NAZİR ETİMAD GÖSTƏRDİYİ TSEK SƏDRLƏRİNİ NİYƏ İŞDƏN ÇIXARIR?
28-04-2016, 22:01
Cəlilabad-Biləsuvar rayonlarını əhatə edən 30 saylı TSEK-in sədrinin həbsi son bir həftə ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun TSEK sədrlərinə qarşı nəzarət tədbirlərini gücləndirməsi ilə müşayiət olunur, bu sahəyə dair əvvəllər yol verdiyi səhvlərin aradan qaldırılmasından xəbər verir.
Bu onunla izah olunur ki, nazir Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe rayon ƏSMM işini yaxşı bilir və bu idarələrin fəaliyyət spesifikasiyası əvvəllər onun sədri olduğu Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələrinin gördüyü işlərə hardasa yaxındır. Nazir üçün qaranlıq qalan və ən zəif yeri olan TSEK-lərdir. Elə nazirin narahatçılığı da bundan irəli gəlir və həkim peşəsinə dərindən bələd olmadığı üçün hər zaman TSEK-lərin fəaliyyəti onun üçün hardasa narahatçılıq yaradır. Yeri gəlmişkən, TSEK-lər, ƏƏSMN-dən alınaraq Səhiyyə Nazirliyinə verilməsinə dair iddialar da var. Nazir olduğu ilk aylarda TSEK-lərə dair yol verdiyi səhvlərin aradan qaldırılmasında qərarlıdır. Düzdür, heç kim inkar edə bilməz, Səlim Müslümov keçmiş nazir Füzuli Ələkbərovun dövrünü qabaqlayaraq bir çox uğurlara imza atıb, bu sahəyə dair narazılıq yaradan problemləri mümkün qədər həll edib. O qabağa gedərək TSEK sədrlərinə verilən arayışda olan problemləri aradan qaldırıb. Hətta, onkoloji xəstələrə əlilliyin müəyyən edilməsi zamanı arayışların 500 manata satılmasını aradan qaldırıb, Füzuli Ələkbərovun iştirakına dair belə xoşagəlməz vəziyyəti TSEK sədrlərinin başına gətirən şəxsləri nazirlikdən uzaqlaşdırdı. Onun bu yanaşmasını Səlim müəllim tərəfindən işdən çıxarılmış TSEK sədrləri belə müsbət qiymətləndirdilər. Bu kimi halları nazirin uğuru kimi xarakterizə edənlər də vardı. Lakin yuxarıda qeyd edildiyi kimi, yeni nazir də səhvlərə yol verdi. Ola bilsin nazir ətrafına inanır, ya da bilmədən səhvlərə yol verirdi. Məsələn, birdən-birə 14 rayon TSEK sədrini dinləmədən zaldan kənarlaşdırması səhvlərinin başlanğıcı idi. Çünki, işdən azad etdiyi TSEK sədrlərinin içində işini mükəmməl bilən təcrübəli həkimlər, onları əvəz edən qadın və ya kişi həkimlərlə müqayisə olunmayacaq dərəcədə savadlı şəxslər olub. Yeni nazirin onları hansı səhvlərinə görə işdən çıxarması onlara da qaranlıq olaraq qalıb. Onlara qarşı hər hansı rüşvət ittihamının irəli sürülməsi məntiqsizdir. Yeni TSEK sədri təyin olunan şəxslər daha çox rüşvətə meyllidir. Çünki qadınların tamahı, kişilərdən qat-qat üstündür. Məsələn, biraz əvvəl Gəncə 25 saylı, 34 saylı İmişli, Saatlı rayonlarını əhatə edən TSEK barədə nələr yazılmadi ki?! Qanuna müvafiq şəkildə araşdırılsa, hamısı həqiqətdir. Nə isə…
Qayıdaq işdən çıxartdığı səxslərə dair məlum müşavirədə nazirin irəli sürdüyü arayış məsələsinə, bu məsələyə Səlim Müslümov deyə bilərdi ki, yoldaş, sizdə 800-1000 iş niyə yığılıb qalıb? Əlbəttə ki, hər şey buradan aydın ola bilərdi… Və o da aydın ola bilərdi ki, bu məsələlərdə bəzi TSEK sədrlərinin günahı olmayıb. Məsələn, Tovuz 28 saylı TSEK sədri Yaşar həkim əlilliyin müəyyən edilməsinə dair əsasnamənin bütün tərəflərinə lazımi şəkildə yanaşsa da işdən çıxarılıb. Onun qısa zaman işləməsinə baxmayaraq, özündən əvvəlki TSEK sədri ilə müqayisədə əlilliyin müəyyən edilməsində ən aşağı faizi əks etdirib. Əlavə olaraq, təkrar komissiyalara müraciət edən xəstələrin 15%-ni 2-ci qrupdan 3-cü qrupa keçirməklə dövlət vəsaitinə qənaət edib. Hazırda Tovuz 28 saylı TSEK-ə rəhbərlik edən Arif Səmədov barədə həqiqəti əks etdirən KİV-də faktlar ortaya qoyulur. Hansı tədbir görülür ki?…
Gəncə 25 saylı TSEK sədri olmuş Firudin Orucov, o cümlədən Goranboy, Naftalan rayonları üzrə TSEK sədri işləmiş Əmirxan Aslanov, Mingəçevir şəhərində TSEK sədri işləmiş Şahin həkim maksimum şəkildə xətasız işləyən peşəkar həkimlər kimi xarakterizə olunurdu. Bu şəxsləri əvəzləyən TSEK sədrləri barədə KİV-də yer alan yazılar ən məlumatsız adamda da ilkin təsəvvür yaradırdı ki, köhnələrə yenilərlə müqayisədə bəraət qazandırasan. Hazırki xanım TSEK sədrləri barədə mətbuatda daha hansı faktlar ortaya qoyulmadı ki? Bunları inkar etmək də düzgün deyil. Amma həqiqət birdir ki, F.Ələkbərovun dövründə işləyənlərə işdən çıxardılan zaman nazir söz haqqı vermədən zaldan kənarlaşdırdı. Onda Səlim Müslümov fikirləşməli idi ki, hazırda onun intibah dövrüdür, bunun qürub zamanı da var. Yəni, bu dünyanın günəşi olduğu kimi, küləyi, çovğunu, qarı da olacaq.
Ən praktik bir misal. Nazir deyə bilərdi ki, 34 saylı Saatlı, İmişli rayonlarını əhatə edən TSEK-in sədri Məmmədəli həkim, qalx ayağa! Niyə sizin stolunuzun üstündə indiyə kimi 840 iş yığılıb qalıb? Niyə indiyə qədər bu şəxslərə əlillik dərəcəsi müəyyən etməmisiniz? Onda nazir Səlim Müslümova maraqlı olan nüanslara aydınlıq gətirilərdi. Yeni nazir bilərdi ki, 34 saylı TSEK-in sədri 840 işi özündən əvvəlki, həm də nazir Səlim Müslümovun bu yaxınlara kimi etimad göstərdiyi Nizami rayon 7 saylı TSEK-in sədri Kamil Məmmədovdan təhvil alıb. Arayış ala bilmədiyindən, daha doğrusu arayışı 500 manata satdıqları üçün onlara əlillik müəyyən edə bilməyib və 840 iş Kamil Məmmədovun problemləridir. Və necə ola bilir ki, Kamil Məmmədov Nizami rayon 7 saylı TSEK-də 2014-cü il dekabr ayının sonuna kimi qalıb işlədi, Məmmədəli həkimə zalda söz haqqı tanınmadan işindən azad oldu? Bu kimi onlarla misal gətirmək olar.
Demək, ya nazirə yanlış məlumat verilib, ya da nazir özü səhvə yol verib və bu səhvlərindən birini 2014-cü ilin dekabrında Kamil Məmmədovu işdən çıxarmaqla düzəltdi. Görünür, Biləsuvarda ötən həftə baş verən məlum xoşagəlməz hadisə Səlim Müslümovu pərişan edib. Və indi onun özü tərəfindən təyin olunan TSEK sədrləri haqqında ciddi tədbir görmək istəməsi də buradan irəli gəlir. Və yaxud nazir müavini İlqar Rəhimovun Tibbi Sosial Ekspert Komissiyalarının işinə dair savad və təcrübəsindən faydalanmaq yanlışlarını düzəltməkdə israrlıdır. Səlim Müslümov Füzuli Ələkbərov kimi davamlı şəkildə səhv etmək istəmir.conflict.az