Şeyxülislam Gəncəyə gedib dindarlarla görüş keçirdi

18-07-2018, 08:28           
Şeyxülislam Gəncəyə gedib dindarlarla görüş keçirdi
QMİ sədri: “Bu hadisələr bizi çox məyus etdi”
İyulun 17-də Gəncə şəhərində yerləşən İmamzadə Dini Kompleksində din xadimlərinin müşavirəsi keçirilib. Müşavirədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, din xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

“Report” agentliyinin məlumatına görə, müşavirədə çıxış edən Şeyxülislam bildirib ki, Gəncə hadisələri düşünülmüş şəkildə ölkədəki sabitliyi, əmin-amanlığı pozmaq, dövlətə və dövlət xadimlərinə qarşı təxribatdır. Şeyx bildirib ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə açılan atəş dövlətçiliyə açılan atəş olub: “İyulun 10-da isə insanların keşiyində dayanan iki polisimizin şəhid olması bir daha göstərir ki, bu, məqsədyönlü şəkildə aparılan bir siyasət olub. Bunun arxasında Azərbaycanda iğtişaş törədilməsi məqsədini güdən, Azərbaycanın inkişafını istəməyən qüvvələr durur. Mən dindarlarımızdan, din xadimlərimizdən çox razıyam. Onların hamısı bu məsələni pislədi”.

QMİ sədri qeyd edib ki, təxribatın törədilməsində qonşu dövlətlərin, xüsusən də Ermənistanın, onların yoldaşlarının, əlaltılarının və köməkçilərinin əli var. O bildirib ki, Ermənistan katolikosu özü ermənilərin Azərbaycana qarşı təxribat törətdiklərini etiraf edib: “Mən sonuncu dəfə Qaraginlə görüşəndə ona dedim ki, axı siz niyə bizə qarşı bu qədər təxribatlar edirsiniz? O da mənə dedi ki, siz çox inkişaf etmisiz, güclü dövlətsiz, boynuna aldı ki, mən də Azərbaycana qarşı təxribatlar aparıram. Əgər Qaragin bunu mənim üzümə deyirsə, deməli, bu təxribatları başqalarının əli ilə də olsa edə bilər”.

A.Paşazadə bildirib ki, terrorun təşkilatçıları Azərbaycanın beynəlxalq arenada nüfuzunun yüksəlməsini, siyasi, iqtisadi və digər sahələrdə qazanılan uğurlarını gözü götürməyən qüvvələrdir. Şeyx qeyd edib ki, Gəncədə bu hadisənin baş verməsi onu məyus edib: “Gəncə həmişə bizim diqqət mərkəzimizdədir. Çünki İmam Hüseyn şəhəridir. Gəncədə baş verən sonuncu hadisələr bizi çox məyus etdi. Bu hadisələri biz terror aktı kimi qiymətləndiririk”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı də Gəncədə baş verənləri terror aktı kimi qiymətləndirib. Komitə sədri deyib ki, bu hadisəni törədənlər din pərdəsi altında öz çirkin niyyətlərini həyata keçirən cinayətkarlardır: “Bu hadisələrin ssenarisi əvvəlcədən hazırlanıb. Onların məqsədi Azərbaycanda siyasi, ictimai sabitliyi pozmaq və Azərbaycan xalqının sosial rifah halını aşağı salmaq və müstəqilliyinə xələl gətirməkdir. Lakin bu ssenarini həyata keçirmək istəyənlərin niyyəti baş tutmadı. Onlar tam iflasa uğradılar”.

M.Qurbanlı ölkə başçısının hadisələrə hüquqi, siyasi qiymət verdiyini deyib: “Bu cinayəti törədənlərin İslam dininə və müsəlmanlara heç bir aidiyyəti yoxdur. Bu cinayətkarlar Azərbaycana qarşı olan dairələrin nümayəndələridir. Bunların əməlləri cəzasız qalmayacaq və onlar ədalət məhkəməsi qarşısında mütləq cavab verəcəklər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.