mənsur bəylə geri gəldi. Dedilər ki, "pulları bir firmada əlimizdən aldılar, mal vermədilər, sahiblərini də tapa bilmirik, bizə "atdılar" və s". Müxtəlif ssenarilər yazmağa başladılar. Sonradan anladım ki, pulu mənim əlimdən almaq üçün bərabər plan qurublar. Binəqədi rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etdim. Amma adamlar hələ də əl-qollarını sallayaraq bayırda gəzirlər. Mənə hədə-qorxu gəlir, pulun yarısını rüşvət verəcəklərini, qalanını da "yeyəcəklərini" söyləyirlər. Mənim isə Azərbaycan ədalətinə güvənməkdən başqa şansım yoxdur".
M.Demir deyir ki, pulu "Zamin Bank"ın 14 saylı filialına gedərək götürüb. Yanında isə Salehovun tanışı Telman olub və iş adamını öz maşınıyla banka o götürüb. Ən vacibi odur ki, qarşı tərəf pulu ondan aldığını və müqabilində misi təhvil vermədiyini danmır, açıq etiraf edir. Bunu A.Salehov yazdığı bir əlyazma ilə də təsdiqləyir: "Mən Ayaz Salehov qeyd edə bilərəm ki, Rusiya Federasiyasından 100 ton 8 mm mis prutokları (mil-H.H.) Türkiyə dövlətinə çatdırılması üçün Mithat Demirin Yekaterinburqa göndərdiyi (Telman və Azər vasitəsilə) 527 000 ABŞ dolları aldım, Rusiyada "OOO Vista" şirkətinin hesabına 27 825 600 rubl köçürdüm. Həmin 100 ton misin Türkiyəyə çatdırılmasını şirkət üzərinə götürdü. Bu işlə bağlı hər bir problemə şirkət cavabdehdir, "OOO Vista" və "A-Star Service" MMC arasında anlaşılmazlıq olarsa, onu özüm həll edəcəm". Bir kağızda iki dəfə imzasını qoyub.

Bəlli ki, bu işin aparıcı şəxsi elə bu vətəndaşdır. A.Salehova zəng elədim. Bir müddət məni sorğu-suala tutdu, özünü əvvəlcə məsələdən xəbərsiz kimi göstərdi, hətta belə bir hadisənin nə vaxt baş verdiyini soruşdu. Ya mənim bu işi nə qədər bildiyimi öyrənməyə çalışırdı, ya da zəngim ani olduğundan düşünmək üçün vaxt qazanırdı. İmzaladığı kağızı ona oxuyub xatırlatmağa çalışdım, yadına düşüb-düşmədiyini soruşdum. Sualımı qulaqardına vurub 5 dəqiqə sonra nömrəmi yığacağını deyərək telefonu qapatdı, amma qısa zamanda da özü zəng elədi. Dediklərini eynilə yazmağa çalışacam: "Xanım, o iş Bakı şəhər Baş Polis İdarəsindədir. Orada müqavilə öhdəlikləridir. Uğursuz kommersiya fəaliyyətidir. Türkiyə tərəf 8 300 ton mal almalı idi. O pul ilkin olaraq "Vista" şirkətinə beh şəklində ödənilib. Və o iş Mithat Demirin ərizəsinə əsasən Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırılır. Bu məsələni qəzetdə işıqlandırmağınız mənim kommersiya və sahibkarlıq fəaliyyətimə ziddir". Dedim, nə yaxşı öz hüquqlarınızı bilirsiniz, amma başqasının hüququnu tanımaq istəmirsiniz?

"Kommersiya sirri haqqında" Azərbaycan Respublikasının Qanununda qeyd olunur ki, kommersiya sirri - hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlardır. Kommersiya sirrinin sahibi isə kommersiya sirrinə qanuni əsaslarla malik olan hüquqi və ya fiziki şəxslərdir. Əvvəla, cənab Salehov mis istehsal eləmir və dolayısıyla maya dəyəri, satış qiymətinin də onun biznesi ilə bir əlaqəsi yoxdur. Başa düşdüyüm qədər o, vasitəçilik, ya da daşınma xidmətini üzərinə götürüb və bunu müqavilə ilə etdiyi də təsdiqlənmir, deməli, hətta əgər M.Demirin ona yarım milyon dollardan artıq verdiyi pul kommersiya sirridirsə, qanuni əsası yoxdur. Çünki sahibkar olduğunu deyən şəxs sifarişçi ilə müqavilə bağlamayıb. Pulu rəsmən alıb? Özünün iddiasına görə, xeyr! Deməli, burada vergidən yayınma riski də yüksəkdir.

A.Salehovla söhbətimizin davamını dialoq şəklində yazıram:
- Ayaz müəllim, siz 527 min dolları M.Demirdən aldığınız barədə kağız imzalamısınız.
- Harada?
- Yekaterinburqa göndərildiyini yazmısız.
- Vəssalam.
- Mithat Demirin barəsində danışdığı pulu Rusiyada almısız?
- Bəli, Rusiyada 27 milyon rublu qəbul eləmişəm.
- Hansı məqsədlə almısınız və kimdən?
- Müqavilə öhdəlikləri var, onu müqaviləyə keçirmişəm.
- Pulu aldığınızı təsdiqləyirsiz, bəs onun müqabilində müqavilə öhdəliklərini yerinə yetirmisinizmi?
- Pul "Özgüven Kablo" LTD-nindir, o şirkət bizim qarşımızda müqavilə öhdəliklərini yerinə yetiribmi ki?
- Şirkətin pul ödəməkdən başqa nə öhdəliyi vardı ki?
- Burada üçtərəfli müqavilə var - Türkiyə tərəfdən "Özgüven Kablo" LTD, Azarbaycan şirkəti "A-Star Service" MMC və Rusiyadan da "Vista". Türkiyə tərəfi bizim qarşımızda öhdəliyini tam yerinə yetirmədiyi üçün Azərbaycan şirkətinin beh şəklində ödədiyi pulu qaytara bilmədi (?). Həmin öhdəliklər yerinə yetirilmədiyi üçün mübahisə predmeti olub. Həm Rusiya polisində araşdırma gedir, həm də burada.
- Rusiyada niyə araşdırma gedir, "Vista" şirkətinin fəaliyyəti araşdırılır?
- Bəli, "Vista" şirkətindən mən pul tələb edirəm. Orada təhlükə qarşısında qaldım, məni ölümlə hədələdilər, Rusiyanı tərk etmək üçün mənə 24 saat vaxt qoydular. Mithat bəy o zaman mənim şirkətimdə icraçı direktor vəzifəsində işləyib. İstintaq materiallarına girsəniz, sizə hətta şirkətim adından rəsmi razılıq məktubu verə bilərəm ki, istintaqla maraqlanasınız. Bu işdə gizli məqamlar, açılmayan detallar çoxdur, hazırda üzərində araşdırma gedir.
- 27 milyon rublu aldığınız barədə əlyazmanız var və indi bunu mənimlə söhbətdə də təsdiqləyirsiniz...
- Bəli, alıb "Vista" şirkətinə vermişəm, sonra?
- Mithat Demir sizə pulu verib, sizin isə öhdəliyiniz ona mis çatdırmaq idi...
- (Sözümü kəsir) ... mənə pul verməyib, mənə Rusiyaya göndərib.
- Necə göndərib, bankla, yoxsa kiminsə vasitəsilə?
- Bilmirəm, Rusiyada telefonuma zəng gəlib ki, sizə pul çatacaq, qəbul edin, hissə-hissə qəbul eləmişəm.
- Bankdan qəbul elədiniz, Ayaz müəllim?
- Xeyr, şəxsi adamdan.
- Tanıdığınız adamlar idi?
- Xeyr, heç birini tanımırdım. Telefonuma zəng gəlib, müxtəlif vaxtlarda hissə-hissə qəbul eləmişəm ("dilindən kağız"da isə pulu Telman və Azərin ona çatdırdığını yazıb-H.H.).
- Mithat bəy deyir ki, məsələni bilərəkdən Rusiyaya çəkirsiniz, əslində o, sizə və həyat yoldaşınıza pulu Azərbaycanda - Bakıda verdiyini söyləyir.
- Bax görürsən, siz artıq istintaq araşdırmasına keçdiniz.
- Məsələnin istintaqa aid tərəflərini soruşmuram, M.Demirin iddialarına aydınlıq gətirməniz yetərlidir.
- Verilmiş qəbzin barəsində məni sorğu edirsiniz, amma di gəl keçdiniz istintaqa, polisin səlahiyyətlərini yerinə yetirirsiz.
- Mithat bəy iddia edir ki, pulu sizə Bakıda verib, siz isə Rusiyada aldığınızı söyləyirsiniz, doğrudurmu?
- İstintaqa müraciət etsəniz, görəcəksiniz ki, müəyyən detallar ortaya çıxır.
- Mən istintaqın işlərinə qarışmıram, onlar da bizim işimizə müdaxilə etmirlər, bir məsələni araşdırmaq üçün nə istintaq orqanları bizdən icazə alır, nə də biz onlardan...

Sözümü yarımçıq kəsib dəstəyi asdı. Əslində mən istintaqa indi müraciət etsəm, onun işinə qarışmış kimi görünərəm, hazırkı məqamda isə hakimiyyətin iki fərqli qolu olaraq hər kəs öz vəzifəsini yerinə yetirməkdədir. A.Salehovun bildirdiklərinə gəlincə isə, ilk dəfədir eşidirəm ki, kimsə pulunu ödəyib almadığı mala görə ondan şikayət edilsin. A.Salehov pulu aldığını etiraf etdi, onun qarşılığında malı verəcəyi və ya aldığı pulu qaytaracağı barədə bir kəlmə də demədi. Əksinə, M.Demiri hansısa öhdəliklərini yerinə yetirməməkdə suçladı. Təqdim olunan əlyazmada Demirin öhdəliyindən bəhs edilmir, Salehov aldığı pul müqabilində özünün ona 100 ton mis çatdıracağını iki dəfə vurğulayır. Qısa dialoqdan belə qənaət yaranır ki, adamın kiminsə pulunu alıb malını verməyindən çox qarşı tərəfi borclu çıxartmaq çabası var.

Məsələ Türkiyənin ölkəmizdəki səfirliyinin də diqqətindədir. Binəqədi RPİ-nin istintaq şöbəsindən bu ilin yanvarın 15-də səfirliyə təqdim olunan arayışda bildirilir ki, "M.Demir ərizə ilə idarəyə müraciət edərək 2015-ci ilin iyun ayında A.Salehov, M.Məmmədov və R.Sadıqov tərəfindən Rusiya Federasiyasının Yekaterinburq şəhərindən Türkiyə Respublikasının İstanbul şəhərinə mis göndərmək adı ilə aldadılaraq Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən "Zümrüd" restoranının yanındakı ofisdə 527 000 ABŞ dolları pulunun ələ keçirilməsi ilə nəticələnən dələduzluq cinayətinin törədilməsi barədə məlumat verməsi faktına dair 10 dekabr 2015-ci il tarixdə Binəqədi RPİ-nin istintaq şöbəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılır". Qeyd edək ki, CM-nin 178-ci maddəsində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə nəzərdə tutulur. 178.3.2. bəndi (külli miqdarda ziyan vurmaqla törədildikdə) "Dələduzluq" maddəsinin ən ağır üç bəndindən ikincisidir və bu əməli törədənlər yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Burada sanki 178.3.1. maddəsinin (mütəşəkkil dəstə tərəfindən törədildikdə) də "qoxusu" gəlir. İstər polis idarəsinin arayışında, istərsə də Demir və Salehovun söylədiklərində 4-5 adamın adı hallanır. Hər halda, ən yaxşısını istintaq orqanları bilirlər.

Məqalədə adı çəkilən digər şəxslərin açıqlamalarını növbəti yazıda oxuyacaqsınız...
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.