Sedat Peker indeksi
12-06-2021, 01:50
Türkiyə iqtidarının təmsilçiləri tərəfidən mütəşəkkil cinayətkar dəstənin başçısı kimi təqdim olunan, hələ 2007-ci ildə çoxsaylı cinayətlərdə ittiham olunaraq həbs olunmuş Sedat Pekerin Youtebe kanalı ilə yayımladığı doqquz videonun ümumi izlənmə sayı 100 milyonu keçib.
Mütəşəkkil cinayətkar dəstə başçısı kimi təqdim olunan bir şəxsin yayımladığı videolar Türkiyə cəmiyyətin ciddi şəkildə sirkələyib və tədricən ölkəni siyasi böhrana doğru sürükləyir.
Rusiya müxalifətinin lideri Aleksey Navalnın təqdimatında Yotebe üzərindən yayımlanan “Putinin sarayı. Ən böyük rüşvətin tarixi” filminin izlənmə sayının 117 milyonu keçməsi böyük əksrəiyyət üçün gözlənilməz olsa da, təbii proses kimi qəbul olunmalıdır. Çünki Aleksey Navalnın özünün adına olan youtebe kanalı üzərindən videoları 2013-cü ilin iyun ayından başlayaraq yayır və geniş izləyici kontingenti formalaşdırıb. Digər tərəfdən Youtebe-n rus seqmenti videohostinqin türk seqmentindən fərqli olaraq çox genişdir. Bu yalnız Rusiya əhalisinin Türkiyənin əhalsinindən təxminən iki dəfə çox olması ilə bağlı deyil. Türkiyədə azsayda olsa da müstəqil ənənəvi media və müxalifətin media təsisatları mövcud olduğu halda, Rusiyada bir dənə də olsa müstəqil televiziya və rejim müxalifətinin yayım orqanları mövcud deyil. Buna görə Ruisyada insanlarda alternativ informasiyanı ancaq sosial şəbəkələr üzərindən ala biləcəkləri qənaəti yaranıb. Bu səbəbdən də sosial şəbəkələrin, xüsusisən də Youtebe-n Rusiya seqmenti çox genişdir.
Türkiyədə “Fox Tv” kimi müstəqil televizya kanalı, “Cumhuriyet” və “Sözçü” qəzeti kimi müstəqil dərgilərin olmasına baxmayaraq Sedat Pekerin yayımladığı doqquz videonun ümumi izlənmə sayının 100 milyonu keçməsi təəccüblü olsa da, bu fenomeni izah etmək mümkündür.
Oxford Üniversitenin 2018-ci ildə apardığı bir araşdırma zamanı Türkiyədə rəyi soruşulanların yalnız 38 faizi mediada yer alan xəbərlərə inandığını bildirmişdi. Ötən üç ildə mediada yayılan məlumatlara inananların sayı daha da azalıb. Bu Türkiyə cəmiyyətində sosial kapitalın da azaldığının önəmli göstəricilərindən biridir.
Prezident Rəcəb Tayyib Ərdoğanın genclərlə video konferans formatında görüşünün 200 mindən çox “dislike” edilməsi, müxalifət lideri Kemal Kılıçdaroğlunun çıxışlarının ən yaxşı halda 3-4 min izləyici tərəfindən “like” edilməsi fonunda Sedat Pekerin videosunun 300 mindən çox izləyici tərəfindən “like” edilməsi Türkiyə cəmiyyətində sosial kapitalın nə qədər aşağı olduğunu göstərən başqa bir dəlildir.
Sosial kapitalın aşağı olması isə populistlərin önə çıxmasına, cəmiyyəti yönləndirməsinə imkan verir. Sedat Pekerin videolarının təsəvvür edilməz dərəcədə uğur qazanması isə sosial kapitalın aşağı olduğu ölkələrdə hətta mafiya başçısının da önə çıxa biləcəyini göstərir.
Bu günə kimi sosioloqlar cəmiyyətdə sosial kapitalın azlığının ən aşağı səviyyəsini ehtiva edən indeksi müəyyən etməyiblər. Sedat Pekerin videoların uğuru cəmiyyətdə sosial kapitalın azlığının ən aşağı səviyyəsini müəyyən etmək üçün sosioloqlar üçün çox əlverişli imkanlar yaradır. Əgər bir gün sosioloqlar cəmiyyətdə sosial kapitalın azlığının ən aşağı səviyyəsini müəyyən etsələr, çox böyük ehtimalla onu “Sedat Peker indeksi” adlandıracaqlar.
Xaqani Cəfərli