Nəsimi rayonunda "İslam Həmrəyliyi" ili çərçivəsində " Bizi birləşdirən milli mənəvi dəyərlərimiz" mövzusunda tədbir keçirilmişdir
24-06-2017, 15:56
teref.az - Nəsimi rayonunda İslam dünyasının ən şəfqətli və müqəddəs ayı olan Ramazan ayında iftar süfrələrinin təşkili ənənəvi hal almışdır.
Növbəti tədbirlərdən biri də 23 iyun 2017-ci il tarixdə rayonun 3-ci mikrorayon ərazisində yerləşən «Qold Baku» şadlıq sarayında rayon rəhbərliyi və ictimaiyyətinin, rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələrinin, rayon ərazisində yaşayan Qarabağ müharibəsi veteranları, əlliləri, şəhid ailələri, 20 Yanvar və Çernobıl əlilləri və aztəminatlı ailələrin - iştirakı ilə keçirilmişdir.
İftar mərasimi rayonda fəaliyyət göstərən dini icmaların rəhbərləri tərəfindən Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlamışdır. “Məşədi Dadaş” məscidinin dini icmasının rəhbəri Hacı Şahin Həsənov müqəddəs kitabımız olan «Qurani Kərim»in bizə nazil olduğu bu ayın fəzilətindən danışmış, süfrə açılmasında əməyi olan hər bir şəxsə öz minnətdarlıqlarını çatdrmışlar.
Mərasimdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov mübarək Ramazan ayı münasibəti ilə iftar mərasimində iştirak edənləri salamlayaraq qeyd etdi ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Azərbaycanda və eləcə də Nəsimi rayonunda açılan bu iftar süfrələri ölkəmizdə ənənəvi tolerantlığı nümayiş etdirir. Asif Əsgərov ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın Ulu öndər Heydər Əliyev tərəfindən təməlinin qoyulduğunu və bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyini vurğulamış, ölkə başçısının apardığı siyasət nəticəsində Azərbaycanda tolerantlıq ənənələrinin daha da möhkəmlənməsindən, bir çox məscid və dini ibadət yerlərinin əsaslı təmir olunmasından danışaraq bildirdi ki, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni dəyərlərinin qorunması dövlət siyasətinin əsas prioritetlərindən biridir.
Asif Əsgərov bildirdi ki, Mehriban xanım Əliyevanın azərbaycançılıq naminə, milli, mənəvi irsimizin qorunması istiqamətində, ölkə daxilində və xaricində uğurlu fəaliyyəti göz qabağındadır. Azərbaycanda milli mənəvi dəyərlərimiz günü-gündən inkişaf edir. Məscidlər, ziyarətgahlar və sinaqoqlar tikilərək və ya bərpa olunaraq dindarların istifadəsinə verilir. Ümumilli lider, Ulu öndər Heydər Əliyevin adını daşıyan Fond yarandığı vaxtdan bü günə kimi milli-mənəvi dəyərlərimizin qorunmasına xüsusi önəm verir.
Tədbirdə iştirak edənlər Azərbaycanın bu günkü sabitliyi, inkişafı və qüdrətlənməsi yolunda yorulmadan çalışan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.