Bakı sakini qardaşı oğlundan 50 min dollar alıb Qazaxıstana qaçdı - “AĞSAQQAL MƏSLƏHƏTİ”

7-09-2018, 13:06           
Bakı sakini qardaşı oğlundan 50 min dollar alıb Qazaxıstana qaçdı - “AĞSAQQAL MƏSLƏHƏTİ”
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham olunan İlham Xıdırov və Nazim Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Virtualaz.org-un xəbərinə görə, prosesdə dövlət itrihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən şəxslər onlara elan olunan ittihamla özlərini təqsirli bilməyiblər.

İttihama görə, İ.Xıdırov dələduzluq əməllərini N.Mustafayev vasitəsilə törədib. Onlar İrandan və Rusiyadan kompressor avadanlıqları gətirib satmaq adı ilə bir neçə şəxsdən külli miqdarda pul alaraq onlara qazanc verəcəklərini vəd ediblər.

Zərərçəkmiş Elxan Muradlı biznes qurmaq üçün İ.Xıdırova 610 min manat pul verdiyini, bu günə kimi də ala bilmədiyini deyib. Zərərçəkmişlərdən biri İ.Xıdırovun yaxın qohumu, doğma qardaşı oğludur. İ.Xıdırov qardaşı oğlu Elxan Xıdırovdan 50 min dollar‚ onun xalasından da eyni məbləğdə pul alıb, qaytarmayıb.

Məhkəmədə dindirilən E.Xıdırov 2004-cü ildən sahibkarlıqla məşğul olduğunu, obyektlərinin bir neçəsini icarəyə verdiyini deyib. 2015-ci ildə obyektlərindən birini icarəyə vermək istəyib, əmisini də ağsaqqal kimi özü ilə aparıb: "Əmim dedi ki‚ bu obyekti mənə ver, ayda sənə 10 min qazanc verim. Əmim olduğuna görə etibar etdim, razılaşdım. Xaricdən kompressor gətirib satacaq‚ birindən 12-14 min manat qazanc qalacağını deyirdi".

Zərərçəkmişin ifadəsinə görə, əmisi ondan 20 min dollar istəyib, o da həmin məbləği verib. Təxminən bir ay sonra deyib ki, avadanlıqlar hamısı gömrükdədir‚ malları götürmək üçün əlavə 30 min dollar da lazımdır: "O pulu da verdim‚ sonra eşitdim ki‚ əmim Qazaxıstana qaçıb. Oğlu Samirlə neçə dəfə danışdım. Gah deyirdi dəmir yolu relsi satır‚ gah deyirdi soğan işinə girişib. Hər dəfə də məni aldadırdı. Əmim burda bir neçə nəfərdən də pul alıb. Qazaxıstana 400 min manatla getmişdi. Pulumu geri istəyəndə ailəsi mənə şər atmağa başladı. Nənəmi də öyrətmişdilər. Əmim xalamdan da iş qurmaq adı ilə pul alıb. Oğlu Samir də bu işin içindədir.

Əmim burda olanda Rusiyadan bir neçə kompressor gətirtmişdi. O qaçandan sonra ziyanın bir hissəsi ödənsin deyə onları satmaq istədim. Lakin məlum oldu ki‚ bu avadanlıq istismar müddətini başa vurduğu üçün indi onları işlətmək xeyir yox‚ ziyan verir. Bu kompressorlar neft sənayesində istifadə olunur‚ təzyiqlə nefti quyudan çölə vurur. Bir sözlə, yararsız halda olduğuna görə sata da bilmədik".

Məhkəmə prosesi sentyabrın 11-də davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən N.Mustafayev barəsində həbs qərarı verilməyib, azadlıqdadır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.