“Dostluq” parkındakı villaları tikən şəxsin həbsinin pərdəarxası

21-06-2015, 21:48           
“Dostluq” parkındakı villaları tikən şəxsin həbsinin pərdəarxası
Dövlət başçısı İlham Əliyevin bir müddət əvvəl Bakıda “Dostluq” parkı ilə bağlı dedikləri məmurlar tərəfindən diqqət mərkəzində saxlanılır

Abutalıbovun sökdürdüyü mülklərin sahibləri hələ də şübhəli şəkildə susurlar; Tərlan Hüseynovun tutulması günahkar məmurları qorumağa xidmət edə bilər

Dövlət başçısı İlham Əliyevin bir müddət əvvəl Bakıda “Dostluq” parkı ilə bağlı dedikləri məmurlar tərəfindən diqqət mərkəzində saxlanılır.

Dövlət başçısının villalarla bağlı çıxışından dərhal sonra tikililərin sökülməsi, söküntüyə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun şəxsən başçılıq etməsi, parkda mahnı sədaları altında ağacəkmə kampaniyasının keçirilməsi birmənalı qarşılanmır.

Çünki dövlət başçısı sənədsiz evlərlə bağlı bir neçə dəfə sərəncam və tapşırıq versə də, aidiyyəti qurumlar və məmurlar bu tapşırığın icrasını hələ də ləngidirlər. Sənədsiz evlərin məsələsi bu günədək həllini tapmayıb. Paytaxtda isə 500 minə yaxın sənədsiz evin olduğu bildirilir.

H.Abutalıbovun söküntü zamanı dedikləri isə narahatlıqla qarşılanıb. BŞİH başçısı bildirmişdi ki, parkın yaxınlığındakı villalar söküldüksən sonra bu işlər digər ərazilərdə də davam etdiriləcək. Ekspertlər isə bildirirlər ki, bu açıqlama paytaxtda növbəti söküntünün anonsu kimi də yozula bilər. Paytaxtda həyət evində yaşayan keçmiş deputat Nazim Məmmədovun sözlərinə görə, H.Abutalıbovun açıqlamasını müsbət qarşılayıb: “Hacıbala müəllim belə əraziləri, qanunsuz tikililəri sökməklə çox böyük iş görmüş olar. 8-ci kilometr ərazisində, bizim yaşadığımız yerdə, metro stansiyasının çıxışında, yaxınlığında onun özünün göz yumduğu kifayət qədər tikililər, kommersiya obyektləri var. Arzu edərdik ki, Hacıbala Abutalıbov onları söksün.

Təkcə Nizami rayonu ərazisində deyil, paytaxtın başqa rayonlarında da bu problem var və ciddidir. Bakı Şəhər İcra Hakimiyyəti onları söksün, ətrafı şəhər səviyyəsinə salsınlar. Dövlət başçısının bu kimi məsələlərlə bağlı çox sərt davranışları olub, göstərişlər verib. Amma heç biri yerinə yetirilməyib. Yaşadığım evə gəldikdə isə şəxsi evdə yaşayıram: tam qanuni, icazəsi alınmış, sərəncamı qaydasında olan və mülkiyyət hüququ alınmış mülkdür. Heç bir problem görmürəm. Ancaq Hacıbala Abutalıbov etdiklərini kampaniyaya çevirməsin. Arxasında məmur durmayan iş adamlarının dükanlarını, sadə vətəndaşın evini sökməklə özlərini reklam etməsinlər, işlərini bitmiş hesab etməsinlər. Konkret adlar açıqlasınlar ki, qanunsuz tikililəri həyata keçirən hansı məmurlardır, iş adamlarıdır, kimin harada obyektləri var. Bizim bir müddət əvvəl apardığımız araşdırmaya görə, paytaxtda 450 min sənədsiz ev var. Mən həmin evləri qanunsuz hesab etmirəm. Onlar müvafiq sənədlərlə, korrupsiya mexanizmlərinin qurbanı olaraq tikilib. Prezident sənədsiz evlərlə bağlı göstəriş, sərəncam verib. Yenə də buna əməl olunmur. Camaatın gözünə məmurlar kül üfürməsinlər, kampaniya aparmasınlar, işlərini rüşvət almaqla bitmiş hesab etməsinlər”.

Bakıda həyət evində yaşayan daha bir tanınmış, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı da Hacıbala Abutalıbovun həmin çıxışına qulaq asıb: “Mən ona qulaq asmamışdan da hər zaman hər şey üçün təhlükə gözləyən adamam. Məsələn, indi avtomobili belə park etməyə yer yoxdur. Saatı 50 qəpiyə, fantastik qiymətə park pulu qoyublar. Hər zaman hər yerə girə, oranı dağıda, sökə, insanları - o cümlədən hamımızı küçələrə ata bilərlər. Bizə bir söz deməyiblər, bizim yerimizin sağlam olduğunu söyləyirlər, əksinə, buraları dövlət proqramına salıb düzəltmək, ”Təmiz Binəqədi"nin bir hissəsi etmək istədiklərini deyirlər. Amma bunlara inanmaq olarmı?! Qoca “Sovetski”nin aqibətini görəndən sonra hər zaman, hər an o təhlükəni hamı yaşamalıdır, məncə. Təkcə həyət evlərinin yox, elə çoxmərtəbəli binaların da sakinləri... Allah göstərməsin, birdən kiminsə xoşuna gəldi yer - vəssalam, sökəcəklər. Əlim Allahdadır ki, yaşadığımız, doldurub-abadlaşdırdığımız yer heç kimin xoşuna gəlməsin... O zaman təhlükə də olmaz".

Qeyd edək ki, 19 mayda Binəqədi rayonu ərazisində baş vermiş faciəli yanğın hadisəsinin araşdırılması ilə bağlı yaradılan Dövlət Komissiyasının iclası zamanı prezident İlham Əliyev çox sərt çıxış edərək, açıq şəkildə ölkədəki bir sıra qanunsuzluqların və özbaşınalıqların başında vəzifəli şəxslərin, məmur korpusunun durduğunu bildirib. O, hətta buna misal kimi, Səbayel rayonu ərazisində yerləşən “Dostluq” parkının ərazisinin qanunsuz zəbt olunması və orada villalar tikilməsini göstərib. İki gün əvvəl sözügedən parkdakı villalarla bağlı bir nəfər həbs edilib. Həbs edilən şəxsin ad-soyadı Tərlan Hüseynovdur. Hazırda T.Hüseynovun istintaq altında olduğu deyilir. O da bildirilir ki, Tərlan Hüseynovun həbsi qanunsuz torpaq satışında əli olan şəxsləri bərk təşvişə salıb. Ekspertlərə görə, həbslərin davam edəcəyi də istisna deyil.

Maraqlısı odur ki, zəbt olunmuş ərazidə milyonlarla qiymətə başa gələn villalar tikilib. Aparılan araşdırmalar zamanı həmin villaların kimə məxsus olduğu üzə çıxmayıb. Dövlət başçısının məlum çıxışından sonra villaların sahibləri yoxa çıxdılar. Maraqlıdır ki, həmin villaların kimə məxsus olmasından nə Bakı merinin, nə də Səbayel Rayon İcra Hakimiyyətinin xəbəri olub. Hazırda Azərbaycanda bu tipli yerlərin çox olduğu danılmaz faktdır. Bəzi ekspertlər hesab edirlər ki, məhz bu parkın diqqət mərkəzinə gətirilməsi ilə yüksək rütbəli məmurların bəzilərinə xəbərdarlıq edilir.

Məsələnin ən qəribə tərəfi odur ki, “Dostluq” parkındakı villaların sahiblərinin ad-soyadları hələ də ictimaiyyətə açıqlanmır. Onlarla ev söküldü, amma buna 5 nəfərin etiraz bildirməsinin şahidi olmadıq. Bu mübhəmlik istər-istəməz işin içində iş olduğuna dair şübhələrin yaranmasına səbəb olur. Sanki “Dosqluq” parkındakı yaşayış massivini yad planetdən gələn məxluqlar salıb. Milyonlarla manat qiyməti olan villaları paralel dünyalardakı canlılar inşa edib. Görünür, “Dostluq” parkındakı villalarla, onların sahibləri ilə düşmənçiliyin ciddi səbəbi var. Ona qalsa Bakıda o qədər qanunsuz yaşayış massivləri var ki... 40-50 illik yaşıllıqları məhv edib ərazisini satan icra başçıları, bələdiyyə sədrləri cəzalandırılmayıb. Görünür, Tərlan Hüseynovun həbsi məsələnin çox da ictimailəşməsinin qarşısını almaq üçün nəzərdə tutulub. (musavat.com)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.