Toppuş-toppuş yalanlar

1-10-2018, 09:51           
Toppuş-toppuş yalanlar
“Toppuş bacı” ləqəbi ilə tanınan aktrisa Tünzalə Əliyevanın pulyığma kampaniyası cəmiyyət olaraq bizə bir neçə həqiqətləri xatırlatdı. Birincisi və ən önəmlisi, hətta şou biznes dünyasında at oynadanlar, xına mərasimləri aparıb, teleşoularda, seriallarda boy göstərənlərin də ciddi maliyyə problemləri varmış. Yəni, bu kəsim də bir əli yağda, bir əli balda yaşamırmış. İkincisi, onlar istədikləri vaxt efirə çıxıb, xalqın duyğuları ilə oynaya, onu özünə sponsor edə bilirmiş. Üçüncüsü, bizi hələ də aldatmaq, türklər demiş, duyğu sömürüsünün qurbanı etmək olarmış. Məni daha çox üçüncü yazdığım ağrıdır. Biz ki, yolda-izdə hər saniyə dilənçi toruna düşməyən camaatıq. Biz ki, “qardaş, Sumqayıta getməyə 2 manat pul ver, pulqabımı itirmişəm” yalanlarını adlamış millətik. Xəstələr üçün neçə-neçə pulyığma aksiyalarının dələduz projesi olduğunu oxumuşuq, izləmişik. O zaman nədir bu rəhmdillik, sadəlövh humanizm?

Aktrisa ilk gündən Zaur Baxşəliyevin verilişinə çıxanda elan edildi ki, xərçəng xəstəliyinin müalicəsi üçün pul yığılır. Aktrisalar, müğənnilər qoşuldular kampaniyaya. Ara yerdə müğənni Aygün Kazımovanı didigöz elədilər ki, niyə cəmi 200 manat verib, amma Şəbnəm Tovuzlu 1000 manat? Onkologiya İnstitutunun direktoru çıxıb bu duruma “aktirsanın əməliyyatı da, müalicəsi də bitib, nə üçün pul yığır” deyə etiraz etməsəydi, gerçəyi bilməyəcəkdik. Gerçək isə o oldu ki, aktrisa ipotekada olan evi üçün 60 min manata yaxın pul yığmalıdır. Bu məbləğin 40 min manatını yığıb, qalıb 20 min manatı... Bəs niyə evi üçün pul yığır sualının cavabı isə elə özündən gəldi: “Kefim belə istəyir...”

Əsəbləriniz tarıma çəkildi sizin də? Əmrahın, Mahsun Qırmızıgülün mahnılarının sədaları altında “az sonra” anonsu verib, insanları gərginlikdə saxlayan ağlamalı sosial verilişlərdən başqa nə gözləmək olardı ki? Onsuz da gərginlikdə, sosial problemlərin məngənəsində sıxılan insanı bir də burdan yükləmək, ürəyini lap üzmək hansı psixoloji xəstəliyin göstəricisidir? Bu məmləkətdə evinin, maşınının kreditini verə bilməyən yüz minlərlə insan var. Onların hər birini xəstəlik adı ilə efirə çıxıb, tamaşaçının duyğuları ilə oynamaq olarmı? Suallar çoxdur. Amma inanın ki, insan hüquqlarına hörmət edilən ölkələrdə belə hallara qarşı köşə, ictimai qınaqla mübarizə aparılmır. İnsan duyğularının istismarı iddiası ilə məhkəməyə müraciət edilir və bunu edən şəxs cəzasını çəkir. Nə bilirik? Bəlkə o 40 min manatı yollayanların arasında boğazından, uşağının əyin-başından, istirahətindən kəsib də, “Toppuş bacı”ya yardım etmək istəyənlər olub? O zaman bunun adı istismar olmurmu?

Psixoloqlar sübut edib ki, insanlar dilənçiyə çox vaxt mənəvi rahatlıq tapmaq üçün pul verir. Pirlərə, ziyarətgahlara ödənən pullar da həmçinin, eyni məqsədə xidmət edir. Kiminsə xəstəsi var, bir başqasının işi müşgüldədir, oğlu əsgərlikdə olan, qızı xaricdə oxuyan, bacısı qızı övlad həsrəti ilə yanan.... neçə-neçə insanın ümid qapısı olur belə sədəqələr, ianələr. İnsanlar daxilən inanırlar ki, ciblərində cəmi 5 manat olsa da, onun 1 manatını dilənçiyə verməklə, bir çox bağlı qapıları açmağa nail olacaqlar. Alqış qazanacaqlar məsələn. “Allah balanı saxlasın, qazancını bol eləsin” alqışını eşitmək mənəvi təskinlik gətirəcək. Çünki pul vermədiyi halda, arxasınca bəd dua edilmə ehtimalını da hesaba alır.

Girişdə də yazdım. Biz zatən hər addımda aldadılmağa, qulağımızdan lapşaların asılmasına öyrəncəli millətik. Məsələn, necə gündür Ələt-Astara yolunun niyə pullu olmasının səbəbləri müzakirə edilirdi. Avtomobil Yolları Dövlət Agentliyi bir neçə gün öncə açıqladı ki, bəs bu yol əvvəlkindən daha rahatdır və əvvəlkindən 40 km daha qısadır, sürücülər daha az yanacaq işlədəcək. Halbuki bu yolun yenidən qurulması 20 ildir ki, müzakirə olunurdu, yararsızlığı, maşını sıradan çıxarması, enerji sərfiyyatına görə narazılıq yaradırdı. 20 il sonra arzularımızı eşitdilər. Bu məntiqlə... kim kimə pul ödəməlidir? Pul deyərkən, kompensasiyanı nəzərdə tuturam... Və ya o gün dövlət xəstəxanalarından birinə getdim, həkimin qəbulu 40 manat idi. Qəbzi almadan otağına getmək olmurdu. Özəl klinika deyildi, ölkədə də pulsuz tibbi xidmət anlayışı var guya ki. Cəmi 10 dəqiqəlik müayinənin hansı əsaslarla 40 manat olmasını mənə kimsə izah edə bilmədi. Eləcə “Toppuş bacı” kimi dedilər ki, “kefimiz belə istəyir”. Qaşlarımı çatdığımı görüb daha “demokratik” bir izahat verdilər: “Sizi məcbur etmirik, başqa yerə gedə bilərsiz”. Dərs ili təzə başlanıb, dörd-beş adda test kitabı almışıq. Yarpaq testləri, DİM testləri, namazovlar, ümumiləşdirilmiş testlər... Hərəsi minimum 6-10 manatdır. Müəllimdən soruşuram ki, bir fəndən bu qədər test kitabı nəyə lazım? Axı üstəgəl, “test pulu” adı ilə pul yığıb, məktəb testləri də etdirirsiz: KSQ (kiçik summativ qiymətləndirmə), BSQ (böyük summativ qiymətləndirmə). Deyir, “ay valideyn, kitabın kimə nə ziyanı var? Testin dördünü evdə etsin, birini məktəbdə, istəmirsizsə, almayın daaa...” Yenə həmin kef söhbəti. Bizə 100 manatlıq kitab aldırandan sonra deyirlər ki, bizim kefimiz belə istəyib, siz almayın...

Yəni, əslində “Toppuş bacı” qınanılası deyil. Bir məsəl var, “əsl bu kəndə düşəsi gəlindi” deyirlər, bacı da bizim kəndin gəlinidir. Nə artıq, nə əskik...
Sevinc TELMANQIZI
musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.