ASAN-a yeni rəhbər təyin edildi
25-08-2015, 20:02

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində yeni təyinat olub. Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən Report-un sorğusuna cavab olaraq bildirilib ki, Agentliyin 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin direktoru vəzifəsinə Adil Qasımov təyin edilib. Adil Qasımov artıq vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, Qasımov Adil Nazim oğlu 1979-cu ildə Bakı şəhərində anadan olub. 1993-1996-cı illər ərzində Türkiyə “Balıkesir texnik hazırlama okulu”nda rabitəçi gizir ixtisasında təhsil alıb, 1996-1997-ci illərdə Türkiyə “Ankara astsubay hazırlama okulu”nda rabitəçi gizir ixtisasını davam etdirib. 1998-2003-cü illər ərzində Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyat ixtisası üzrə təhsil alıb. 2003-2008-ci illərdə Maidə kiçik müəssisəsində mühasib vəzifəsini yerinə yetirib. 2008-2013-cü illərdə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft kəmərləri idarəsində əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində çalışıb. Xatırladaq ki, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 5 saylı Bakı “ASAN xidmət” mərkəzi iyulun 14-də açılıb. Mərkəz Bakı şəhərinin Nizami rayonu Heydər Əliyev prospekti 115-də yerləşir.