Abutalıbovdan miras qalan problemli Bakı: - Əzizov paytaxtı çoxsaylı dərdlərdən qurtara biləcək, yoxsa?

3-10-2018, 09:06           
Abutalıbovdan miras qalan problemli Bakı: - Əzizov paytaxtı çoxsaylı dərdlərdən qurtara biləcək, yoxsa?
Təsəvvür edin ki, həmin leysan noyabrda, havaların kəskin soyuduğu, gün işartısına ümid bəsləmədiyimiz günlərdə yağaydı, Bakının sel altında qalan küçələrindəki insanların vəziyyəti necə olardı? İlk sıqnal paytaxtın böyük problemlərin cəngində çabaladığını göstərdi. Təkcə kommunal təsərrüfatlardakı çatışmazlıqlar yox, həm də çox sayda digər problemlərin cəngindəki paytaxtda çox problem var.

Qanunsuz tikililər altında “yüklənən”, park və bağları istirahət məkanından daha çox kabab, bəzən də qutab qoxulu yaşıllıqlara bənzəyən, zibilli küçələrlə turistlərə mesaj verən, nəqliyyat sistemi ilə sərnişinlərin əsəblərini tarıma çəkən Bakıda həllini gözləyən o qədər problem var ki, onları hələ təkcə sadalamaq xeyli zaman aparar. Hacıbala Abutalıbov özündən əvvəlki rəhbərdən nə qədər problem miras qalmışdısa, bir o qədər də problem qalaqlayıb özündən sonrakı Bakı rəhbərinə ötürdü. Həm də elə problemlər ki, onların həlli təkcə bir şəhəri əlavə yüklərdən xilas etməyəcək, həm də Bakıya əvvəlki gözəlliyini, hüzurunu qaytaracaq. Buna nail olmaq üçün paytaxtın indiki rəhbərliyinin nədən başlayacağını təxmin etmək də asan deyil, problemlər bir-birilə zəncirvari bağlıdır, birinin həlli digərinin həllindən keçir, kompleks tədbirlər üçün isə zaman, maliyyə, dözüm, iradə lazımdır. Paytaxtın hazırda faktiki rəhbəri, icra başçısının birinci müavini vəzifəsinin həvalə olunduğu Eldar Əzizovu qarşıda çox çətin sınaq gözləyir. Onun nəyi və necə edəcəyini izləyən paytaxtın milyonlarla sakini son yağışda yaşanan çətinliklərə səbr edti və fakitiki başçını nə sosial şəbəkə, nə media hədəfə aldı. Çünki hamı anlayırdı ki, bu problemlərin yaranmasında Əzizov hansısa formada günah daşımır və illərin problemini bir aya həll etmək müşkül görünən nəsnədir. Üstəlik, bu problemlər sələfdən, hətta sələfin sələfindən də qalan “xatirə” və ya “miras”dırsa...

Ona görə də həm paytaxt sakinləri, həm də sosial medai hadisəyə səbrlə yanaşdı və anlayışla qəbul etdi ki, bir neçə gün əvvəl baş verən leysan sınağından çıxa bilməyən paytaxt üçün qısa müddətdə böyük dəyişiklik gözləmək qeyri-realdır. Zaman isə müasir dünyada hər şeydən öndə gəlir və qiymətlidir. Problemlər bir anda yaranmadığı kimi, bir anda həllinin mümkünlüyünü gözləmək olmaz, amma bu dəfə də gözləməyə üstünlük verilsə, paytaxtın artan problemlərindən heç də ümidli danışa bilməyəcəyik.

Hansı birini sadalayaq? Arasında bir təcili yardım və ya yanğınsöndürənin girə biləcəyi qədər məsafə buraxılmayan “göydələn”ləri? İllərdir müzakirəsi bitməyən baş planı? Yaşıllıqların bir gecədə “soyqırıma” məruz qalaraq yerini “könüllü” olaraq hansısa obyektə təhvil verməsini? Küçələri bəzəyən əcnəbi dildəki reklam və elanları? Restoran və kafelərin parkları zəbt etməklə kifayətlənməyib səkiyə qurduqları çətirləri?

Bakını bürüyən toz-duman içində özünü açıqca bəlli edən kabab qoxusunu?

Qiyməti artırılsa da, keyfiyyəti yaxşılaşdırılmayan ictimai nəqliyyatı?

İlk qar dənəcəyində sürüşkən təhlükəli səkiləri?

Az qala hər mövsümdə sökülüb yenidən yığılan və son nəticədə yenə də bərbad qalan küçələri?

Kanalizasiya xəttini çəkəndən sonra “unudulan” su borusunu?

Su borusunu yeniləyəndən sonra ağzı bağlanan kanalizasiya xəttini?

Bakının illərlə “yüklənməsini” nəzərə almadan, hündürmərtəbəli binaları 2-3 evin tələbatını ödəyəcək boyda kommunikasiya xətti ilə işini “yola verən” tikinti maqnatlarını?

Daha nələri, nələri...

Göründüyü kimi, Bakının yeni rəhbərliyində təmsil olunanların (indiki halda Eldar Əzizovun - müəl. ) işi heç də asan olmayacaq. Təbii ki, Gəncə və Sumqayıt kimi böyük şəhərlərdəki idarəçilik təcrübəsi Eldar Əzizova ona olan etimadı doğrultması üçün müəyyən kömək edəcək. Amma Bakının bu iki şəhərdən seçilən spesifik xüsusiyyətləri də var ki, burada Əzizovun köməyinə təcrübə ilə yanaşı, həm də şəxsi istək çatacaq. Şəxsi istək deyəndə ağlıma nədənsə Hacıbala Abutlıbovun “Mən Bakını tikə-tikə sevirəm, sevə-sevə tikirəm” deməsi gəlir. Təbii ki, Bakını gözəlləşdirmək, dövlətin bu qədər xərc çəkməsini və paytaxt statusuna uyğun infrastruktur yaratmaq, təkcə zahiri gözəlliyi ilə yox, həm də yaşamaq üçün əlverişli şəhər halına gətirmək üçün bu “sevgi” yetərli deyildi. Abutalıbovun sevgisi Bakını tikməyə bəlkə də kifayət edirdi, amma bu tikinti şəhər əhalisi üçün problem yaratmaqdan başqa bir işə yaramırdı. Odur ki, Bakı üçün indi tikinti sevdalısı olan merdən daha çox şəhərsalma qaydalarını yaxşı mənimsəyən, ona əməl etməyi vəzifə tələbi və məsuliyyəti kimi qəbul edən birinin rəhbərliyi önəmlidir.

Bakını indiki durumdan ancaq istək, bacarıq, vəzifə məsuliyyəti və dəmir qaydalar xilas edə bilər. Bakı bu dörd ayağın üzərində dayanacaq.

Əzizov istəkli görünür, bacarığından da şübhə etmirlər, ortada uzun illərin idarəetmə təcrübəsi var. Qaydalara gəlincə, onlar kifayət qədər aydındır, qaranlıq məqamları isə hər paytaxtda olduğu kimi “baş plan” deyilən bir sənədə, qanunvericilik aktlarına (ölkədə onlarla bağlı heç bir problem yoxdur, Azərbaycan dünyanın ən yaxşı qanunlarının olduğu, amma onlara az əməl edilən ölkələrdəndir- müəll.) istinadla aradan qaldırmaq olar. O ki qaldı vəzifə məsuliyyətinə, bunu yaratmaq üçün Əzizovun əlində daşdan keçən sənəd- Prezidentin etimadı var. Qalır Bakının bu dörd ayağın üstündə dayanmasını təmin etmək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.