Moldovada prezident seçkilərini müşahidə etmək məqsədilə Azərbaycan Milli Məclisinin deputatlarının Moldovaya səfəri baş tutub.
31-10-2020, 07:06
Teref.az: Oktyabrın 30-da ölkəmizin Moldovadakı səfiri Qüdsü Osmanovun müşayiəti ilə MDB Parlament Assambleyasının müşahidəçilər qrupunun rəhbəri, Milli Məclisin Sədrinin müavini Adil Əliyev, üzvləri Sabir Hacıyev, Rüfət Quliyev və Aydın Cəfərov Moldovanın Qaqauziya Muxtar Ərazisinə səfər edərək burada yaradılmış seçki məntəqələrinə baş çəkib və səfər çərçivəsində Qaqauziya başqanı İrina Vlax və Qaqauziya Xalq Məclisinin sədri Vladimir Kıssa ilə görüşüb.
İrina Vlax görüşdə bildirib ki, Qaqauziyada seçki məntəqələri səsverməyə tam hazırdır, məntəqələrdə seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq şərait yaradılıb. “Biz çox şadıq ki, beynəlxalq müşahidəçilər Qaqauziyada yaradılan seçki mühiti ilə tanış olurlar”, deyə İrina Vlax əlavə edib.
İrina Vlax, həmçinin bildirib ki, Azərbaycan Qaqauziyada bir sıra sosial layihələr həyata keçirib və bu gün də bi siyasət davam etdirilir. Prezident İlham Əliyevin tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən Çadır-Lunqa şəhərində mədəniyyət və təhsil mərkəzi inşa olunur. Qaqauziya başqanı göstərdikləri dəstəyə görə, Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürünü bildirib.
Sonra MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitriy Kobiçkiyin iştirakı ilə millət vəkilləri Komrat şəhərində yerləşən Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb. Milli Məclisin Sədr müavini Adil Əliyev ümummilli liderin Azərbaycanın dövlətçilik tarixindəki müstəsna yerindən söhbət açıb, öz növbəsində, D.Kobiçkiy ulu öndər Heydər Əliyevin Azərbaycan-Rusiya münasibətlərinin inkişafındakı əvəzsiz rolundan danışıb.
Bundan əlavə, millət vəkillərimiz Qaqauziyada təhsil alan azərbaycanlı tələbələr ilə görüşüb, gəclərimiz bu çətin günlərdə Azərbaycan xalqına və ordumuza dəstək olmaq məqsədilə Ali Baş Komandanın çağırışı ilə orduda xidmət göstərməyə hazır olduqlarını bildirib, bununla bağlı səfirliyimizə çoxsaylı məktublar göndərdiklərini dilə gətirib.
Deputat A.Əliyev vətənpərvər gənclərimizə təşəbbüslərinə görə təşəkkür edərək, yaxşı təhsil almağı tövsiyə edib, onların əsas vəzifəsinin Azərbaycan həqiqətlərinin Moldova ictimaiyyətinə çatdırılması olduğunu bildirib və gələcək fəaliyyətlərində uğurlar arzu edib.
Azərbaycanın Moldovadakı Səfirliyi