Ukrayna “Normand dördlüyü” formatında görüşə hazırlaşır
9-09-2020, 08:29

Kiyev “Normand dördlüyü”nün görüşündə ATƏT nümayəndələrinin Ukraynanın hakimiyyət orqanlarına tabe olmayan Donbas ərazisinə maneəsiz buraxılması məsələsini qaldırmaq niyyətindədir. Belə bir bəyanatla Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba çıxış edib.
Kuleba UNN agentliyinə müsahibəsində bildirib: “Söhbət ATƏT təmsilçilərinin işğal altındakı ərazilərə buraxılmasından gedir. Çünki Rusiya tərəfi buraya girişi məhdudlaşdırıb. Ancaq hər yerdə iri hərflərlə yazılıb ki, ATƏT-in maneəsiz, sorğu-sualsız daxil olmaq hüququ var. Əslində isə belə bir giriş yoxdur. Ona görə də bu, bizim müzakirəyə çıxaracağımız məsələlərdən biri olacaq”.
Bundan bir qədər əvvəl Ukrayna XİN başçısı bəyan etmişdi ki, Almaniya və Fransanın xarici işlər nazirləri sentyabrda “Normand dördlüyü” ölkələri XİN başçılarının görüşünü keçirməyə çalışırlar, guya Rusiya XİN başçısı Sergey Lavrov da bunun əleyhinə deyil. Amma Lavrov sonradan bildirmişdi ki, XİN başçılarının “Normand dördlüyü” formatında görüşünün keçirilməsi ilə bağlı razılaşma yoxdur.
Ukraynadakı münaqişənin nizamlanması üzrə “Normand dördlüyü” 2014-cü ilin iyunundan fəaliyyət göstərir. Normandiyaya müttəfiq qoşunlarının çıxarılmasının 70 illiyi ilə bağlı bayram tədbirləri zamanı Rusiya, Ukrayna, Fransa və Almaniya ilk dəfə Donbas münaqişəsinin nizamlanması yollarını müzakirə ediblər. Həmin formatda sonuncu sammit keçən il dekabrın 9-da Parisdə keçirilmişdi. Növbəti görüşün dörd aydan sonra keçiriləcəyi gözlənilir. Son vaxtlar “Normand dördlüyü” formatında müxtəlif səviyyələrdə əməkdaşlığın perspektivləri müzakirə olunur.
BMT-nin elan etdiyi son məlumatlara görə, Ukraynanın şərqindəki münaqişədə indiyədək 13 min qurban verilib.
Paşa ƏMİRCANOV, “Xalq qəzeti”